İmişlidə doğuş zamanı ölən qadının ölüm səbəbi açıqlanıb.
Bu barədə Moderator.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Noyabrın 9-u saat 16:30-da 1983-cü il təvəllüdlü qadın 39-40 həftəlik hamiləlik diaqnozu ilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Zəruri tibbi yardım göstərildikdən sonra o, Ginekologiya və doğum şöbəsinə yerləşdirilərək doğuş prosesinə cəlb olunub.
Lakin doğuş prosesi başlamazdan əvvəl hamilədə arterial təzyiqin anidən yüksəlməsi müşahidə edilib.
Zəruri instrumental-diaqnostik müayinələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 17:40 radələrində hamilənin və dölün bioloji ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib.
Qeyd edək ki, qadın hamiləliyin 18, 22 və 35-ci həftəliyində həkim müayinəsində olub və hamiləlik dövründə heç bir patologiya müşahidə edilməyib", - məlumatda qeyd olunub.