Türkiyə çempionatında 12-ci tura yekun vuruldu.
''Qalatasaray''ın mövsümdəki ilk məğlubiyyətindən sonra ''Fənərbaxça''nın xal fərqini 1-ə endirmək üçün əlinə gözəl fürsət düşmüşdü. Bunun üçün evdə ''Kayserispor''u məğlub etmək tələb olunurdu ki, Domeniko Tedeskonun komandası bu vəzifənin öhdəsindən gəlməyi bacardı. Məhsuldar keçən oyunda ''sarı-lacivərdlilər'' 4:2 üstün oldular.
Nene Dorgeles Türkiyə karyerasında ilk dəfə dubl etdisə, digər qolları aktivinə Marko Asensio ilə Kərəm Aktürkoğlu yazdı. Asensio ardıcıl 4-cü superliqa oyununda ən azı 1 qolun vurulmasında yaxından iştirak etdi. Kərəm isə superliqada debüt matçına çıxdığı 2020/21-dən bu yana bu turnirdə ən çox qolun vurulmasında yaxından iştirak edən yerli futbolçudu (40 qol, 29 məhsuldar ötürmə)!
Görünən odu ki, əvvəlcə məşqçi, sonra da rəhbərlik dəyişikliyi ''Fənər''in lehinə işləyib. Tedeskonun debüt etdiyi sentyabrdan bu yana ''Fənərbaxça'' çempionatda ən çox qələbə (6) qazanan və ən çox xal (21) toplayan komandadı. ''Qalatasaray''ın uduzmasından sonra ''Fənər'' həm də yeganə məğlubiyyətsiz komanda statusunu ələ keçirdi.
İstanbul nəhəngi zirvə ilə xal fərqini minimuma endirərək bu mövsüm ilk dəfə superliqada 4 oyunluq qələbə seriyası yaxalamış oldu.
Komandanın sonuncu dəfə belə seriyası fevralda olmuşdu.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта