RU

Azərbaycan şahmatçıları Avropa çempionatında 3 medal qazanıblar

Bakı, 8 noyabr, AZƏRTAC

Monteneqronun Budva şəhərində şahmat üzrə yeniyetmələr arasında keçirilən Avropa çempionatına yekun vurulub.

Şahmat Federasiyasından AZƏRTAC-a bildirilib ki, 48 ölkədən 1169 şahmatçının mübarizə apardığı qitə birinciliyində Azərbaycan 3 medal qazanıb.

14 yaşlı oğlanların kateqoriyasında təmsilçimiz Xaqan Əhməd 7,5 xal toplamaqla birinci yeri tutub. Qeyd edək ki, 9 turdan sonra iki şahmatçının eyni xalı yaranıb. Əlavə əmsallara görə Xaqan Əhməd yarışın 6-cı turunda məğlub etdiyi Ermənistan şahmatçısı Tiqran Ambarçumanyanı qabaqlayaraq 116 şahmatçı arasında birinci yerə layiq görülüb və Avropa çempionu titulunu əldə edib.

10 yaşlı qızların yarışında Mehriban Əhmədli 9 turda 7,5 xal toplayaraq gümüş medala layiq görülüb. 16 yaşlı qızların birinciliyində isə Məryəm Ağaverdiyeva 9 partiyada 7 xalla Avropa çempionatının bürünc medalını qazanıb.

Daha iki şahmatçımız mötəbər yarışı ilk beşlikdə bitirib. 16 yaşlı oğlanların mübarizəsində Rüstəm Rüstəmov, 8 yaşlı oğlanların yarışında isə Kənan Babasoy yekunda 2-5-ci sıraları bölüşüb.

1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan Azərbaycan komanda hesabında 48 ölkə arasında 5-ci olub.

Yarışın bağlanış mərasimində qalib və mükafatçılara medal, kubok və diplomlar verilib. 14 yaşlı oğlanların mübarizəsində qızıl medal qazanan Xaqan Əhmədin şərəfinə Monteneqroda Azərbaycanın Dövlət Himni səsləndirilib.

 

 

 

Избранный
44
10
azertag.az

10Источники