RU

Qazaxıstan “İbrahim sazişi”nə qoşuldu – Gözlər Azərbaycanda

ABŞ Prezidenti Donald Tramp Qazaxıstanın “İbrahim sazişləri”nə qoşulduğunu bəyan edib.

News365.az xəbər verir ki, bu barədə Tramp İsrailin Baş naziri Benyamin Netanyahu və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birgə telefon danışığından sonra məlumat verib.

O qeyd edib ki, Qazaxıstan onun ikinci prezidentlik dövründə “İbrahim sazişləri”nə qoşulan ilk ölkə olub.

“İsrailin Baş naziri Benyamin Netanyahu və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə vacib telefon danışığı apardım. Qazaxıstan mənim ikinci prezidentlik müddətimdə ‘İbrahim sazişləri’ne qoşulan ilk ölkədir. Bu, dünyada körpülərin qurulması istiqamətində mühüm addımdır. Tezliklə imzalanma mərasimi keçiriləcək və daha bir çox ölkə bu güclülər klubuna qoşulmaq niyyətindədir”, – Tramp "TruthSocial" platformasında yazıb.

Qərb mətbuatı ABŞ administrasiyasındakı mənbəyə istinadən yazır ki, Qazaxıstan və İsrail artıq 30 ildən çoxdur diplomatik münasibətlər saxlayır. Buna baxmayaraq, bu addım ABŞ rəhbərliyinin təşəbbüsü ilə “İbrahim sazişləri” çərçivəsində İsraillə müsəlman dünyası arasında əməkdaşlığın yeni mərhələsini başlatmaq məqsədi daşıyır.

“İbrahim sazişləri” ilk dəfə 2020-ci ildə ABŞ-ın vasitəçiliyi ilə İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Mərakeş arasında imzalanmışdı. Daha sonra Sudan və Misir də sənədə qoşulmuşdu.

Qazaxıstanın “Kazinform” agentliyi bildirir ki, Tokayev və Tramp Ağ Evdə görüş keçiriblər. Görüş zamanı ABŞ, İsrail və Qazaxıstan liderlərinin birgə telefon danışığı da baş tutub.

Kasım-Jomart Tokayev ABŞ Prezidentinin “beynəlxalq sülh və rifah üçün Tramp marşrutu” (TRIPP) adlı təşəbbüsünü dəstəklədiyini bildirib. O qeyd edib ki, bu təşəbbüs həm Yaxın Şərqdə sabitliyə, həm də Orta Dəhliz layihəsinin inkişafına töhfə verə bilər.

Tramp isə ABŞ-ın Qazaxıstanla genişlənmiş strateji tərəfdaşlığı dərinləşdirmək niyyətində olduğunu vurğulayıb.

Görüş çərçivəsində Qazaxıstan və ABŞ arasında 17 milyard dollardan çox dəyərində kommersiya sazişləri imzalanıb.

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Azərbaycan və Qazaxıstanın "İbrahim sazişləri"nə qoşula biləcəyi barədə xəbərlər yayılıb. Azərbaycanın hələlik sazişə qoşulub-qoşulmayacağı məlum deyil.

Избранный
8
1
news365.az

2Источники