Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bakı, 7 noyabr, AZƏRTAC
ABŞ-da Prezident Donald Trampın Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşünə yeni dünya nizamının formalaşması prizmasından baxmaq lazımdır. Bu görüş Tramp administrasiyasının Avrasiya coğrafiyasında həm aparıcı aktor ola bilmək, həm də məkana geosiyasi nüfuz etmək strategiyasının göstəricisidir.
Bu fikri AZƏRTAC-a müsahibəsində Türkiyənin Kırıkkale Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti, Avrasiya üzrə ekspert Merve Suna Özül Özcan bildirib. Ekspert nəzərə çatdırıb ki, Trampın əsas məqsədi ABŞ-ın ən güclü ticarət rəqibi olan Çin ilə yanaşı, Orta Asiyadakı iqtisadi və logistik layihələrdə iştirak etməkdən ibarətdir: “Mərkəzi Asiyanın "Bir kəmər, bir yol" təşəbbüsünün onurğasını təşkil etdiyini nəzərə alsaq, Vaşinqtonun regiona nüfuz etməsinin səbəbi aydınlaşır. Birincisi, ABŞ özünün nüfuzunu, kreditlər, sərmayələr, texnologiyalar və əməkdaşlıq yolu ilə artırıb marşrutları nəzarətində saxlamağa çalışır.
İkincisi, ABŞ Rusiyanın regiona tarixi olaraq “arxa bağça” kimi baxmasına son qoymaq istəyir. Moskvanın cənub dəhlizlərinə nəzarətini zəiflətmək, Ukrayna müharibəsində Rusiyaya qarşı təzyiqi artırmaq və nəticədə Kremli danışıqlar masasında daha həssas etmək istəyir. Üçüncüsü, Trampın ikinci rəhbərliyi dövründə daha çox nəzərə çarpan ticarət “müharibələrinin” şiddətləndiyi və yüksək texnologiyaların strateji rəqabət meydanına çevrildiyi bir vaxtda regionun resursları ABŞ üçün böyük əhəmiyyət kəsb edir. Xüsusilə neft və təbii qaz, eləcə də Qazaxıstan və Özbəkistanın mineral ehtiyatları, regionun karbohidrogen sərvətləri və alternativ enerji mənbələri ABŞ-ın diqqətini yenidən Orta Asiyaya yönəldib. Buna görə də, Trampın Avrasiya mineralları vasitəsilə geotexnoloji üstünlük əldə etmək məqsədi də özünü göstərir”.
Ekspert vurğulayıb ki, Vaşinqtonun Zəngəzur dəhlizi müzakirələri ilə bağlı açıqlamaları ABŞ-ın Orta Dəhlizdə birbaşa söz sahibi olmaq cəhdlərini ortaya qoyur. Xüsusilə ABŞ şirkətlərinin prosesdə iştirakı bu addımı daha da əhəmiyyətli edir. Türkiyə və Azərbaycanın yüksələn regional güclər kimi təsiri də Trampın baxış bucağından ayrıca nəzərdən keçirilir. Bu iki ölkənin geostrateji üstünlükləri və artan regional rolu ABŞ-ın Avrasiya strateji hesablamalarında mərkəzi yer tutur.
“Buna görə də, ABŞ Avrasiya bölgəsindəki hərəkətlərini əməkdaşlıq və bərabərlik prinsiplərinə əsaslanaraq davam etdirməlidir. Regionun mövcud güc balansı daxilində geosiyasi reallıqları bizə "Böyük Oyun"un XXI əsr versiyasını təqdim edir. Bu oyunda regional aktorların gücü və təsiri çox vacibdir. Türkiyə ilə Azərbaycan öz inkişaf perspektivləri və müttəfiqlik əlaqələri ilə regionun əhəmiyyətli aktorlarıdır. Bu iki ölkə Avropa ilə Asiyanı birləşdirən məntəqədir ki, bu da ticarət yollarına nəzarət deməkdir. Regionun resursları və geostrateji gücü siyasi balansın yenidən formalaşması üçün əhəmiyyətli rol oynayır”,- deyə o fikrini yekunlaşdırıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.