2-ci Liqanın 8-ci turunda çempionatın iddialılarından olan "Şəki Siti" "Kür-Araz"ın qonağı olacaq. Ötən həftə "Göygöl"lə ev oyununda büdrəyən (0:0) Şəki təmsilçisinin baş məşqçisi Elvin Həsənovla əlaqə saxlayıb noyabrın 10-da baş tutacaq matç barədə fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Növbəti oyunumuz Saatlıda "Kür-Araz"la olacaq. "Göygöl"lə oyundan sonra komandada bir qədər ruh düşgünlüyü yaranmışdı. Artıq toparlanmışıq, növbəti sınağa hazırlaşırıq. Keçən oyunu təhlil etmişik, səhvlərimizi müəyyənləşdirmişik. Rəqibi təhlil etmişik. "Kür-Araz" öz meydanında aqressiv oyun göstərən komandadır. Çempionatın ortabab kollektivlərindəndir. Bizi ağır oyun gözlədiyini bilirik. Amma hazırıq, hər şey qaydasındadır. Ən əsası motivasiyamız yerindədir. Həm komanda şəklində, həm də ayrı-ayrılıqda hər bir futbolçu ilə söhbət etmişik. Başa salmışıq ki, indi itilən hər xal bizim üçün faciəyə çevrilə bilər. Oyuna tam ciddiyətimizlə yanaşırıq. Səfərdən 3 xalla dönmək tapşırığı ilə yola çıxacağıq. Qalib gəlməklə çempionluq hədəfimizdən uzaq düşməməyə çalışmalıyıq".
Nihat