RU

ABŞ-da Zəngəzur dəhlizi ilə bağlı daha bir mühüm addım atıldı...


Vaşinqtonda baş tutan Mərkəzi Asiya-ABŞ sammitində gözlənildiyi kimi diqqət mərkəzində yer alan məsələlərdən biri də Zəngəzur dəhlizi ilə bağlı oldu.

ABŞ Prezidenti Donald Tramp Ağ evdə Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşdə bu xüsusda qeyd edib: “Üç ay əvvəl mənim administrasiyam qonşu dövlətlər Ermənistan və Azərbaycan arasında tarixi sülh sazişinin imzalanmasına vasitəçilik edib. Bu səkkiz ayda başa vurduğumuz səkkiz müharibədən biridir. Bu tarixi razılaşma yeni Tramp marşrutunun tikintisini də ehtiva edir. Onlar ona mənim adımı verdilər. Mən bunu həqiqətən yüksək qiymətləndirirəm. Əslində bu, böyük bir razılaşma olmaqla yanaşı, beynəlxalq sülh üçün yeni Tramp marşrutudur. Bu, dünyanın iqtisadi cəhətdən vacib regionundan keçən və Xəzər dənizinin o biri tərəfində ticarət fəaliyyətini artıracaq və Mərkəzi Asiya xalqlarına kömək edəcək bir yoldur. Əminəm ki bu gün burada olan hər bir ölkə razılaşma ilə ortaya qoyduğumuz fürsəti qəbul edərək sülhün imkanlarından faydalanacaq”.

Məsələ ilə bağlı Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev da ABŞ-da mühüm açıqlamalar verib. Tokayev bildirib ki, Qazaxıstan ABŞ prezidentinin sülhməramlı təşəbbüslərini, o cümlədən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunu (TRIPP)” dəstəkləyir. Onun sözlərinə görə, TRIPP marşrutu Orta Dəhlizin gələcək inkişafına töhfə verə bilər.Mərkəzi Asiya ölkələri üçün bu marşrutun əhəmiyyəti bir neçə istiqamətdə özünü göstərir. Əvvəla, regionun okeana çıxışı olmadığı üçün iqtisadi əlaqələrdə tranzit marşrutlarının rolu həlledicidir. “Tramp marşrutu” praktik müstəviyə keçdikdən sonra Qazaxıstan, Özbəkistan, Türkmənistan kimi ölkələr Xəzər dənizi vasitəsilə Azərbaycan üzərindən Qara dəniz limanlarına və oradan Avropaya daha sürətli, təhlükəsiz və sanksiya riskindən uzaq bir ticarət yolu əldə edəcəklər. Bu, həm də onların ixrac yönümlü iqtisadiyyatlarının şaxələnməsinə və yeni bazarlara çıxışına geniş imkanlar açacaq. İkinci mühüm məqam enerji təhlükəsizliyidir. ABŞ uzun illərdir Avropa bazarının Rusiya enerji daşıyıcılarından asılılığını azaltmağa çalışır. “Tramp marşrutu” məhz bu məqsədə xidmət edən daha geniş bir enerji-logistika sisteminin komponenti kimi nəzərdə tutulur. Xəzər regionunun zəngin qaz və neft ehtiyatlarının Transxəzər və Cənubi Qafqaz marşrutları vasitəsilə Avropaya daşınması bu layihənin əsas iqtisadi dayağını təşkil edir. Bu, həm də ABŞ şirkətlərinə regionda yeni sərmayə imkanları yaradır və Vaşinqtonun enerji diplomatiyasını gücləndirir. Mərkəzi Asiya üçün bu marşrutun siyasi əhəmiyyəti də az deyil. ABŞ-ın təşəbbüsü ilə formalaşan belə bir dəhliz region ölkələrinə balanslaşdırılmış xarici siyasət yürütmək imkanı verir. Çin və Rusiya kimi böyük qonşuların təsirindən qismən uzaqlaşmaq, iqtisadi və texnoloji tərəfdaşlığı Qərb strukturları ilə genişləndirmək bu ölkələrin müstəqilliyini və qərar azadlığını artırır. ABŞ isə bu proses vasitəsilə regionda liberal iqtisadi islahatları, rəqabət mühitini və açıq bazar iqtisadiyyatını təşviq etməyə çalışır.

ABŞ üçün “Tramp marşrutu” həm də geosiyasi baxımdan böyük əhəmiyyət daşıyır. Vaşinqton üçün Asiyanın mərkəzinə iqtisadi yolla nüfuz etmək, Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə qarşı tarazlıq yaratmaq və Rusiyanın regiondakı təsirini məhdudlaşdırmaq strateji hədəflər sırasındadır. Bu baxımdan, marşrut təkcə iqtisadi layihə deyil, həm də qlobal güclər arasında təsir uğrunda rəqabətin bir hissəsidir. Azərbaycan bu marşrutda mühüm tranzit halqası kimi çıxış edir. Bakı-Tiflis-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Zəngəzur dəhlizi kimi layihələr “Tramp marşrutu”nun Qafqaz seqmentinin əsas infrastrukturunu təşkil edə bilər. Bu da ABŞ və Mərkəzi Asiya ölkələrinin maraqlarını birləşdirir, eyni zamanda Azərbaycanın geosiyasi və geoiqtisadi çəkisini artırır. Layihənin reallaşması həm də ABŞ-a Cənubi Qafqazda və Mərkəzi Asiyada daha dərin diplomatik iştirak imkanı verir. Vaşinqton artıq son illər Qazaxıstan, Özbəkistan və Azərbaycanla enerji, rəqəmsal təhlükəsizlik, nəqliyyat və gömrük sahələrində əməkdaşlığı gücləndirir. Bu, ABŞ-ın bölgədə sabitlik və iqtisadi inkişafın dəstəklənməsi məqsədini də gücləndirir. Ümumiyyətlə, “Tramp marşrutu” həm Mərkəzi Asiya ölkələri, həm də ABŞ üçün geoiqtisadi və siyasi baxımdan qarşılıqlı faydalı təşəbbüsdür. Bu layihə region ölkələrinə yeni bazarlara çıxış, iqtisadi müstəqillik və dayanıqlı inkişaf imkanı yaradır. ABŞ isə bu yolla Asiyanın mərkəzinə sülh, sabitlik və iqtisadi inteqrasiya yolu ilə təsir göstərməyə çalışır. Gələcəkdə bu marşrutun tam formalaşması Mərkəzi Asiyanı dünya iqtisadi sisteminə daha sıx inteqrasiya edəcək və qlobal ticarət xəritəsində yeni bir strateji xəttin yaranmasına səbəb olacaq. Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədovun sözlərinə görə, nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı gedən prosesdə Azərbaycanı maraqlandıran ən vacib məqam TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı yekun qərarın verilməsidir. “Artıq məlumatlar yayılıb ki, Amerika Birləşmiş Ştatları ilə Ermənistan arasında bu məsələ ilə bağlı bir neçə dəfə danışıqlar həyata keçirilib. Danışıqlarda infrastrukturun yaradılması, fəaliyyət rejiminin hansı istiqamətdə həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilir. Ermənistanla ABŞ arasında əldə ediləcək razılaşmalar, eyni zamanda, Azərbaycanın razılığı ilə imzalanmalıdır. Hesab edirəm ki, TRIPP layihəsi istiqamətində danışıqlar bitdikdən və sənədlər imzalanandan sonra nəqliyyat-kommunikasiya sahəsinə aid olan digər məsələlərdə də müəyyən addımların atılmasının şahidi ola biləcəyik”.

Ramil QULİYEV

Избранный
59
baki-xeber.com

1Источники