RU

Dövlət bayrağı xalqımızın qürur mənbəyidir » AzadMedia.az


Xanlar Fətiyev,
Milli Məclisin deputatı
[b][/b]

Bu gün Azərbaycanda dövlətçiliyimizi şərəfləndirən əlamətdar tarixlərdən biri – Dövlət Bayrağı Günü qeyd olunur. Prezident İlham Əliyev cənablarının 2009-cu il noyabr ayının 17 - də imzaladığı «Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilməsi haqqında» sərənəcama əsasən noyabrın 9-nun respublikamızda Dövlət Bayrağı Günü kimi təsis olunması tariximizə, rəmzlərimizə və dövlətçilik ənənələrimizə olan ehtiramın nümunəsidir.
Hər bir xalqın dövlətçiliyinin və kimliyinin əsas göstəricilərindən biri də onun dövlət bayrağıdır. Bu keçmişdə də belə olub, müasir dövrümüzdə də belədir. Bayraq xalqın öz taleyinə sahib çıxmasının, milli dünyagörüşünün, mənəvi aləminin, düşüncə tərzinin mühüm atributudur. Bu kimi dəyərləri daşıdığına görə bayraq bütün ölkələrdə əsas milli simvol kimi qəbul olunur.
Azərbaycan xalqının da bayrağı onun üçün fəxr və qürur mənbəyidir. Tarixi 1918-ci ildən başlayan üçrəngli bayrağımız xalq olaraq dövlətçilik dəyərlərimizə, tarixi azadlıq məfkurəmizə, milli-mənəvi dəyərlərimizə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
Dövlət bayrağımız ilk dəfə 107 il öncə, 1918-ci il noyabrın 9-da ucaldılıb. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının binası üzərində qaldırılan bayrağımız 1920-ci ilin aprel ayına qədər dövlət statusuna malik olub. Bayrağımızdakı mavi rəng Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng müasir cəmiyyət qurmaq istəyini, yaşıl rəng isə islam dünyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir olunur.
Məlum olduğu kimi ölkəmizdə bir çox dövlət qurumlarının yaranma günü Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır. Bu, dövlətçiliyimizin tarixi varisliyə söykəndiyini göstərən mühüm məqamdır. Üçrəngli bayrağımızın 1918-ci ildə qəbul edildiyi tarixin – noyabr ayının 9-nun Dövlət Bayrağı Günü kimi təsis edilməsi də bunu təsdiqləyir.
Sovet dövləti Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını qadağan etmişdi. Həmin illərdə üçrəngli bayrağımızdan bəhs edilməsi belə mümkün deyildi. Çünki bu bayraq müstəqilliyimizin ən böyük rəmzi, xalqımızın milli identikliyinin tərənnümçüsü idi. Lakin xalqımız müstəqillik ideyalarını və bayraq sevgisini həmişə yaşatdı. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və liderliyi ilə 1990-cı il noyabrın 17-də üçrəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasının rəsmi bayrağı kimi təsbit olunması da bunu təsdiq edir.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 1990-cı ilin iyul ayında Moskvadan vətənə gəlişi respublikamızda müstəqillik uğrunda başlanmış milli mücadiləyə güclü təkan verdi. Məhz Ulu Öndərin təşəbbüsləri ilə Naxçıvanda qəbul edilən siyasi qərarlar bu mübarizəni tamamilə yeni keyfiyyət mərhələsinə yüksəltdi. Bu qərarların sırasında üçrəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasının rəsmi bayrağı kimi təsbit olunması, Muxtar Respublikanın adından «sovet» və «sosialist» sözlərinin çıxarılması ilə bağlı qərarlar, daha sonra Naxçıvanda sovet ittifaqının saxlanılmasına dair referendumun boykot edilməsi böyük tarixi əhəmiyyətə malik olan siyasi hadisələrdir. Ulu Öndərin cəsarəti və qətiyyətinin göstəricisi olan bu qərarlar dövlətçilik tariximizin şərəfli səhifələrini təşkil edir.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi üçrəngli bayrağımızla bağlı qərar qəbul etdikdən sonra Azərbaycan SSR Ali Soveti qarşısında bayrağımızın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdı. 1991- ci il fevral ayının 5-də həmin vəsadətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək, onu yenidən Dövlət Bayrağı elan edib. Milli Məclisdə 2004-cü ildə qəbul olunan “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunla isə bu sahədə qanunvericilik bazası daha da təkmilləşdiriib. Qanuna əsasən Dövlət bayrağının istifadəsinə dair tələblər və məhdudiyyətlər müəyyən olunub.
Bu gün üçrəngli dövlət bayrağımız ən mötəbər ünvanlarda, nüfuzlu siyasi və iqtisadi platformalarda, beynəlxalq təşkilatlarda dalğalanaraq müstəqil və tarixinin ən qüdrətli Azərbaycanını əzəmətlə tərənnüm edir. İdmançılarımızın beynəlxalq yarışlarda qalib olduqları zaman bayrağımızın dalğalanması hər birimizə qürur hissi yaşadır.
Xalqımızın bayrağımıza olan sevgisi və ehtiramı həm də bir başqadır. 9 noyabr tarixinin Dövlət Bayrağı Günü kimi qeyd olunması ilə yanaşı, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamına əsasən paytaxtımızda möhtəşəm Dövlət bayrağı meydanının inşası da bu sevginin və ehtiramın nümunəsidir. 2010-cu il sentyabr ayının 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində cənab Prezident İlham Əliyev Dövlət Bayrağının xüsusi əhəmiyyətini vurğulayaraq demişdir:
“Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!”.
Bəli, cənab Prezidentin dediyi bu sözlər artıq reallaşıb, həyata vəsiqə alıb. Zəfərlə başa vurduğumuz 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərimizə səfərlər edən cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ilk olaraq Dövlət bayrağımızı ucaltdı. İndi Azərbaycan bayrağı işğaldan azad edilən ərazilərimizdə, bütün Qarabağ torpaqlarında əzəmətlə dalğalanır. Ona görə artıq 5-ci ildir ki, Azərbaycan xalqı Dövlət Bayrağı Gününü tamamilə başqa ovqatda, zəfər əhval ruhiyyəsi ilə qarşılayır və qeyd edir.
Üçrəngli Dövlət bayrağımız bundan sonra da vüqarla dalğalanacaq, hər zaman müstəqilliyimizi və milli kimliyimizi dünyaya bəyan edəcək.
Избранный
33
4
azadmedia.az

5Источники