Kürdəmir, 7 noyabr, Rəşad Türkoğlu, AZƏRTAC
8 Noyabr - Zəfər Günü münasibətilə Kürdəmir Peşə Liseyində tədbir təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbiri giriş sözü ilə açan liseyin direktoru Nurlan Abdullayev Zəfər Gününün xalqımızın milli birliyinin, qəhrəmanlığının və dövlətçilik əzminin simvolu olduğunu vurğulayıb. O, bu möhtəşəm Qələbənin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun şücaəti və xalqımızın sarsılmaz iradəsi sayəsində əldə olunduğunu diqqətə çatdırıb.
Tədbirdə şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri, eləcə də liseyin inzibati-pedaqoji heyəti və tələbələr iştirak ediblər.
Tədbir çərçivəsində tələbələr tərəfindən Vətən müharibəsinə həsr olunmuş səhnəciklər nümayiş etdirilib, vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndirilib. Həmçinin liseyin müharibə veteranı olan əməkdaş və tələbələrinə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Zəfər Gününə həsr olunan bu tədbir bir daha xalqımızın dövlətinə və ordusuna olan sarsılmaz sevgisinin, qürur və birliyinin təntənəsinə çevrilib.