RU

Azərbaycanın dövlət müstəqilliyinin ali sənədi

Müasir Azərbaycan Respublikası mövcudiyyətinin ilk illərində böyük çətinliklərlə, idarəolunmaz vəziyyət səbəbindən hətta müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdi. Ermənistanın təcavüzünün geniş miqyas alması fonunda iqtisadiyyat, siyasət və digər sahələrdə ciddi böhran yaşandı. Yaranmış durğunluğa ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Bakıya qayıtması və Azərbaycan Ali Sovetinin sədri seçilməsi son qoydu, gələcəyə ümid yaratdı.

Heydər Əliyev şəxsiyyətinin hakimiyyətə qayıdışından sonra dövlətçiliyin konsepsiyası işlənib hazırlanmış, milli ideologiya halına gəlmişdi. Ulu öndər artıq tarixin arxivinə göndərilmiş Ermənistan, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli kimi mühüm məsələ ilə bağlı əhəmiyyətli addımlar atdı. Nəticədə 1994-cü ilin mayında Ermənistanla atəşkəs əldə edildi. Həmin ilin sentyabrında isə Xəzər dənizinin zəngin neft-qaz strukturlarının işlənməsi ilə bağlı “Əsrin müqaviləsi” tarixi sənədi imzalandı.

Tədricən formalaşmaqda olan sabitlik mühiti ölkə qanunvericiliyinin təkmilləşdirilməsinə də imkan verdi. Beləliklə, Azərbaycan Konstitusiyasının işlənib hazırlanması istiqamətində işlərə başlanıldı. Qısa zamanda həyata keçirilmiş bu fəaliyət tez bir zamanda yekunlaşdı. 1995-ci ilin noyabrında müəllifi Ümummilli lider Heydər Əliyev olan Azərbaycanın yeni Konstitusiyası qəbul edildi.

Heydər Əliyev “azərbaycançılıq” konsepsiyasını dövlətin bütövlüyünü qoruyan ideoloji-praktik paradiqma kimi həyata keçirdi. Konstitusiyamız da bunu rəhbər tutdu və yeni dövlət ideyasının siyasi birliyini və sosial legitimliyini təsdiqlədi. Əsas Qanun hazırlanarkən, ümumbəşəri dəyərlər və hüquqi dövlət ənənələri nəzərə alınmaqla yanaşı, bu ideyaların müasir inkişaf meyilləri Azərbaycan milli maraqları əsasında formalaşdırılmış, dövlətçilik ənənələri və milli-mənəvi dəyərlərlə zənginləşdirdi. Konstitusiyamız ölkəmizin gələcək inkişafının konseptual əsaslarını və prioritetlərini müəyyənləşdirdi, habelə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu üçün möhkəm hüquqi əsas yaratdı.

Ulu öndər 1995-ci il noyabrın 10-da Konstitusiya layihəsi üzrə komissiyanın son iclasında vurğulamışdır: “Bu sənədin hazırlanmasına böyük məsuliyyət hissi ilə yanaşmışam. Komissiyanın sədri kimi daim şəxsi məsuliyyətimi dərk etmişəm və bu gün də dərk edirəm. Ona görə də hazırlanmasına çox vaxt sərf etmişəm. Düzdür, çox gərgin çalışmışam. Hər bir ifadənin, hər sözün mənasını dəfələrlə öyrənmiş, onların indiki və gələcək üçün nə dərəcədə əsaslı olduğunu təhlil etmişəm. Bu layihəni böyük məmnuniyyət hissi ilə imzalayıram və bu gün onun üçün tam məsuliyyət daşıdığımı bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycan üçün – indiki və gələcək üçün çox böyük siyasi və hüquqi sənəd yaratmışıq”.

Bəli, Konstitusiyamız dövlət quruculuğuna dair müasir doktrinal yanaşmalar əsasında, ölkəmizdə siyasi, iqtisadi və sosial münasibətlərin əsas prinsiplərini və müddəalarını müəyyən edir. Sənədin hüquqi fəlsəfəsinin təməli, bütün normalarının və müddəalarının əsası demokratik, hüquqi, sosial dövlət ideyasıdır; insan, onun hüquq və azadlıqları ən ali dəyər hesab olunur. Bütün hüquqi və demokratik dövlətlərdə də belədir. Əsas Qanun hüquqi sistemin təməlini təşkil edir, siyasi sabitliyin, ictimai sülhün və bəzən milli barışığın təminatçısı missiyasını daşıyır. Tam əminliklə deyə bilərik ki, 1995-ci il Konstitusiyası genişmiqyaslı islahatlar vasitəsilə Azərbaycanın bütün sahələrdə tərəqqisinin təminatçısı olmuşdur.

Azərbaycan Konstitusiyasında müasir sivilizasiyalaşmış cəmiyyətlərin inkişaf istiqamətlərini müəyyən edən irəliləyişçi ideyalar və dəyərlər geniş əks olunmuşdur. Onlardan xüsusi önəm daşıyanlar: insanın şəxsiyyətinə və ləyaqətinə hörmət, dövlət orqanlarının demokratik qaydada formalaşdırılması, insan hüquqlarının qorunması üçün effektiv mexanizmlərin mövcudluğu, siyasi sistemdə plüralizmin təmin olunması, sosial ədalətin əldə edilməsi, ümumbəşəri dəyərlərə sadiqlik, milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması və digər prinsiplərdir.

Konstitusiya xalq hakimiyyətini Azərbaycan Konstitusiyasının mühüm əsası kimi elan edir, Azərbaycan xalqını dövlət hakimiyyətinin yeganə mənbəyi hesab edir, xalqın suveren hüququ kimi öz taleyini sərbəst və müstəqil şəkildə müəyyənləşdirməsini və dövlət formasını təsis etməsini təsbit edir. Əsas qanuna görə, xalqın birliyi dövlətimizin təməlində dayanır və Azərbaycan Respublikası vətəndaşların ümumi və bölünməz vətənidir.

Yeni Konstitusiyanın qəbulu xalqımızın həyatında baş verən köklü dəyişikliklərlə bağlı idi. Nəzərə alaq ki, müdrik dövlət siyasəti sayəsində ölkədə ayrı-ayrı millətlərin sərbəst yaşaması və müxtəlif din və mədəniyyətlərin harmonik şəkildə birgə mövcudluğu üçün bütün zəruri şərait yaradılmışdır. Buna görə Azərbaycan dünya miqyasında yalnız neft və qaz ixrac edən ölkə kimi deyil, həm də dözümlülük və multikulturalizm dəyərlərini ixrac edən ölkə kimi tanınır. Bu model əsrlərdir humanizm və ümumbəşəri dəyərlərə əsaslanır və sosial sabitliyin təməlidir.

Konstitusiyada ölkənin bütövlüyünün qorunması, hakimiyyətin bölünməsi, dövlət hakimiyyətinin daxili işlərdə yalnız hüquqla, xarici işlərdə isə yalnız Azərbaycan Respublikası tərəfindən imzalanmış beynəlxalq müqavilələrin müddəaları ilə məhdudlaşdırılması, siyasi plüralizmin təmin olunması, beynəlxalq hüququn milli qanunvericilik üzərində üstünlüyü (Azərbaycan Konstitusiyası və referendum yolu ilə qəbul edilmiş aktlar istisna olmaqla) kimi mühüm prinsiplər təsbit edilmişdir.

Konstitusiyanın əsas hüquqi xüsusiyyətlərindən biri onun stabilliyidir. Sənəd uzunmüddətli fəaliyyət üçün nəzərdə tutulmuş sabit məzmunlu aktdır. Konstitusiyanın sabitliyi ölkədə qanunçuluğun, dövlət hakimiyyətinin təşkili və həyata keçirilməsinin, fərd, dövlət və cəmiyyət münasibətlərinin sabitliyinin əsas şərtidir.

30 illik tarixində Azərbaycan Konstitusiyası dövlətə öz müddəalarını həyata keçirməkdə böyük təcrübə qazandırmış, sənəddə əks olunan konsepsiyaların inkişafı ilə bir çox normativ-hüquqi aktlar qəbul edilmiş, güclü sosial dövlətin, rəqabət qabiliyyətli iqtisadiyyatın qurulmasına və insan hüquqlarının qorunmasına təkan vermişdir. Ümumbəşəri dəyərlərə əsaslanan Azərbaycan Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının rifahına xidmət edir.

Otuz ilə yaxın müddətdə Azərbaycanın suveren ərazisinin təqribən iyirmi faizi Ermənistanın hərbi işğalı altında qalmışdı. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətlər nəticəsində bir milyon azərbaycanlı öz yurd-yuvasından didərgin salınmışdı. Onların fundamental insan hüquqları kobud şəkildə pozulmuşdu.

44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad etdi, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi. Hesab edirəm ki, müqəddəs Zəfərimizdə də Ulu öndərin adı ilə bağlı Heydər Əliyev Konstitusiyasının aşıladığı həmrəylik prinsiplərinin, dövlətçiliyə sədaqət ruhunun, mütəşəkkillik əzminin müstəsna rolu var.

Arif QULİYEV,
Kiyev Əqli Mülkiyyət və Hüquq Universitetinin professoru, hüquq elmləri doktoru

Избранный
49
1
xalqqazeti.az

2Источники