RU

Ermənistan Azərbaycana qarşı beynəlxalq məhkəmə iddialarını geri çəkməyə tələsmir...


Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Karen Andreasyan bəyan edib ki, istər sələfi Yeqişe Kirakosyanın, istərsə də onun dövründə beynəlxalq məhkəmələrdə ölkə tərəfindən Azərbaycana qarşı qaldırılmış bir iş də geri götürülməyib. Xatırladaq ki, bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi İrəvan və Bakı arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında paraflanmış Sazişi dərc edib. Sənədə əsasən, saziş qüvvəyə mindikdən bir ay sonra tərəflər qarşılıqlı olaraq beynəlxalq məhkəmələrdən iddialarını geri götürəcək, yeni iddialar qaldırmamaq, üçüncü dövlətlər tərəfindən tərəflərdən birinə qarşı başlanmış məhkəmə prosesində iştirak etməyəcəklər.

Andreasyan Ermənistan parlamentində keçirdiyi brifinqdə deyib: “Belə bir şey, yəni iddiaların geri götürülməsi müzakirə olunmur. Əgər belə olarsa, mən sizə mütləq məlumat verəcəyəm”. Onun sözlərinə görə, Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsinin ofisinə iddialardan imtina etmək üçün heç bir təklif daxil olmayıb: “Ermənistan Respublikası hökuməti, Milli Məclisi və ya Konstitusiya Məhkəməsi nə vaxtsa hər hansı hüquqi prosesi dayandıracaq hər hansı sazişi ratifikasiya etmək qərarına gəlsə, məndən əvvəl siz bu barədə xəbərdar olacaqsınız”. Vəkil əmin edib ki, onun məhkəmə prosesi ilə bağlı hər hansı güzəştə getməsi barədə göstərişi yoxdur: “Hüquqi proseslərdə bir addım belə geri çəkilmək üçün hökumətin və ya Milli Məclisin heç bir göstərişi, sərəncamı və ya qərarı yoxdur”. Andreasyan qeyd edib ki, başqa qərar qəbul edilərsə, ofis dövlətin iradəsinə tabe olacaq. Vəkil əlavə edib ki, o, Ermənistan Respublikasının və onun vətəndaşlarının maraqlarına xidmət edən hər şeylə razıdır. Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri birgə bəyannamə imzalayıblar. ABŞ prezidentinin sözlərinə görə, Ermənistan Birləşmiş Ştatlara 99 il müddətinə 741 nömrəli marşrutun inkişafı üçün eksklüziv uzunmüddətli hüquqlar verəcək, bu marşrut vasitəsilə Azərbaycan Naxçıvanla quru əlaqəsi yarada biləcək. Amerika tərəfi torpaq sahəsini infrastruktur və idarəetməyə cavabdeh olan konsorsiuma subicarəyə verməyi planlaşdırır. Hər iki ölkənin xarici işlər nazirləri ATƏT-in Minsk Qrupunun və ona bağlı strukturların bağlanması ilə bağlı birgə müraciət də imzalayıblar. Ermənistan və Azərbaycanın xarici işlər nazirləri də sülh sazişinin mətnini paraflayıb və sonra dərc ediblər. Buna görə Ermənistan Azərbaycana qarşı beynəlxalq instansiyalarda iddialarını geri götürməlidir. Ermənistan Konstitusiyası da sülh üçün ciddi problem olaraq qalır. Məhz bel bir vaxtda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyir ki, Ermənistan Konstitusiyasında Azərbaycanı narahat edəcək hər hansı müddəa yoxdur. O, Bakının konstitusiya dəyişiklikləri ilə bağlı tələblərini danışıqların mövzusu kimi qəbul etmədiyini bildirib: “Konstitusiyamızda Azərbaycanı narahat edəcək hər hansı bir məsələ olduğunu düşünmürük. Ona görə də bunu danışıqlar gündəminin bir hissəsi kimi qəbul etmirik və bu mövzu üzrə danışıqlar aparmırıq. Sülh bərqərar olub, bir sıra razılaşmalar əldə edilib, dərc olunub və imzalanıb. Amma iki ölkə bəzi məsələlərlə bağlı razılığa gəlməyib. Bu da həmin məsələlərdən biridir”.

Mirzoyanın sözlərinə görə, Ermənistan və Azərbaycan arasında konstitusiyaların sülh danışıqlarının bir hissəsi olmasına dair bir anlaşma da yoxdur. O, Azərbaycanın Konstitusiyasında da Ermənistanın ərazi bütövlüyünə təhdid sayıla biləcək istinadlarla bağlı İrəvanın baxışını da yada salıb. Nazir onu da deyib ki, Ermənistan hələ 2018-ci ildə konstitusiyanı dəyişdirmək niyyətini açıq bəyan edib, bunun daxili məsələ olduğunu vurğulayıb: “Bu məsələ bu zalın erməni tərəfinə aiddir. Əvvəla və əsasən daxili gündəliyin bir hissəsidir, bəlkə də, yalnız daxili gündəliyin”. Bakı Ermənistanın Konstitusiyasından 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın yer aldığı preambulasının çıxarılmasını tələb edir. Həmin Bəyannamədə Sovet Ermənistanının və o vaxtkı Sovet Azərbaycanın tərkibində olan Dağlıq Qarabağ Muxtar Vilayətinin qanunverici orqanlarının 1989-cu ildə qəbul etdiyi birləşmə aktına istinad var. Azərbaycan prezidenti İlham Əliyev, digər rəsmilər bu tələbi təkrarlayıblar. Avqustun 8-də – Vaşinqtonda ABŞ prezidenti Donald Trampın iştirakı ilə Ermənistan və Azərbaycan sülh sazişini parafladıqdan sonra da tələb səsləndirilib. İlham Əliyev deyib ki, Ermənistanın konstitusiyanı dəyişməsi sülh üçün əsas şərtidir. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın bu tələbi danışıqlara ilkin şərt kimi müzakirəsindən imtina edir. Amma o, hökumətinin qonşu ölkələrlə davamlı sülhün təmin edilməsinə yönəlik siyasəti çərçivəsində bu dəyişiklikləri gerçəkləşdirməyi faktiki vəd edib. Bunu qanuni şəkildə etməyin yeganə yolu yeni Konstitusiyanın ümumxalq referendumu ilə qəbuludur. Hər halda Azərbaycan mövqeyindən geri çəkilməyi düşünmür. Ermənistan Konstitusiyasında Azərbaycanı narahat edəcək məsələ aradan qaldırlmalıdır.

Samirə SƏFƏROVA

Избранный
21
baki-xeber.com

1Источники