Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) təşəbbüsü ilə Bakıdakı Ukrayna Mərkəzində hərbi-siyasi icmalçı Oleksandr Kovalenkonun qələmə aldığı, Ukrayna və rus dillərində nəşr olunan “2020-də 44 gün” adlı kitabın təqdimatı keçirilib. Tədbirdə millət vəkilləri Əlibala Məhərrəmzadə, Kamran Bayramov, ictimai-siyasi xadimlər, hərbi ekspertlər və media nümayəndələri iştirak ediblər.
Tədbiri açan Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun Baş katibi və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavad bildirib ki, “2020-də 44 gün” kitabı 2020-ci ildə Qarabağda baş verən hadisələrin xronoloji təsviridir və müəllif bu hadisələri 44 gün ərzində izləyərək Ukrayna ictimaiyyətinə obyektiv şəkildə çatdırıb.
UABD sədri vurğulayıb ki, nəşrdə I və II Qarabağ müharibələri arasında aparılan müqayisələr, eləcə də Ukraynaya qarşı Kremlin təbliğatı ilə bağlı təhlillər yer alıb: “Kitab Ukrayna və rus dillərində işıq üzü görüb, Azərbaycan dilinə tərcüməsi artıq hazırdır və yaxın zamanda çap olunacaq. Gələcəkdə ingilis, polyak, isveç və digər dillərə də tərcümə planlaşdırılır”.
Kitabın müəllifi, Ukraynanın “İnformasiya Müqaviməti” qrupunun hərbi-siyasi icmalçısı Oleksandr Kovalenko çıxışında qeyd edib ki, 44 günlük müharibə yalnız tarixi ədalətin bərpası deyil, həm də regional və qlobal geosiyasi nizamda mühüm dönüş nöqtəsi olub: “Bu hadisələr Cənubi Qafqazda və onun hüdudlarından kənarda prosesləri dəyişdi. O dövrdə mən müharibənin gedişini analiz edirdim və aydın oldu ki, bu, lokal toqquşma deyil, azadlıq müharibəsinin başlanğıcı idi. Ukrayna Qarabağın azad edilməsində öz gələcəyini - Donbas, Luqansk və Krımın azad edilməsini görürdü”.
Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə İşçi Qrupun rəhbəri, millət vəkili Əlibala Məhərrəmzadə müəllifə təşəkkür edərək kitabın rəmzi məna daşıdığını vurğulayıb: “Bu il Qələbənin beş illiyini qeyd edirik və belə bir kitabın məhz bu vaxtda işıq üzü görməsi mühüm hadisədir. Müharibənin hər gününü ayrıca təsvir edən bu əsər hadisələri sistemli şəkildə əks etdirir. Xüsusilə də müəllifin Ukraynadan olan dostumuz olması simvolikdir”.
Millət vəkili əlavə edib ki, Azərbaycan və Ukrayna oxşar mübarizələr aparır və hər iki xalqın məqsədi ədalətli sülhə nail olmaqdır.
Təqdimatın sonunda müəllifin iştirakı ilə imza mərasimi keçirilib.
Cavid


Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.