Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 3414 boşanma halları qeydə alınıb. Bu rəqəm ötən illə müqayisədə aşağı-yuxarı oxşar olub.
Bir çox vətəndaşlar boşanma zamanı hüquqi cəhətdən çətinlik çəkir. Boşanma prosesi zamanı hara, necə müraciət edilməlidir, bunun üçün tələb olunan məbləğ nə qədərdir, boşanma necə həyata keçirilir?...
“Yeni Sabah” bildirir ki, Oxu24.com suallarla bağlı vəkil Şəms Mirzəyevaya müraciət edib. O, sayta açıqlamasında boşanmanın hüquqi yollarını və dövlət rüsumlarının məbləğini açıqlayıb.
Vəkilin sözlərinə görə, boşanma prosesi istəyən şəxs iki mərhələdən keçməlidir. Bunlar mediasiya və məhkəmə mərhələsidir. Əgər tərəflərin 18 yaşa çatmamış ortaq uşağı varsa, onlardan biri boşanmağa narazıdırsa, bu, halda boşanma birmənalı olaraq məhkəmədə baş tutmalıdır. Çünki ortada mübahisə var. Məhkəmədə boşanma ilk olaraq mediasiyadan keçməlidir.
Bu mərhələdən sonra məhkəməyə müraciət olunmalıdır. Boşanma zamanı tələb olunan ümumi dövlət rüsumu 100 AZN-dir. Təbii olaraq boşanma məsələlərində vəkilə müraciət olunmalıdır. Tələb olunan hüquqi addımlar vəkilin vasitəsi ilə atılmalıdır. Vəkilə ödənilən məbləğə gəldikdə isə, bu, rəqəm fərqli ola bilər. Adətən vəkilə ödənilən məbləğ tərəflər arasında razılaşma əsasında müəyyən edilir”,-deyə Şəms Mirzəyeva bildirib.
Bəs, məhkəmədən kənar necə boşanmaq mümkündür? Bu, hansı hallarda tətbiq olunur?
Ş. Mirzəyeva bildirib ki, bu hal tərəflərin ortaq övladı olmadıqda və aralarında boşanmaqla bağlı heç bir mübahisə, etiraz yoxdursa, boşanmaq qeydiyyat şöbəsində həyata keçirilə bilər.
Tələb olunan dövlət rüsumu isə 20 AZN-dir.
Sayt yazır ki, boşanma proseslərində iştirak üçün vəkillərə ödənilən məbləğ 500-1000 manat aralığında dəyişir.
Telegram kanalımız