RU

Azərbaycanda qazın qiyməti yenidən bahalaşacaq? – VACİB AÇIQLAMA

Avropada təbii qazın qiymətinin artması son aylarda enerji bazarlarında əsas müzakirə mövzularından birinə çevrilib. Qitədə baş verən bu proses təkcə Avropa ölkələrinə deyil, enerji ixrac edən dövlətlərə, o cümlədən Azərbaycana da təsirsiz ötüşməyə bilər. Bəs qaz qiymətlərindəki dəyişikliklər Azərbaycanın daxili bazarına və iqtisadi sabitliyinə necə təsir göstərəcək?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Avropada qaz qiymətlərinin artması birbaşa olmasa da, Azərbaycanın iqtisadi mühitinə təsir edir:

“Avropada qaz qiymətlərinin artması dolayı yolla Azərbaycanın bazarına təsir göstərə bilər, baxmayaraq ki, daxili qaz qiymətləri birbaşa dünya bazarı ilə əlaqəli deyil və əsasən dövlət tərəfindən tənzimlənir. Avropada qazın topdansatış qiymətləri yüksələrsə, bu, Azərbaycanın qaz ixracından əldə etdiyi gəlirləri artırar. Belə vəziyyətdə ölkəyə daxil olan valyuta axını çoxalar və tədiyyə balansı müsbət təsirlənər”.

Ekspertin sözlərinə görə, qaz ixracından gələn əlavə gəlirlər həm SOCAR-ın, həm də dövlət büdcəsinin imkanlarını genişləndirir. Bu isə sosial və iqtisadi layihələrin maliyyələşdirilməsinə daha çox vəsait ayırmağa şərait yaradır.

“İxrac gəlirlərinin artması fonunda daxili bazarda təklif məhdudlaşarsa, hökumət qazın bir hissəsini xaricə yönəldə bilər. Bu isə uzunmüddətli perspektivdə daxili bazarda qiymətlərin tədricən bahalaşmasına gətirib çıxarır”.

Ekspert vurğulayıb ki, qazın ixracı daha sərfəli olduqda, sənaye müəssisələri üçün təbii qazın qiymətində və ya təchizatında dəyişikliklər baş verə bilər ki, bu da bəzi məhsulların bahalaşmasına səbəb olur.

Akif

“Avropada qaz qiymətlərinin bahalaşması Azərbaycanın ixrac gəlirlərinə müsbət, lakin daxili bazar sabitliyinə potensial olaraq mənfi təsir göstərir. Bu prosesin miqyası hökumətin qiymət siyasətindən və qaz balansının idarə olunmasından asılı olacaq”.

Aynurə İsmayıl
KONKRET.az

Избранный
55
1
konkret.az

2Источники