RU

Prezidentin Ordumuzla bağlı açıqlaması – Hərbi xidmət müddəti azaldılacaq?

Ötən gün keçirilən tarixi hərbi paradda nümayiş olunan silahlar, eləcə də Silahlı Qüvvələrimizin şəxsi heyətinin daha da sistemləşdirilməsi xüsusi diqqət çəkib. Bildirilir ki, Vətən müharibəsindən sonra aviasiyamız gücləndirilib, həmçinin “İce breaker” və bu kimi supersonik raketlər, artilleriya qurğuları ilə ordumuzun arsenalı zənginləşdirilib. Bununla yanaşı, Azərbaycan ordusunda Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) sayı kəskin artırılıb. Təkcə ötən gün parad zamanı meydanda təxminən 4000 XTQ üzvü var idi. Bu, həmin qüvvələrin yalnız kiçik bir hissəsidir.

Busaat.az bildirir ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etsə də, regionda və dünyada gedən proseslərə qarşı mümkün risklər fonunda hər keçən gün ordusunu gücləndirir. Xüsusən Prezident İlham Əliyevin bir qədər əvvəl dediyi “Azərbaycan ordusu NATO standartları ilə formalaşır” fikri bu baxımdan maraq doğurur.

Globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmməd deyib ki, 44 günlük Vətən müharibəsində qazanılan qələbə və uğurlu antiterror əməliyyatlarından sonra Azərbaycan rəsmi şəkildə ordunun Türkiyənin “kiçik ordu modeli”nə keçəcəyini bəyan edib:

“Azərbaycan ordusunun Türkiyə modelinə keçidi, eyni zamanda NATO standartlarına uyğunlaşma anlamına gəlir. Ordumuzun NATO prinsipləri əsasında formalaşması çox müsbət haldır. Lakin bu mərhələdə hələ bütün texnikanın həmin standartlara uyğun silahlarla təchiz olunduğunu demək tezdir. NATO standartları dedikdə əsasən silahlanma və texniki təminat nəzərdə tutulur.

Azərbaycan müxtəlif ölkələrdən fərqli tipli hərbi texnikalar alır.

Son illərdə Çindən hava hücumundan müdafiə sistemləri, İsraildən müxtəlif növ silahlar, eləcə də Türkiyə, Slovakiya və Çexiyadan texnikalar alınıb. Görünür ki, Azərbaycan ən müasir və effektiv silah sistemlərini seçməyə çalışır. Tam şəkildə NATO standartlarına keçid üçün vaxt lazımdır. Çünki hava hücumundan müdafiə sistemlərimiz müxtəlif ölkələrdən tədarük olunub – Rusiyadan “S-300” kompleksləri, Belarus, İsrail və Çin istehsalı olan texnikalar mövcuddur”.

Ekspert vurğulayıb ki, Azərbaycan hava hücumundan müdafiə sistemi kimi “Patriot” almayacaq:

“Amma buna uyğun ən yaxşı alternativ texnologiyalar əldə olunur. Bu da ordumuzun daha da inkişafına gətirib çıxaracaq. Son paradlarda nümayiş etdirilən yeni silahlar arasında “DİTA” haubitsaları, “NORA”, HQ-9B, A2-AD və digər müasir sistemlər yer alıb. Bunlar öz nəsillərinin ən güclü nümunələridir.

Ordunun NATO standartlarına uyğunlaşdırılması təkcə silahlanma ilə məhdudlaşmır, eyni zamanda idarəetmə, təlim və hərbi düşüncə sistemində də keyfiyyətcə yeni mərhələnin əsasını qoyur”.

Səxavət Məmməd həmçinin Azərbaycanda hərbi xidmət müddətinin azaldılması ilə bağlı müzakirələrə də münasibət bildirib:

“Bu, hələ ki gözlənilmir. Çünki hələ sülh müqaviləsi bağlanmayıb. Əgər bu olacaqsa da, 2030-cu ildən sonra nəzərdə tutula bilər. Müdafiə xərclərinin mərhələli şəkildə azaldılması 2030-cu ilə qədər baş verəcək”.

Избранный
29
5
busaat.az

6Источники