
“Swiss Dent” klinikasında ehtiyatsızlıq nəticəsində müştərinin haymer boşluğu deşilib.
AFN.az xəbər verir ki, bununla bağlı Gülnaz Quliyeva adlı feysbuk istifadəçisi məlumat paylaşıb. O, “Müştəriyəm Şikayətim Var” qrupunda yazaraq bildirib ki, klinikada keçirdiyi diş müalicəsi zamanı səhlənkarlıqla üzləşib, sonradan isə yanlış diaqnoz və geri qaytarılmayan ödəniş problemi yaranıb:
“Mart ayında 3 dişimin kanal müalicəsi və 1 dişimin çəkilməsi üçün “Swiss Dent”də ümumilikdə 330 manat ödədim. Mənimlə klinikada Gözəl adlı xanım maraqlanırdı. Elə ödəniş etdiyim gün müalicəyə başladım. Lakin klinikadan çıxdıqdan az sonra burnumdan su axmağa başladı. Evə gəldikdən sonra bu hal təkrarlandı. Növbəti gün klinikaya gedəndə bunu həkimə bildirdim. Həkim soruşdu ki, əvvəllər belə hal olubmu, mən də dedim ki, heç vaxt”.
Pasiyentin sözlərinə görə, həkimlər KT müayinəsi aparıb və bildiriblər ki, üzündə “qaymarit” olub, müalicə zamanı bu nahiyə deşilib.
“Dedilər ki, indi sizi təcili əməliyyata almalıyıq, sabah həkimin vaxtı var, gəlin əməliyyat edək. Mən şoka düşdüm, çünki həyatım boyu belə problem yaşamamışdım. Fikirləşdim ki, əgər doğrudan da qaymarit olub və su axıbsa, niyə dərhal əməliyyat vacib sayılır?”
Şikayətçi qeyd edir ki, Gözəl adlı əməkdaş israrla onu əməliyyata yazdırmaq istəyib. Daha sonra o, vəziyyəti dəqiqləşdirmək üçün müxtəlif mütəxəssislərə – LOR həkiminə, stomatoloq-cərraha və kanal müalicəsi üzrə ixtisaslaşmış digər həkimlərə müraciət edib:
“Bütün həkimlər eyni şeyi dedilər: kanal müalicəsi zamanı ehtiyatsızlıq nəticəsində haymer boşluğu deşilib. Dişə vurulan dərman burnuma axıb. Əməliyyatlıq heç nə yoxdur, sadəcə antibiotik və burun üçün dərmanlardan istifadə etmək lazımdır. 7-8 aydan sonra vəziyyətə baxılacaq, əgər iltihab olsa əməliyyat lazım olacaq”.
G.Quliyeva bundan sonra yenidən “Swiss Dent” klinikasına müraciət edib:
“Hansı əsasla məni təcili əməliyyata salmaq istəyirdiniz? Əməliyyat nəyə görə idi? deyə sual etdim. Bu dəfə klinika əməkdaşları üzrxahlıq etdilər. Mansur həkim (hansı ki, mənim dişimin müalicəsində iştirak etməmişdi) bildirdi ki, mənə səhv diaqnoz qoyulub və əməliyyata ehtiyac yoxdur. Soruşdum ki, bəs niyə məni panikaya saldılar? Gözəl xanım isə "pulunuz tam qaytarılacaq" dedi, hətta üzrxahlıq edib yalvardı. 31 mart klinikaya getdim, tanımadığım bir xanım dedi ki, biz sizə kanal müalicəsi etmişik, 140 manat çıxırıq. Dedim, 330 manatı 3 dişin müalicəsi və 1 dişin çəkilməsinə ödəmişəm, necə olur bir dişin müalicəsi 140 manat edir? Hər diş üçün ayrıca qiymət göstərmələrini tələb etdim. Çünki mənə verilən qəbzdə ümumi yazılmışdı qiymət”.
Klinika işçiləri G.Quliyevanın etdiyi ödənişin depozit olduğunu iddia ediblər:
“Halbuki ödənişin tam şəkildə aparıldığını kassada təsdiqləmişdilər. Dedim, əgər bu artıq dələduzluq səviyyəsinə çatıbsa, Azərbaycana qayıdanda şikayət edəcəyəm. Həmin gün ölkədən köçdüm deyə məsələni yazışmalarla davam etdirdim. Sonra Elnurə adlı işçi mənə zəng etdi, üzrxahlıq etdi və dedi ki, siz gələn kimi pulunuz qaytarılacaq. Lakin 22 oktyabrda ölkəyə qayıdandan sonra hər dəfə söhbəti başqa səmtə apararaq ödənişi gecikdirirlər”.
Şikayətçinin sözlərinə görə, bu hadisə ona həm maddi, həm də mənəvi zərbə vurub:
“Lakin mənim bu yazını yazmaqda məqsədim odur ki, insanlar belə hallarla üzləşməsin. Bilmirəm klinika kimindir, nəyə arxayındırlar, amma inanıram ki, qanunun aliliyi öz sözünü deyəcək”.
Qeyd edilənlərlə bağlı “Swiss Dent” klinikasının mövqeyini verməyə hazırıq.