RU

Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən 30 il ötür

Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən 30 il ötürAzərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib.
1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Konstitusiya quruluşunun tarixi isə SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunub. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib.
Keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə başlıca vəzifə olaraq qoydu. Təsadüfi deyil ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.
İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.
Ötən 30 il ərzində ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlmişdir.
Xalqımız bu ili ölkəmizdə əlamətdar və tarixi bir mərhələ kimi qarşılayır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan olunub. Bu qərar həm rəmzi, həm də məzmun baxımından böyük əhəmiyyət daşıyır. Çünki bu il Azərbaycan həm ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasının sevincini yaşayır, həm də müstəqil dövlətçiliyimizin hüquqi əsası olan Konstitusiyanın qəbulunun 30-cu ildönümünü qeyd edir.
Azərbaycan xalqı uzun illər davam edən işğala və ədalətsizliyə qarşı mübarizə apararaq sonda dövlətimizin ərazi bütövlüyünü bərpa etdi. 2020-ci ildə Vətən müharibəsində əldə olunan tarixi Zəfər, ardınca 2023-cü ilin sentyabr ayında suverenliyin tam bərpası ilə nəticələndi. Bu hadisələr yalnız hərbi və siyasi qələbə deyil, eyni zamanda, milli iradənin, xalq birliyinin və güclü liderliyin təntənəsidir.
Bu baxımdan 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" kimi qeyd olunması təkcə yubiley xarakteri daşımır, həm də gələcəyə yönəlmiş siyasi və mənəvi mesajdır. Bu il ərzində dövlətçiliyimizin əsaslarını, milli həmrəyliyi və hüquqi dövlət prinsiplərini daha da möhkəmləndirmək hər birimizin vətəndaşlıq borcudur. Suverenliyin qorunması, dövlətin gücləndirilməsi və inkişaf etdirilməsi uğrunda çalışmaq isə hər bir Azərbaycan vətəndaşının müqəddəs amalı olmalıdır.
Prezident İlham Əliyevin bu tarixi Sərəncamı məhz xalqın iradəsinə, milli maraqlara və dövrün çağırışlarına əsaslanaraq verilib. Bu sənəd həm də gələcək nəsillərə örnək olacaq şəkildə suverenlik ruhunun yaşadılması və Konstitusiyamızın prinsiplərinə sadiqliyin təbliği baxımından əhəmiyyətli addımdır. Mühüm ili və tarixi fürsəti milli həmrəyliklə, vətəndaş məsuliyyəti ilə qarşılamalı, Azərbaycanın daha da qüdrətlənməsi naminə birgə çalışmalıyıq.
Bu il ölkəmizin ali hüquqi sənədi olan Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin də 30 ili tamam olur. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən bu sənəd müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarını müəyyənləşdirdi, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun təməlini qoydu. Ötən əsrin sonlarında ölkəmiz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev dövlətimizi və xalqımızı anarxiya, separatizm, vətəndaş qarşıdurması və parçalanma təhlükəsindən xilas etdi. Onun uzaqgörən və qətiyyətli siyasəti sayəsində müstəqilliyimiz qorundu, dövlətçiliyimizin əsasları möhkəmləndirildi, sabitlik və inkişaf təmin olundu. Ulu Öndər Heydər Əliyev hüquqi dövlət quruculuğuna, demokratik institutların yaradılmasına, insan hüquq və azadlıqlarının təmininə, həmçinin Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu və söz sahibi olan bir dövlətə çevrilməsinə nail oldu. O, milli Konstitusiyamızın hazırlanması və qəbuluna da bilavasitə rəhbərlik edərək, gələcək nəsillər üçün hüquqi dövlət modelinin bünövrəsini qoydu.

Aysel Mənsimova – YAP Gənclər Təşkilatının fəalı

Избранный
28
sonxeber.az

1Источники