RU

Şuşa Şəhəri Günü: “Vətənimizdə hər zaman sülh olsun”

Zəfər Gününün 5 illiyi münasibətilə bu gün Bakıda keçirilən hərbi parad ölkə üzrə böyük coşqu ilə qeyd olunub.

2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmənin ardıcıl təxribatlarına layiqli cavab verərək torpaqlarımızı işğaldan azad edib. 

8 noyabr 2020-ci ildə isə Qarabağın tacı sayılan Şuşanın azad olunması ilə müharibənin taleyi dəyişdi və bu gün həmin möhtəşəm Zəfərin ildönümü qeyd olunur.

Zəfər paradı və Şuşanın azad olunması ilə bağlı Şuşadan olan Xalq artisti Firəngiz Mütəllimova “Cebheinfo.az”-a verdiyi açıqlamada qələbə təəssüratlarını bölüşüb:

O bildirib ki, bu gün doğrudan da tarixi bir gündür, ən gözəl gündür:

"Demək olar ki, ömrümün ən xoşbəxt anı 5 il əvvəl, "Şuşa azad olundu’" sözlərini eşitdiyim o gün idi. O vaxt necə sevinirdimsə, indi də eyni hissləri yaşayıram. Artıq 5 ildir mən bu sevinci yaşayıram”. 

Xalq artisti bu gün Zəfər Günü münasibətilə teatrda keçiriləcək tədbirdən də danışıb:

“Bu gün teatrımızda Zəfər Günü münasibətilə illərdir səhnələşdirdiyimiz İlyas Əfəndiyevin "Qarabağnamə" tamaşasını oynayacağıq. Hər zaman olduğu kimi tədbirimiz də olacaq, tamaşadan əvvəl qazilərimizə ürək sözlərimizi çatdıracağıq, onları bu böyük bayram münasibətilə təbrik edəcəyik".

Firəngiz Mütəllimova Vətən müharibəsi günlərini xatırlayaraq xalqın birliyinə diqqət çəkib:

“44 günlük Qələbədən sonra Odlar yurdu Azərbaycanın işığı sanki bütün dünyaya yayıldı. Bütün dünya bizi tanıdı. 5 il əvvəl uşaqdan böyüyə hamı bu mübarizənin içində düşmənə qarşı kimin əlindən necə gəlirsə savaşdı".

Xalq artisti bu tarixi günün onun üçün əhəmiyyətini belə ifadə edib:

“Bu gün həm Şuşanın azad olunduğu gündür, həm də Zəfər Gününün 5 illiyidir. Allah şəhidlərimizə rəhmət eləsin, Ali Baş Komandanımız başda olmaqla Ordumuzun bütün qəhrəman oğullarına can sağlığı versin. Biz bu torpaqların azadlığının canlı şahidləriyik. Bundan böyük xoşbəxtlik yoxdur. Allah Vətənimizi, dövlətimizi, Prezidentimizi qorusun. 

Qazilərimizə şəfa, əsgərlərimizə güc-qüvvət versin. 8 noyabr mənim ömrümə qırmızı xətlə yazılan ən gözəl gündür. Bütün Azərbaycan xalqını bir Şuşalı olaraq səmimi qəlbdən təbrik edirəm. Hər birinizə can sağlığı, əmin-amanlıq, bol zəfərlər arzulayıram. Vətənimizdə hər zaman sülh, birlik və xoşbəxtlik olsun. Zəfər Bayramımız mübarək!”.

Избранный
58
cebheinfo.az

1Источники