BAKI,TurkicWorld
AZCON Holding şirkətlərindən olan "Bakı Metropoliteni" xidmət keyfiyyətini və sərnişin məmnuniyyətini artırmaq məqsədilə müasir qatar parkını genişləndirməkdə davam edir. Ən yeni texnologiyalar əsasında hazırlanmış, dördüncü nəslə mənsub daha 3 qatar – 15 vaqon metropoliten xətlərində istismara buraxılıb.
TurkicWorld xəbər verir ki, bu fikirləri bu gün "Nərimanov" elektrik deposunda 3 yeni qatarın xəttə verilməsi tədbirində Depolar üzrə İş Departamentinin baş mühəndisi Aydın Bəkirov jurnalistlərə deyib.
O bildirib ki, Bakı Metropoliteninin texniki tələbləri nəzərə alınmaqla hazırlanmış yeni vaqonların müasir mikroiqlim sistemi (kondisioner) ilə təchiz edilməsi, vaqonlararası birbaşa keçidin olması ilə sərnişin tutumunun 15 faiz artırılması, qapıların daha enli olması, açılıb-bağlanma zamanı işıqlı xəbərdarlıq indikatorları ilə təmin olunması sərnişinlər üçün mühüm əhəmiyyət kəsb edən əsas üstünlüklərdir:
"Vaqonlarda ayaqüstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar, iri yüklər və uşaq arabaları üçün sahələr mövcuddur. Metrodan istifadənin hər kəs üçün əlçatan olması nəzərə alınaraq, baş vaqonlar əlil arabalarının yerləşdirilməsi üçün xüsusi yerlərlə təmin edilib."
A. Bəkirov qeyd edib ki, yeni qatarların baş vaqonları 38, orta vaqonlarının hər biri isə 44 oturacaqlıdır:
"Baş vaqonun ümumi sərnişin tutumu 315, orta vaqonların isə 329 nəfərdir. Vaqonlarda təzyiqin tənzimlənməsi və ultrabənövşəyi lampalarla havanın bioloji təmizlənməsi sistemləri, həmçinin sərnişinlərin elektron qurğularını doldurması üçün USB yuvaları mövcuddur."
O vurğulayıb ki, vaqonlarda daxili və xarici videomüşahidə sistemləri quraşdırılıb ki, bu da maşinistə qatarı tam nəzarətdə saxlamağa, istənilən sahəni idarəetmə pultunun monitorunda daha yaxından müşahidə etməyə və ətraf mühiti qiymətləndirməyə imkan verir:
"İşıqdiodlu cihazların tətbiqi elektrik enerjisi sərfiyyatını 50 faiz azaltmaqla, istismar müddətini 75 faiz artırır. Yeni qatarlar xəttə bu il istismar müddəti başa çatan əvvəlki nəsil vaqonların əvəzinə verilib."
Qeyd edək ki, hazırda sazlama və komplektləşdirmə işləri aparılan daha 15 vaqon 2025-ci ilin sonunadək xətlərə buraxılacaq. Bununla da Bakı metropolitenində yeni nəsil vaqonların sayı 180-ə (36 qatar tərkibi) çatdırılacaq.
"Dövlət Proqramına uyğun olaraq, 2030-cu ilədək ümumilikdə 299 yeni nəsil vaqonun alınması nəzərdə tutulur", – A. Bəkirov əlavə edib.