RU

BDYPİ-dən bayram günləri ilə bağlı XƏBƏRDARLIQ

Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bayram günlərində yollarda təhlükəsizliklə bağlı hərəkət iştirakçılarına müraciət ünvanlayıb.

İdarədən Hafta.az-a verilən məlumata görə, Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq noyabrın 8-11-ni əhatə edən ardıcıl istirahət günlərində ölkə üzrə nəqliyyat axınının intensivləşəcəyi, paytaxtdan bölgələrə, eləcə də əks istiqamətdə hərəkətin artacağı gözlənilir.

BDYPİ hərəkət iştirakçılarına müraciət edərək bildirir ki, qarşıdakı dörd günlük qeyri-iş günlərində yollarda təhlükəsizliyin təmin olunması hər bir hərəkət iştirakçısının diqqətindən və məsuliyyətindən asılıdır.

Sürücülərdən xahiş olunur ki, yola çıxmazdan əvvəl idarə etdikləri nəqliyyat vasitələrinin texniki vəziyyətini diqqətlə yoxlasınlar, xüsusilə, əyləc sisteminə, şinlərin aşınma dərəcəsinə, işıq cihazlarının və şüşəsilənlərin işləkliyinə nəzarət etsinlər.

Xalqımızın birlik və qürur hissi ilə qeyd etdiyi bu əlamətdar günlərdə hərəkət iştirakçılarına tövsiyə olunur ki, hərəkət marşrutlarını əvvəlcədən planlaşdırsınlar və səfər vaxtını elə müəyyən etsinlər ki, hərəkət rahat və təhlükəsiz olsun. Uzun məsafələrə yola çıxmazdan əvvəl mütləq istirahət etsinlər, yorğun və yuxusuz halda sükan arxasına keçməsinlər. Sürət həddinə ciddi riayət etsinlər, riskli manevrlərdən və qəfil ötmələrdən çəkinərək ara məsafəsini düzgün saxlasınlar. Uşaqları avtomobildə təhlükəsizlik kəməri və ya uşaq oturacağından istifadə etməklə daşısınlar. Spirtli içki qəbul etmiş şəxslərin sükan arxasına keçməsinin yolverilməz olduğunu unutmasınlar.

Piyadalara da xatırladılır ki, yalnız müəyyən olunmuş keçidlərdən istifadə etsinlər, işıqforun siqnallarına əməl etsinlər və xüsusilə axşam saatlarında, görmə şəraiti zəiflədikdə geyimlərində işıq əksetdirici elementlərə üstünlük versinlər.

Məlumatda vurğulanıb ki, bayram günlərində BDYPİ-nin şəxsi heyəti gücləndirilmiş iş rejimində xidmət aparacaq.

“Məqsəd hərəkətin təhlükəsizliyini təmin etmək və qəzaların qarşısını almaqdır. Unutmayaq ki, özümüzün və sevdiklərimizin təhlükəsizliyi hər birimizin davranışından asılıdır. BDYPİ bütün hərəkət iştirakçılarına təhlükəsiz və xoş bayram günləri arzulayır”,- deyə məlumatda qeyd olunur.

Избранный
17
35
hafta.az

10Источники