RU

“Zəfərin izi ilə yaşıl gələcəyə” - Kəlbəcərdə ağacəkmə aksiyası

Kəlbəcər, 7 noyabr, Elcan Məmmədov, AZƏRTAC

Kəlbəcər şəhərində “Zəfərin izi ilə yaşıl gələcəyə” adlı ağacəkmə aksiyası keçirilib.

8 Noyabr – Zəfər Günü münasibətilə reallaşdırılan aksiya Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə gerçəkləşib.

Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, sosial təşəbbüs 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbənin beşinci ildönümü ərəfəsində şəhidlərin əziz xatirəsinə dərin ehtiramın ifadəsi olaraq təşkil edilib. Həmçinin müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın birliyi və dövlətimizin qüdrətinin təcəssümü kimi tarixə düşmüş Zəfər Gününün mənəvi əhəmiyyəti tərənnüm edilib. Bu çərçivədə Kəlbəcər rayonunun iqlim şəraitinə uyğun olaraq 100 ədəd müxtəlif növ ağac (qara şam, çinar, arizona sərvi və digər ağac) əkilib. Aksiyada Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və digər qurumların yerli nümayəndələri iştirak ediblər. Əsas məqsəd Zəfər Gününün mahiyyətini və əhəmiyyətini gənc nəslə çatdırmaq, şəhidlərin əziz xatirəsini əbədiləşdirmək olub. Layihə onların Vətən uğrunda göstərdikləri qəhrəmanlığı və fədakarlığı təbliğ etməklə yanaşı, rayonun ekoloji mühitinin yaxşılaşdırılmasına və yaşıllaşdırılmasına töhfə verməyi də hədəfləyir.

 

Избранный
8
8
azertag.az

9Источники