ain.az, Azertag saytına istinadən bildirir.
Astana, 7 noyabr, AZƏRTAC
Bişkekdə Azərbaycanın tanınmış teatr xadimi, Əməkdar mədəniyyət İşçisi, şair, dramaturq, aktyor və rejissor İftixar Piriyevin yeni monoqrafiyalarının təqdimatı keçirilib.
AZƏRTAC Qırğızıstan Milli Yazıçılar Birliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbirdə yazıçılar, alimlər, ictimai xadimlər və bu ölkədə fəaliyyət göstərən Azərbaycan, Tacikistan və Özbəkistan milli mədəniyyət mərkəzlərinin rəhbərləri iştirak ediblər.
Çıxış edənlər İftixar Piriyevin yaradıcılığını və elmi fəaliyyətini yüksək qiymətləndiriblər.
Onun iki xalq arasında elmi-humanitar əlaqələrin inkişafına, eləcə də teatr tarixi və nəzəriyyəsinə əhəmiyyətli şəxsi töhfəsi qeyd edilib.
İ. Piriyevin “Elçin teatrı: Absurd dram “Qeyri-səlis məntiq” nəzəriyyəsi kontekstində” və “Qeyri-səlis məntiq və teatr” monoqrafiyaları dünya teatr sənətinə ümumiləşdirilmiş və yeni baxışın təzahürüdür.
Dünyaşöhrətli yazıçı Çingiz Aytmatovun oğlu və Beynəlxalq İssık-Kul Forumunun prezidenti Əskər Aytmatov çıxışında qeyd edib ki, İftixar Piriyev teatr, poeziya, elmi-yaradıcılıq vasitəsilə yüksək mənəvi dəyərlərin təbliğindəki, eləcə də Çingiz Aytmatovun humanist irsinin populyarlaşdırılmasındakı görkəmli nailiyyətlərinə görə “Çingiz Aytmatov” medalı ilə təltif olunur.
O, Qırğızıstan paytaxtında geniş ictimaiyyətin iştirakı ilə yüksək mükafatı Azərbaycandan olan qonağa təqdim edib.
Təqdimat mərasimində İftixar Piriyevə, həmçinin Mərkəzi Asiyanın qüruru olan böyük sufi şairi və maarifçisi Xocanəzər Huvaydo adına Beynəlxalq Elm və Təhsil Fondunun Fəxri Sertifikatı təqdim edilib.
Qırğız Respublikası Milli Yazıçılar Birliyinin rəhbərləri və üzvləri İftixar Piriyevin dramaturq kimi incəsənət əhəmiyyətli töhfələr verdiyini və Türk dünyasında böyük nüfuz qazandığını qeyd ediblər. Onun dərin fəlsəfi ideyaları, çoxşaxəli bədii və elmi əsərləri türk xalqlarını birləşdirmək ideyası ilə doludur və onların ortaq tarix və gələcəyi bölüşmələri baxımından eyni istiqamətdə, vahid şəkildə hərəkət etməli olduqları ideyasını təbliğ edir.
Mərasim iştirakçıları İftixar Piriyevə gələcək fəaliyyətində uğurlar arzulayıb, ona xatirə hədiyyələri təqdim ediblər.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.