RU

Britaniya Türkiyəyə görə siyasətini dəyişdi – Kiprlə bağlı gözlənilməz qərar

BAKI, 7 noyabr. TELEQRAF

Böyük Britaniyanın rəsmi viza müraciəti sistemində gözlənilməz dəyişiklik baş verib, hökumət saytında ölkələr siyahısına “Kiprin şimal hissəsi” (Şimali Kipr Türk Cümhuriyyəti nəzərdə tutulur – red.) ifadəsi əlavə olunub.

Teleqraf Türkiyə KİV-ə istinadla xəbər verir ki, bu, adadakı iki siyasi qurumun statusunu açıq şəkildə əks etdirir və diplomatik dairələrdə Şimali Kipr Türk Cümhuriyyətinin beynəlxalq aləmdə mövcudluğunu göstərən bir addım kimi qiymətləndirilir.

Yunanıstan KİV qərara kəskin reaksiya verib. “SigmaLive” xəbəri “Britaniya saytında mübahisə: “Kipr adasının şimal hissəsi” ayrıca subyekt kimi siyahıya əlavə edildi” başlığı ilə yayımlayıb.

Nəşr yazıb ki, Britaniya hökuməti bu ifadə ilə ənənəvi Kipr siyasətini pozur.

Afina və Lefkoşadakı bir sıra nəşrlər bu addımı “skandal” kimi qiymətləndirib.

Böyük Britaniya hökuməti məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Lefkoşadakı diplomatik mənbələr hesab edirlər ki, bu addım Kipr məsələsində iki dövlətli həll modelini gücləndirən bir inkişafdır.

Qeyd edilib ki, Londonun bu addımı Türkiyənin zəmanətçi statusu və Şimali Kiprin beynəlxalq tanınması səylərini möhkəmləndirə bilər.

Prosesin həm Ankara, həm də Lefkoşa tərəfindən yaxından izlənildiyi bildirilir.

Yunan mediasında yer alan şərhlərdə qeyd olunur ki, Britaniyanın bu addımı bölgədə güc balansını Türkiyə xeyrinə dəyişə bilər.

“London səssiz şəkildə tərəfini bəlli edir”, - Yunanıstan KİV vurğulayıb.

Избранный
18
teleqraf.com

1Источники