RU

Müharibə istəmirik, sülhü qorumağa isə güc və birliyimiz var

Azərbaycan, Türkiyə və Pakistan liderləri dünyaya hansı mesajları verdilər? 

Biz müharibə istəmirik, amma sülhü qorumaq üçün birliyimiz var. Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş möhtəşəm Hərbi paradda məhz bu mesaj verildi. Mesajın müəllifləri Azərbaycan, Türkiyə və Pakistan liderləri - Prezident İlham Əliyev, Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Məhəmməd Şahbaz Şərif oldu. Ali rəhbərlər səsləndirdikləri fikirlərlə Hərbi paradı dostluq və qardaşlığın növbəti təntənəli nümayiş meydanına çevirdilər. Şübhəsiz, liderlərin bir araya gəlmələrinin konkret mesaj payı da var və bu barədə söz açacağıq.  

Bəli, ilk dəfə olaraq dünənki hər üç ölkənin Silahlı Qüvvələrinin təmsilçilərinin təntənəli marşla keçidinə şahidlik etdik. “Bu gün bizim hərbi paradda Türkiyə hərbçilərinin iştirakı bizim birliyimizin növbəti təzahürüdür”. Bu fikirləri Prezident İlham Əliyev Hərbi paraddakı çıxışında bildirib. 44 günlük Vətən müharibəsi dövrünə ekskurs edən dövlətimizin başçısı onu da deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq, Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan Ordusuna öz dəstəyini göstərirdi: “Onun bizə verdiyi siyasi və mənəvi dəstək bizə güc verirdi, bizi ruhlandırırdı”. 

Vətən müharibəsində Azərbaycana Türkiyədən sonra ikinci ən böyük siyasi dəstəyi Pakistan verdi. Ona görə də ölkənin baş naziri Məhəmməd Şahbaz Şərifin “torpaqların azadlığı uğrunda mübarizədə Pakistan Azərbaycanın yanında qaya kimi dayandı və bundan sonra da belə olacaq” deməsi qürurvericidir: “Əziz qardaşım Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi altında azərbaycanlı qardaşlarım tarixin çağırışına qalxdılar. Bütün dünya Azərbaycanın şanlı Silahlı Qüvvələrinin öz əzəli torpaqlarını azad etməsinin şahidi oldu”. 

Türkiyə Prezidenti Rəcəb Tayyib ­Ərdoğanın Hərbi paraddakı çıxışda verdiyi başlıca mesaj bu idi ki, Qarabağ Zəfəri vicdanları qanadan böyük ədalətsizliyi sonlandırmaqla yanaşı, bölgədə yeni dövrün qapılarını araladı. Ən başlıcası: “Vətən müharibəsi Asiya və Avropadakı geopolitik reallıqları da dəyişdi. Biz nə kin tutarıq, nə də keçmişdəki acıların təkrar yaşanmasına icazə verərik”.

Üzərindən beş il keçdikdən sonra tam qətiyyətlə demək olar ki, Azərbaycanın Vətən müharibəsindəki qələbəsi yaşadığımız Cənubi Qafqaz coğrafiyasına tamamilə yeni reallıqlar gətirdi. Əslində, bu reallıqların anonsunu Prezident İlham Əliyevin xalqa istər 44 günlük müharibənin son günündə - 2020-ci il noyabrın 10-dakı müraciətində, istərsə də 2023-cü il sentyabrın 20-də - lokal xarakterli antiterror tədbirlərindən sonrakı müraciətində səsləndirmiş, Ermənistanı konstruktivliyə, sülhə çağırmışdı. Əlbəttə, rəsmi İrəvanın bunu anlaması üçün zamana ehtiyac duyuldu. Amma necə deyərlər, gec olsun, güc olsun. Hazırda Azərbaycan-Ermənistan sülh sazişi paraflanıb. Yəni sənəd imzalanmaya tam hazırdır. Prezident Ərdoğan isə bildirir ki, Azərbaycanın 44 günlük müharibədəki Zəfərini “Cənubi Qafqazda qalıcı sülhə gedən yolun əsası olaraq görürük”. 

Türkiyə lideri onu da deyib ki, Cənubi Qafqazda sülhün hakim olması Asiyadan Avropaya bütün bölgənin rifahına xidmət edəcək: “Xüsusilə vurğulamaq istəyirəm ki, biz davamlı sülhün əldə ediləcəyinə son dərəcə ümidliyik. İlham Əliyev qardaşımın davamlı sülhün təsisi üçün göstərdiyi səmimi səylərini təqdirlə qarşılayırıq”.

Bəli, ümumiləşdirmə apararaq, Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Bakıdakı möhtəşəm Hərbi paradda iştirakları fonunda vurğuladıqları məqamların dünyaya mesaj payı baxımından bir neçə cəhətin üzərində dayanmaq mümkündür. Birinci mesaj türk-müsəlman həmrəyliyidir. Üç ölkə lideri bu rasional və praqmatik ruhlu həmrəyliyin praktiki şəkildə mümkünlüyünü göstərdilər. Halbuki, müasir dünyamızda belə bir hala, demək olar, rast gəlinmir. Tarix boyu da müsəlman dünyasında bu cür vəhdət nümunəsi görünməyib. 

İkinci mesaj regional güc balansı ilə bağlıdır. Yəni Azərbaycan, Türkiyə və Pakistan liderləri Cənubi Qafqazda və Yaxın Şərqdə yeni güc mərkəzinin formalaşdığını göstərirlər. Türkiyə NATO üzvü və bölgədə mühüm hərbi qüvvə, Pakistan nüvə gücünə malik müsəlman ölkəsi, Azərbaycan isə enerji resursları və hərbi uğurları ilə ön planda olan dövlətdir. Onların birlikləri isə regiona maraq duyan digər oyunçulara, Cənubi Qafqazda nüfuz mübarizəsi aparan güclərə “biz buradayıq və bir-birimizin yanındayıq” xitabıdır.

Daha bir mesajdan bəhs edərkən, onu deyək ki, Bakıdakı Hərbi paradda hər üç ölkənin hərbi kontingentlərinin və texnikalarının birgə iştirakı həm də onların müdafiə və hərbi texnologiya sahəsində oturuşmuş əməkdaşlığa malik olduqlarını göstərir. Deməli, liderlərin əlamətdar gündə bir araya gəlmələri təkcə siyasi jest deyil, həmçinin real hərbi əməkdaşlıq infrastrukturunun möhkəmləndirilməsi anlamı verən hadisədir.

Sonda onu da deyək ki, Bakı səmasında dalğalanan Azərbaycan, Türkiyə və Pakistan bayraqları sadəcə bir mərasimin rəmzi deyildi. Bu mənzərə müasir beynəlxalq münasibətlər sistemində yeni güc balansının yaranmaqda olduğunun göstəricisidir. Üç qardaş ölkənin liderlərinin eyni tribuna arxasında dayanmaları dünyaya həm mənəvi, həm də siyasi baxımdan çoxşaxəli bir mesaj idi. Əminik ki, bu mesaj gələcəkdə daha fərqli nümunələr və praktiki addımlarla dolğunlaşacaqdır. 

Ə.CAHANGİROĞLU 
XQ

 

Избранный
62
xalqqazeti.az

1Источники