7 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda konfrans keçirilib.
Azərbaycan Milli Elmlər Akadeiyasıının Mərkəzi Elmi Kitabxanasında təşkil olunmuş konfransın məqsədi media mühitində Azərbaycan dilinin ədəbi normalara uyğun, səlis və düzgün istifadəsini təşviq etmək, dil mədəniyyətini inkişaf etdirmək və mediada nitq standartlarının yüksəldilməsinə töhfə vermək olub.
Açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Kamran Həsənov konfransın ideyasının noyabrın 3-də Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyanın Rəyasət Heyətinin üzvləri ilə görüşündə səsləndirdiyi çox aktual və önəmli bir mövzu ilə bağlı olduğunu qeyd edərək medianın ədəbi dilin qorunmasında strateji rol oynadığını vurğulayıb. Azərbaycan dilinin informasiya məkanında təbliği və inkişafının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu diqqətə çatdıran Kamran Həsənov bildirib ki, efir məkanında, çap mediası və rəqəmsal media platformalarında ədəbi dil normalarına əməl olunması milli mədəni dəyərlərin qorunması və dilin saflığının təmin edilməsi baxımından müstəsna əhəmiyyət daşıyır.
Tədbir çərçivəsində birinci panel sessiya “Televiziya və radio məkanında Azərbaycan ədəbi dilinin normalarına əməl olunması vəziyyəti və nitq mədəniyyəti” mövzusuna həsr olunub. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rafiq Həşimovun moderatorluq etdiyi paneldə Azərbaycan Televiziyasının veteran diktoru, jurnalist Gülşən Əkbərova, Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli tərəfindən nitq mədəniyyəti, media nümayəndələrinin peşəkar məsuliyyəti, efir etikasının tələbləri barədə müzakirələr aparılıb.
Diqqətə çatdırılıb ki, audiovizual media məkanında dil keyfiyyəti yalnız media peşəkarlığının göstəricisi deyil, eyni zamanda cəmiyyətin mədəni səviyyəsini və intellektual potensialını formalaşdıran əsas amillərdəndir. Bildirilib ki, efirdə ədəbi dil normalarına riayət olunması və düzgün tələffüz dilin saflığının qorunmasına, həmçinin gənc nəsildə sağlam ünsiyyət mədəniyyətinin təşəkkülünə mühüm təsir göstərir.
Konfransın ikinci panel sessiyası “Çap və onlayn mediada Azərbaycan dilinin istifadə qaydaları: problemlər və həll yolları” mövzusunda təşkil olunub.
Panel müzakirədə moderatorluğu Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli edib, “APA Holding”in rəhbəri Vüsalə Mahirqızı, “525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin Hüseynli və “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı isə spiker qismində fikirlərini bölüşüblər.
Müzakirələr zamanı vurğulanıb ki, qloballaşma, rəqəmsal kommunikasiya, sosial media trendləri və sürətlə dəyişən informasiya mühiti fonunda Azərbaycan dilinin ədəbi normalarının qorunması strateji əhəmiyyət daşıyır. Bu səbəbdən media nümayəndələrinin müvafiq istiqamətdə məsuliyyətinin artırılması, metodoloji yanaşmaların təkmilləşdirilməsi, dil monitorinq mexanizmlərinin genişləndirilməsi, təlim və maarifləndirmə təşəbbüslərinin gücləndirilməsi olduqca vacibdir.
Diqqətə çatdırılıb ki, Azərbaycan dili əsrlərin sınağından keçmiş, milli kimliyimizin və dövlətçiliyimizin əsas sütunlarından biridir. Bu dilin saflığının qorunması, ədəbi norma və üslubi xüsusiyyətlərinə riayət olunması hər bir vətəndaşın, xüsusilə ictimai fikir formalaşdıran media nümayəndələrinin əsas vəzifələrindəndir.