RU

Anisa Tecpar: Möhtəşəm, gözəl şəhəriniz var, buradakı insanlar heyranedicidir!

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 9 noyabr, Anara Axundova, AZƏRTAC

Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2025) çərçivəsində keçirilən Rober Lepajın “Hamlet. Danimarka şahzadəsi” tamaşasının nümayişindən əvvəl AZƏRTAC-ın müxbiri tamaşanın prodüseri Anisa Tecpar və həmprodüseri Svetlana Dvoretskaya ilə söhbət edib.

Svetlana Dvoretskaya xatırladıb ki, “BIAF-2025”də təqdim olunan “Hamlet” Robert Lepajın ən son tamaşasıdır.

“Lepaj həyatı boyunca bir neçə “Hamlet” tamaşası səhnələşdirib: bu sıraya teatr versiyaları, həmçinin bir film versiyası daxildir. Lakin Lepaj heç vaxt rəqs layihəsi yaratmamışdı. Və bu, onun yeni əsəridir. O, çox istəyirdi ki, məhz “Hamlet”i yaratsın, çünki Hamlet obrazı onu həmişə çox maraqlandırıb. Bu gün səhnədə görəcəyiniz şey çox qeyri-adi bir janrdır - teatr və rəqs tamaşasıdır. Bu janrda çox az sənətçi işləyir”, - deyə S. Dvoretskaya vurğulayıb.

Həmsöhbətimiz festivalın bir parçası olmaqdan xoşbəxt olduqlarını bildirib.

“Çox təəssüf ki, cənab Lepaj bu dəfə gələ bilmədi, o, mütləq gələn il burada olacaq. Lakin o, bizim bura gəldiyimizə və bu tədbirin bir parçası olduğumuz üçün xoşbəxt idi. Burada möhtəşəm teatrlar çıxış edir – bunlar hamısı əməkdaşlıq etdiyimiz, festivallarda görüşdüyümüz həmkarlarımızdır. Möhtəşəm, gözəl bir şəhəriniz var, buradakı insanlar heyranedicidir! Mən əminəm ki, digər kollektivlər də buraya gəlmək istəyəcəklər. Ümid edirəm ki, biz də uzun illər bu prosesin iştirakçıları olaraq qalacağıq!” - deyə S.Dvoretskaya sözünü yekunlaşdırdı.

Məşhur kanadalı xoreoqraf və tamaşanın prodüseri Anisa Tecpar isə deyib ki, festivalın bir parçası olmaq gözəl bir təcrübədir.

“Bakıda, Azərbaycanda, bu gözəl teatrda (Azərbaycan Dövlət Akademik Musiqili Teatrında – red.), bu komanda ilə, bu tamaşaçı ilə olmaq əsl hədiyyədir! “Hamlet” çoxdan yazıldığına baxmayaraq, bu gün də aktual olan mövzuları ehtiva edir: seçim, güc, sevgi, nifrət... Və buna görə də bu, dahi Şekspirin ən heyrətamiz pyeslərindən biridir.

“Hamlet”in bu versiyasının unikallığı onun sözsüz olmasındadır - yəni tamaşa tamamilə bədən dili, rəqs, plastika və emosiyalar üzərində qurulub. Buna baxmayaraq, süjet yenə də tamaşaçılara aydın başa düşüləndir”, - deyə həmsöhbətimiz qeyd edib.

Prodüserin sözlərinə görə, komanda çox həyəcanlıdır və Azərbaycan tamaşaçılarının reaksiyasını səbirsizliklə gözləyir.

“Onların reaksiyalarını görmək, rəylərini almaq və onları nəyin təsirləndirəcəyini öyrənmək bizim üçün maraqlıdır”, - deyə Anisa Tecpar bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
59
azertag.az

1Источники