RU

Moskvada Azərbaycanın Zəfər Günü qeyd olunub  

Azərbaycanın Rusiyadakı səfirliyində Vətən müharibəsində Zəfərin 5-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Moskvada akkreditə olunmuş bir sıra diplomatik nümayəndəliklərin rəhbərləri və üzvləri, hərbi attaşelər, Rusiya və Azərbaycanın elm, təhsil, mədəniyyət və incəsənət xadimləri, Moskvadakı Azərbaycan icmasının tanınmış nümayəndələri, bu ölkənin universitetlərində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbirin açılışında çıxış edən Azərbaycan Silahlı Qüvvələrinin Rusiyadakı hərbi attaşesi polkovnik Kənan Təhməzov vurğulayıb ki, Azərbaycan xalqı 30 ildən çox müddətdə itirilmiş torpaqlarının ağrısı ilə yaşayıb, lakin bu illər ərzində səbirlə qüdrətli dövlət və güclü bir ordu qurub. O, 44 günlük Vətən müharibəsi zamanı adları cəsarət rəmzinə çevrilən minlərlə qəhrəmandan bir neçəsini xatırladıb. Polkovnik əlavə edib ki, Azərbaycan xalqı haqlı olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevlə və ölkə vətəndaşlarına, həmçinin dünyanın hər yerindəki soydaşlarımıza Qələbə sevinci bəxş edən cəsur Ordusu ilə fəxr edir.

Bayram münasibətilə tədbir iştirakçılarını təbrik edən Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev 8 Noyabr – Zəfər Gününün əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu tarixi hadisə təkcə xalqımızın deyil, həm də dostlarımız və müttəfiqlərimizin qələbəsi, habelə beynəlxalq hüquq prinsiplərinin təntənəsidir. Sözlərinə davam edən diplomat bildirib ki, bu Bayramın ən vacib dərsi odur ki, beynəlxalq hüquq prinsipləri yalnız onları həyata keçirməyə qadir və istəkli bir hərbi qüvvə tərəfindən dəstəkləndiyi təqdirdə dəyərlidir.

Diplomat son beş ildə təqribən 12 milyard dolların ayrıldığı və 2026-2029-cu illər üçün əlavə 8 milyard dollar vəsaitin yönəldilməsinin planlaşdırıldığı Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa-quruculuq və yenidənqurma işlərindən danışıb. O, azad edilmiş torpaqlarda aktiv mina təmizləmə işlərinin aparıldığını, Qarabağ və qonşu rayonlarda mina ilə çirklənmiş ərazilərin təxminən 20 faizinin artıq təmizləndiyini qeyd edib. Səfir onu da bildirib ki, keçmiş məcburi köçkünlərin Qarabağın dirçəldilmiş bölgələrinə qaytarılması prosesi davam edir və orada həm daimi, həm də müvəqqəti yaşayan əhalinin sayı artıq təxminən 60 min nəfərə çatıb.

R. Mustafayev konkret nümunələr gətirərək bildirib ki, uzun müddət davam edən münaqişənin sona çatması Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına da güclü təkan verir.

Diplomat Azərbaycan-Rusiya münasibətlərindən danışarkən vurğulayıb ki, Qarabağda münaqişənin sona çatması Bakı ilə Moskva arasında əlaqələrin yeni, daha yüksək səviyyəyə qaldırılmasına imkan verib. Rusiyanın hərbi əməliyyatların dayandırılmasında mühüm rolu və müharibədən sonrakı nizamlanma, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında fəal, konstruktiv mövqeyi müttəfiqlik münasibətlərinin formalaşmasına və 2022-ci ilin fevral ayında müvafiq Bəyannamənin imzalanmasına səbəb olub. Səfir vurğulayıb ki, Azərbaycan və Rusiya strateji tərəfdaş olaraq qalır və onların münasibətləri Cənubi Qafqaz regionunda sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsində mühüm amildir.

Sonra qonaqlara Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən tikinti, bərpa və reinteqrasiya layihələrinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Rusiyanın Əməkdar artisti Valeriya Voronanın rəhbərliyi ilə təntənəli qəbulun musiqili proqramı çərçivəsində Moskva Gənclər Kamera Orkestrinin ifasında Qarayev, Vivaldi, Qriq və başqalarının klassik əsərləri səsləndirilib. Rusiya Teatr Sənəti İnstitutunun (GİTİS) gənc sənətçiləri və tələbələri Darya Kovalenko, Nina Bataşova və Yelizaveta Sokolova Üzeyir Hacıbəylinin “Koroğlu” operasından və “Arşın Mal Alan” operettasından ariyalar ifa ediblər.

Tədbir zamanı qonaqlar, həmçinin 44 günlük Vətən müharibəsini əks etdirən fotostendlərə baxıblar.

Избранный
6
4
azerbaijan-news.az

5Источники