RU

Mütəxəssislər xəbərdarlıq edir: Hər gün yeyirik, amma bilmədiyimiz çox şey var

Deyirlər, gündə bir alma həkimi evdən uzaq tutar. Bu fikrin arxasında elmi əsaslar dayanır. Müxtəlif növlərdə yetişdirilən alma həm dadı, həm də sağlamlığa təsiri ilə fərqlənir.

"Yeni Sabah" xəbər verir ki, almanın tərkibi vitamin və minerallarla son dərəcə zəngindir: A, C, E, K vitaminləri, dəmir, maqnezium, kalsium, kalium və lif.

Qidalanma mütəxəssisi Aysel Qasımova qeyd edir ki, alma təkcə immun sistemini gücləndirmir, həm də orqanizmin təmizlənməsinə yardım edir:

“Alma orqanizmdəki toksinləri xaric edir, bağırsaq fəaliyyətini tənzimləyir və ürək-damar xəstəliklərinin qarşısının alınmasında mühüm rol oynayır.”

O vurğulayıb ki, bu meyvə gündəlik istifadə üçün ən təhlükəsiz və faydalı qida hesab olunur:

“Gündə 1-2 alma yemək qan dövranını yaxşılaşdırır, xolesterinin səviyyəsini aşağı salır və dərinin elastikliyini qoruyur.”

1. Həzm sistemini gücləndirir - Liflə zəngin olduğu üçün bağırsaqların normal fəaliyyətinə kömək edir və qəbizliyin qarşısını alır.

2. Ürək üçün faydalıdır - Antiosidantlar damarların elastikliyini qoruyur və xolesterinin yığılmasına mane olur.

3. Dəriyə gözəllik bəxş edir - C vitamini sayəsində dərinin yenilənməsini və parlaqlığını təmin edir.

4. Beyin funksiyalarını dəstəkləyir - Almanın tərkibindəki flavonoidlər yaddaşı möhkəmləndirir və Alzheimer xəstəliyinə qarşı qoruyucu təsir göstərir.

5. Çəkiyə nəzarət edir - Az kalorili və toxluq hissi yaradan bu meyvə pəhriz menyularında mühüm yer tutur.

Bütün faydalarına baxmayaraq, alma bəzən bəzi insanlarda xoşagəlməz reaksiyalar da yarada bilər. Dietoloqlar xəbərdarlıq edirlər ki, həddindən artıq miqdarda alma yemək mədə turşuluğunu artıra bilər.

“Xüsusilə turş alma növləri mədə qıcqırmasına səbəb ola bilər. Bundan başqa, çox miqdarda alma yeyildikdə diş minasına mənfi təsir göstərə və qaz, köp kimi narahatlıqlar yarada bilər.”

Ona görə də mütəxəssislər tövsiyə edir ki, alma gündə 1–2 ədəd, əsasən qabığı ilə birlikdə, lakin çox soyuq və ya çox isti halda olmadan qəbul edilsin.

Alma həm qədim təbabətdə, həm də müasir dietologiyada sağlamlığın rəmzi hesab olunur. Lakin hər bir qidanın olduğu kimi, almanın da “ölçüsü” vacibdir. Düzgün miqdarda yeyildikdə bu meyvə immun sistemini gücləndirir, dərini və orqanizmi cavan saxlayır, lakin ifrata varıldıqda bəzi xoşagəlməz təsirlər göstərə bilər.

Gündə bir alma – sağlam bədən, sağlam həyat deməkdir.

Aydan Hacı 


Telegram kanalımız
Избранный
65
yenisabah.az

1Источники