RU

Doğma Yurdun Zəfər Havası

Xankəndinə gedəcəyimi biləndə içimdə qəribə bir həyəcan vardı. Bu səfər təkcə Xankəndinə yox, işğaldan azad olunmuş bir neçə şəhər və kəndə - o müqəddəs torpaqlara doğru idi. Müəllifi olduğum "Zəfərin 5 ili" sənədli televiziya filminin çəkilişi mənim üçün sadəcə bir yaradıcılıq işi olmayacaqdı-bu, Vətən torpağı ilə bir daha görüş, illərlə həsrətində olduğumuz o yerlərə qovuşmaq idi.

Qısa zamanda ssenarini tamamlayıb, icazələri alıb bir an öncə yola çıxmaq istəyirdim. Hər dəqiqə uzandıqca o torpaqlara qovuşmaq arzusu daha da dərinləşirdi. O şəhər-Xankəndi mənə həm çox maraqlı, həm də qəribə dərəcədə tanış gəlirdi. Çünki mən orda ilk dəfə olacaqdım, amma sanki o yerlərin hər daşını, hər nəfəsini illərlə içimdə yaşatmışdım.

Gecə saat 23:30-da təyyarə Bakıya endi. Rejissorum Uğur Bağırovla sabahın çəkilişlərini müzakirə edirdik. Artıq müsahibələrim razılaşdırılmış, planlar qurulmuşdu. Lakin həyəcan o qədər güclü idi ki, təyyarədən enib bir an öncə qalacağmız otelə çatıb yatmaq istəyirdim ki, səhər tez açılsın. İçimdə elə bir sevinc vardıki, sanki, sabah həyatımda ən böyük hədiyyəmi alacam.  Otelə çatdıq və səhər saat 6-ya kimi yuxu yata bilmədim. O gecə mənim üçün sükutun içində qopan bir savaş idi-sabahın gəlməyini çox istəyirdim, çünki o sabah mənim Vətənimin xüsusi bir hissəsi ilə görüş günüm idi.

Saat 6-dır artıq yola çıxırıq...

Əvvəlcə Füzuliyə çatdıq. O torpaq artıq dirçəlirdi, nəfəs alırdı. Uzun illərin dağıntıları arasında yenidən doğulan şəhər sanki özü-özünə danışırdı: “doğma insanlar qayıdıb, biz birlikdə xoşbəxtik.” Küçələrdə tikinti səsi, maşınların gurultusu, gənc işçilərin gülüşü… hamısı bir melodiyaya çevrilirdi. O melodiyanın adı “bərpa” idi. Füzuli beynəlxalq hava limanının nizamlı həyatı, yeni tikililərin ardıcıl düzülüşü, yolların səliqəsi - hamısı dövlətin bu torpaqlara necə bir nəfəs verdiyini göstərirdi.

Sonra Hadrut… Hadrutun havası fərqli idi-həm dağ, həm azadlıq qoxuyurdu. Mənimlə olan Vətən müharibəsi iştirakçıları yol boyu elə döyüş xatirələri danışırdılar ki, sanki o yollarla yox, o döyüşlərin içindən keçirdim. Bir döyüşçü dedi: “Biz bura gecə girmişdik, indi baxıram, hər daş, hər ağac mənə o gecəni xatırladır.” Hadrutda olarkən müşahidə etdim ki, o illərin səssiz şahidi olan binalar indi yenidən dirçəlir. Əl işləri ilə bərpa olunan evlər, təmiri bitməkdə olan inzibati və yaşayış binları, uşaq bağçası - hamısı bir mesaj idi: bura həyat qayıdır.

Birinci müsahibəni “Daş Bayraq” abidəsinin yanında aldım. Hər söz, hər baxış o daş kimi möhkəm idi. Sanki o abidə təkcə bayrağı deyil, bütöv bir xalqın əzmini daşıyırdı.

İkinci müsahibəm isə Xankəndinin düz mərkəzində olacaqdı. Biz şəhərə çatanda hava artıq qaralırdı. O an düşündüm: “Görəsən, bir də bu şəhəri gündüz işığında görə biləcəyəmmi?” O zaman bilmirdim, amma tale mənə ikinci bir qayıdış bəxş edəcəkdi. Və mən yenidən qayıtdım-gündüzün işığında, azadlığın işığında, Vətən torpağının nurunda.

Səhəri gün çəkiliş heyəti ilə birlikdə o sevdiyim şəhərə yenidən döndük. Əlavə videokadrlər çəkdik, hər kadrda azadlığın nəfəsi hiss olunurdu. Xankəndinin küçələri səsli küylü, qaynar və canlı idi. Burda bir güvən, bir inam vardı. O şəhər bilirdi ki, artıq sahibinə qovuşub.

Qayıtdıq Hadruta çünki orda qalcaqdıq, səhər isə Laçına yola düşəcəkdik. Laçın səfəri mənim üçün tamam başqa bir duyğunun başlanğıcı idi. O dağ yolları, o sıldırım qayalar arasında uzanan yeni magistrallar-bu yerlərin təbiəti kimi möhtəşəm idi. Laçında tikilən yeni evlər, məktəblər, mədəniyyət ocaqları hər addımda bir mesaj verirdi: burada qalmaq üçün gəlmişik. Bir Laçın sakini dedi: “Biz burda bir daşın üstündə beş daş qoyub, burda yenidən həyatımızı qurmağa gəlmişik.” Həmin anda anladım ki, azadlıq təkcə torpağın deyil, insanın da ruhunun qayıdışıdır.

Zabuxda çəkiliş apararkən, Həkəri çayının sahilində yeriməyə başladım. Orda olarkən yazdığım bir məqalə yadıma düşdü: "Həkəri şahiddir". Orda çox nisgil var idi, indi bu yerləri öz gözlərimlə görəndə sanki, o nisgil Həkəri ilə axı daha uzaqlara getdi. Çəkilən kadrları izləyərkən küləyin gətirdiyi səs sanki məni həmin xəyaldan oyatdı, çünki bir melodiya var idi-dağlar danışır, çaylar oxuyurdu. Bu torpaqların hər qarışında bir həyat izi vardı: yarımçıq qalmış bir evin bünövrəsi, uşaq oyuncağı, illərlə boş qalmış bir ağaclıq… İndi onların hamısı yenidən dirilirdi.

Zəngilan isə ora yolu düşənləri daha çox heyran edir. Bu şəhər artıq gələcəyin şəhərinə çevrilir. Ağıllı kənd konsepsiyası burada reallığa dönüb. Günəş panelləri, “yaşıl enerji” mənbələri, təmiz küçələr, müasir memarlıq-bütün bunlar təkcə inkişafın yox, sahiblik hissinin göstəricisidir. Hər yerdə bir ruh var idi-Azərbaycançılıq ruhu. Prezident İlham Əliyevin dediyi kimi, bu torpaqlarda artıq dünən deyil, bu gün və sabah qurulur. Mən bunu öz gözlərimlə gördüm. Füzulidə, Cəbrayılda, Zəngilanda-hər yerdə həyat yenidən başlayır. Ağıllı şəhərlər, ağıllı kəndlər... Amma ən əsası-milli ruhla yoğrulmuş tikililər. Hiss olunur ki, doğma torpaqlara isti nəfəslər dəyir. Cənab Prezident İlham Əliyev Horovlu kəndinin açılışında dediyi sözlər bu mənzərənin canlı təsdiqidir: “Burada yaşayacaq insanların sayı çoxalacaq... Qarabağda, Şərqi Zəngəzurda işsizlik olmamalıdır. Bütün bu şəhər və kəndlər tikiləndə əsas məqsəd-burada yaşayan insanların işlə təmin olunmasıdır.”

Bu sözlər təkcə bir dövlət başçısının planı deyil, millətin gələcək baxışıdır. Horovludan Zəngilana 20 dəqiqəyə gediləcək yeni yol artıq tək coğrafiyanı deyil, tarixi birləşdirir. Prezidentin dediyi kimi: “Buradan da Zəngəzur dəhlizi keçəcək. Böyük ticarət yolu olacaq.”

O yol təkcə iqtisadi arteriya deyil, həm də qəlbləri birləşdirən bir körpüdür. Naxçıvanla Şərqi Zəngəzur və Qarabağ indi eyni gələcəyə addımlayır. Bütün bu səfər boyu bir hiss mənimlə idi-bu torpaqların hər qarışı artıq azadlığın, zəfərin nəfəsini daşıyır. Mən o nəfəsi çəkiliş boyu, hər kadrda, hər baxışda hiss elədim.

Və bu gün artıq inanıram: “Zəfərin 5 ili” sadəcə bir filmin adı deyil. Bu, işğaldan azad olunmuş ərazilərimizin dirçəliş salnaməsinin bir hissəsidir.

Nicat Quliyev,
Naxçıvan Televiziyasının baş redaktoru

Избранный
17
ikisahil.az

1Источники