RU

Şirqulami Sobhani yolu gedəcək, yoxsa...

İranın Ermənistana təyin etdiyi yeni səfirdən Bakının gözləntiləri var

“Çox şadam ki, Naxçıvanın imkanları, o cümlədən iqtisadi sahədə olan potensialı ilə tanış ola bildim. Ötən 30 il ərzində İran-Azərbaycan münasibətlərinin, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə İran arasında əlaqələrin inkişafının dərinləşməsinin şahidi olmaqdan məmnunuq”.

Bu sözləri AZƏRTAC-a Naxçıvanda səfərdə olan İranın ölkəmizdə yeni təyin olunmuş səfiri Müctəba Dəmirçilu deyib.

Naxçıvanın iki ölkə arasında əlaqələrdə çox mühüm rolunun olduğunu vurğulayan diplomat hazırda muxtar respublikada həm iqtisadi, həm də digər sahələrdə böyük inkişafın əldə olunduğunu söyləyib. Azərbaycanın Qələbəsinin və işğal olunmuş torpaqların azad edilməsinin yeni imkanlar açdığını deyən diplomat sülhün, əmin-amanlığın əlaqələrimizin inkişafı üçün də geniş imkanlar yaratdığını söyləyib. Müctəba Dəmirçilu bildirib ki, bu gün bütün region bu yeni vəziyyətdən bəhrələnir. “Biz çalışmalıyıq ki, bu yeni şəraitdə yaranan imkanlardan səmərəli istifadə edib iki xalqı bir-birinə daha da yaxınlaşdıraq, iki dost və qardaş ölkənin əlaqələrini daha da dərinləşdirək”, - deyə o əlavə edib.

Bu arada İran Gürcüstan və Ermənistana da yeni səfirlər təyin edib. Ölkənin xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Əli Mocani Gürcüstanda, Xəlil Şirqulami isə Ermənistanda səfir olacaq.

Yada salaq ki, Ermənistandakı səfir Mehdi Sobhaninin diplomatik fəaliyyəti başa çatıb. Sobhani vəzifədə olduğu müddətdə Azərbaycana qarşı təxribatçı açıqlamaları ilə yadda qalıb. Bəs nədən İranın İrəvandakı səfiri Azərbaycanla bağlı adətən pis, Bakıdakı səfir isə pozitiv danışır? Şirqulami tilsimi qıra biləcək?

Deputat

Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyeva sözlərinə görə, Mehdi Sobhani İranın radikal-mühafizəkar və milliyətçi kəsiminin nümayəndəsi idi: “O, İbrahim Rəisinin dövründən İrəvanda çalışırdı. Hətta keçmiş və mərhum xarici işlər naziri Əmir Abdullahianın yaxın dostu idi. Üstəlik, yaxın qohumlarının İrandakı ermənilərlə ortaq biznesinin olduğu bildirilirdi. Digər tərəfdən, azərbaycanlılara qarşı şəxsi kinin olduğu vurğulanırdı. Şirqulami isə indiki iqtidarın təmsilçisidir. Daha çox iqtisadi təfəkkürlü diplomat kimi özünü tanıda bilib. Maraqlı nüans ondan ibarətdir ki, ”qulam" adı İranda daha çox Təbriz türklərinin istifadə etdiyi isimdir. Tarixi kökləri Səfəvilər dönəminə qədər gedib çıxır. Fikrimcə, Pezeşkian hakimiyyəti Ermənistan-Azərbaycan əlaqələrinin indiki durumunu nəzərə alaraq oraya türk kökənli hesab edilən Xəlil Şirqulamini göndərə bilər. Şirqulami daha çox Zəngəzur dəhlizi məsələsində İranın iqtisadi maraqlarını təmin etməyə fokuslanacaq. Mən belə düşünürəm. Əks təqdirdə, Tehranın bu layihədən də kənarda qalacağını yaxşı başa düşür".

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu açıqlamasında qeyd etdi ki, İranın Azərbaycan və Ermənistandakı səfirlərinin fərqli açıqlamaları İranın ənənəvi siyasətinin təzahüri idi.

Onun sözlərinə görə, mütərəqqi fikirləri ilə önə çıxan Prezident Məsud Pezeşkian hakimiyyətə gəldikdən sonra xarici siyasətdə fərqli yanaşmalar tətbiq etməyə çalışır: “Pezeşkian hesab edir ki, Tehranın ilk növbədə qonşuları, eyni zamanda Qərblə mənfi münasibətlərinin qalması və getdikcə dərinləşməsi İran üçün ciddi problemlər vəd edir. Həqiqətən də, Pezeşkianın bu yanaşması tamamilə reallığı əks etdirir. İranın Yaxın Şərqdə mövqelərini itirməsi və ciddi zərbələr alması, İsrail tərəfindən İranın imici üçün mənfi nəticələr doğuran hücumları Pezeşkianın nə qədər haqlı olduğunun göstəricisidir”.

Əli

Əli Zülfüqaroğlu 

Əli Zülfüqaroğlu əlavə edib ki, Tehranın SEPAH tərəfindən müəyyənləşdirilən mühafizəkar siyasəti İran üçün çox ciddi problemlər yaradıb. Məsələn, İsrailin yer üzündən silinəcəyi ilə bağlı mütəmadi olaraq verilən bəyanatlar, əslində Qəzza məsələsinə qədər İsrailin güclənməsinə və istər beynəlxalq ictimai rəyin onun tərəfində olmasına, istərsə də əksər dövlətlərin ona limitsiz dəstəyinə gətirib çıxarmışdı. Ən əsası isə bu siyasi xətt ABŞ-nin İsrail tərəfindən İrana qarşı birbaşa müharibəyə cəlb edilməsi ilə bağlı əsaslar yaradıb. Halbuki Tramp hökuməti ABŞ ilə müharibəyə girməyin tərəfdarı deyil və bu səbəbdən də Tehranla diplomatik kanalları açıq tutmaqla, problemləri aradan qaldırmağa və bununla da sionist lobbinin Tramp üzərində təzyiqlərini neytrallaşdırmağa çalışır. Amma SEPAH-ın mühafiəkar siyasəti buna mane olur və ABŞ-nin maraqlarına zidd olduğu halda, İsrail və ABŞ-dəki sionist lobbiyə Trampa qarşı effektiv təzyiq kartları verir. Necə ki, bunu 12 günlük İsrail-İran müharibəsi zamanı ABŞ-nin görüntü xatirinə olsa belə, İranı bombalamağa məcbur qalması zamanı müşahidə etdik".

Siyasi ekspert əlavə edib ki, İranın durumu qonşu dövlətlərlə bağlı da ənənəvi siyasi xəttin dəyişməsi ilə yanaşı, daxildə də islahatların aparılmasını zəruri edir: “Ona görə də hesab edirəm ki, diplomatların dəyişdirilməsi bu məqsədə xidmət edir. Pezeşkian çalışır ki, real vəziyyətə adekvat siyasət yürütsün. İlk növbədə qonşu dövlətlərlə münasibətlər adekvat olsun, çünki bu ilk növbədə SEPAH-ın deyil, İranın dövlət maraqlarının tələbidir. Təbii ki, bu siyasətin effektiv olması və möhkəm dayaqlara sahib olması üçün daxili islahatlar da qaçılmazdır. Sosial ədalətin bərqərar olması, idarəetmə mexanizmində dəyişiklik, prezidentin güclü dayaqlara malik oması, həmçinin Azərbaycan türklərinin hüquqlarının bərpası və digər istiqamətlərdə addımlar qaçılmazdır. Və Prezidentin timsalında bunun ilk işartıları müşahidə edilir. 

Əlbəttə, SEPAH-ın Pezeşkianın prezidentlik dönəminin ilk aylarında olduğu kimi, yenə də ona qarşı aqressiv təzyiqlər etməyə və qara piar aparmağa çalışacağı gözləniləndir. Amma hazırda Pezeşkian xalq tərəfindən sevilir və ona ictimai dəstək yüksək səviyyədədir. Bu da SEPAH-ın istər ona, istərsə də ali dini liderə qarşı təzyiqlərinin neytrallaşdırılmasına böyük ölçüdə imkan verir. Bu baxımdan hesab edirəm ki, Pezeşkian mütərəqqi ideyalarını həyata keçirməyə müvəffəq olacaq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Избранный
67
musavat.com

1Источники