RU

Putin Moskvanın vurulmasından ehtiyat edir - "Müharibə hər yerdə hiss edilsə də..."

"Raketlərin verilməsi məsələsinin uzanması dolayısı ilə ABŞ-nin Rusiyaya təzyiq vasitəsidir. "Tomahawk" raketlərinin verilməsi ilə bağlı artıq Pentaqon, yəni Müdafiə Nazirliyi qərar qəbul edib. Sadəcə bunu prezident səviyyəsində təsdiq etmək lazımdır. Yəni bunların hamısı razılaşdırılmış məqamdır. Dövlətin güc strukturları "Tomahawk" raketlərinin verilməsinə razılıq bildirir, bu yöndə konkret qərarını bəyan edir və bu ictimailəşir. Bunu ictimailəşdirməyə də bilərdilər. Ancaq sonradan prezidentin hələlik bu məsələ ilə bağlı qərar verməkdə tələsmədiyi bildirilir".

Bu fikirləri Redaktor.az-a politoloq Natiq Miri Ukrayna ilə ABŞ arasında "Tomahawk" tipli uzaqmənzilli raketlərin alınması ilə bağlı danışıqların aparılmasından danışarkən bildirdi.

Onun sözlərinə görə, ABŞ "Tomahawk" raketlərinin verilməsi məsələsini Domokl qılıncı kimi Rusiyanın boynunun arxasından asmaq istəyir:

"Bununla demək istənilir ki, Rusiyaya zərər verməmək və münasibətləri tamamilə pozmamaq üçün "Tomahawk" raketlərinin verilməsində tələsmirəm. Ancaq bunun bir də qarşılığı var: bunun olmaması üçün Rusiya sülh masasına oturmalıdır. Bu, gözdən pərdə asmaq üçün Rusiyanın sülhpərvər görüntüsündən başqa bir şey deyil. Çünki ortada heç bir nəticə yoxdur. Humanitar yönlü - əsirlərin və ölü cəsədlərin dəyişdirilməsi kimi - məsələlər var; bu, o gün də mümkün idi, bu gün də mümkündür, yəni proses davam edir.

Bu baxımdan vəziyyət daha çox Rusiyanın mövqeyindən asılı olacaq. Əgər Rusiya yenə də müharibəyə davam edərsə, Rusiyanı masaya oturtmaq üçün "Tomahawk" raketləri Ukraynaya verilə bilər. Qış öncəsi Ukrayna Rusiyanın müharibəni davam etdirməsi üçün əsas maliyyə mənbəyi olan neft mənbələrini, xüsusilə də neft emalı zavodlarını və bilavasitə enerjini təmin edən elektrik stansiyalarını məhv edə bilsin. Çünki bu, çox ciddi təzyiq vasitəsidir".

Müsahibimiz vurğuladı ki, Moskva Putin üçün çox həssas yerdir:

"Müharibə hər yerdə hiss edilsə də, hələ də Moskvada ciddi şəkildə hiss edilmirdi. Ona görə də "Tomahawk" raketi məsələsi ilə bağlı danışıqlar gedərkən hesab edirəm ki, bir tərəfdən də Rusiyanın müəyyən mənada mövqeyi gözlənilir.

Çünki Tramp da dünən bəyan etdi ki, guya Vladimir Putin bu münaqişənin həllini Trampdan xahiş edib. Bu nə kontekstdə baş verib, hansı şəkildə baş verib, hansı mahiyyət daşıyır, nə qədər ciddidir hələlik bəlli deyil. Trampın ifadəsi ilə desək, bu Rusiyanın sülhə marağını göstərə bilər. "Tomahawk" raketlərinin verilməsi yaxın zamanda Rusiyanın müharibəni dayandırmaqla bağlı mövqeyindən asılı olacaq. Düşünürəm ki, bu proses noyabrın ortalarına bəlkə də ayın 20-si və 25-i ətrafına qədər davam edə bilər. Çünki Vladimir Putinin konkret göstərişi var ki, noyabrın 15-nə qədər Donetskin ən böyük qalalarından biri sayılan Pokrovsk şəhəri işğal olunsun".

Aytəkin TOFİQQIZI

Избранный
35
1
redaktor.az

2Источники