RU

Azərbaycan qlobal miqyasda elmə və biliyə əsaslanan qalib dövlət nümunəsi kimi dəyərləndirilir

ain.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Meydanəli Yolçiyev

​​​​​​YAP Daşkəsən rayon təşkilatının sədri

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubiley yığıncağı elmi inkişafın, intellektual düşüncənin və strateji idarəetmənin təntənəsidir. Bu tədbir bütövlükdə dövlətimizin elmi potensialının, milli zəkasının və yaradıcılıq gücünün nümayişidir. Cəmiyyətin idarəetmə modelində, iqtisadi planlaşdırmada, milli təhlükəsizlikdə və ideoloji sabitlikdə elmin rolu mühüm önəm kəsb edir. Bu amillər artıq yalnız nəzəri sahə deyil, dövlətin strateji potensialını müəyyən edən əsas amildir.

AMEA 80 illik fəaliyyəti ərzində cəmiyyətin elmi düşüncə tərzinin formalaşmasında, intellektual potensialın inkişafında və elmi məktəblərin yaranmasında mühüm rol oynamışdır. Bu illər ərzində elmi tədqiqatların sistemləşməsi, yeni istiqamətlərin açılması və alimlər arasında intelektual əməkdaşlıq ənənəsi formalaşmışdır. Akademiya elmi təfəkkürün mərkəzi olmaqla yanaşı, həm də cəmiyyətin modernləşmə prosesinə istiqamət verən bir faktor kimi çıxış etmişdir. Elmin inkişafına göstərilən bu diqqət milli dövlət quruculuğunun intellektual təməlini təşkil etmişdir.

Bu gün də Akademiya öz fəaliyyətini yenilənmiş şəraitdə, rəqəmsal və texnoloji imkanlardan bəhrələnərək davam etdirir. Gənc alimlərin elmi araşdırmalara cəlb edilməsi, beynəlxalq əməkdaşlığın genişlənməsi və müasir elmi metodologiyanın tətbiqi bu qurumun gələcəyə baxışının göstəricisidir. Azərbaycan elminin sistemli şəkildə inkişafı, elmi idarəetmənin dövlət səviyyəsinə yüksəldilməsi və alimlərə verilən diqqət Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinin tərkib hissəsi olmuşdur. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, hələ ötən əsrin 70-ci illərində onun rəhbərliyi ilə Akademiyanın fəaliyyəti təkmilləşdi, bir neçə yeni elmi-tədqiqat institutu yaradıldı, elmin inkişafına böyük vəsait ayrılırdı.

O dövrdə yüz minlərlə Azərbaycan gəncinin Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərilməsi dövlətin uzaqgörən intellektual strategiyasının nümunəsi idi. Həmin gənclər sonradan müxtəlif sahələrdə böyük uğurlar qazandılar və elmin, texnologiyanın, sənayenin inkişafında mühüm rol oynadılar. Bu siyasət müstəqillik illərində davam etdirilir. Bu gün ölkəmizin gəncləri dünyanın aparıcı universitetlərində təhsil alır, elmi bilik və təcrübə toplayır, Vətənə qayıdaraq ölkənin inkişafına xidmət edirlər. Bu yanaşma göstərir ki, elmi inkişaf yalnız bir dövrün deyil, bütövlükdə dövlətin davamlı siyasətinin əsas istiqamətidir.

Prezident İlham Əliyevin çıxışında diqqətə çatdırılan əsas məsələlərdən biri son on il ərzində elmin inkişafı üçün görülən konkret işlər idi. Bu dövrdə elmin maliyyələşməsi iki dəfədən çox artmış, Akademiyanın maddi-texniki bazası yenilənmiş, yeni binalar və tədqiqat mərkəzləri istifadəyə verilmişdir. Elmi kitabxananın və Milli Ensiklopediyanın yaradılması isə elmi irsin qorunması və sistemləşdirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

2009-cu ildə Elm Fondunun təsis edilməsi alimlərin fəaliyyətinə birbaşa dəstək mexanizmi yaradıb. Qrant layihələrinin tətbiqi nəticəsində elmi fəaliyyətin stimullaşdırılması və rəqabətli mühitin formalaşması mümkün olub. Dövlət tərəfindən qəbul edilən “Elm haqqında” Qanun və Elmin İnkişafı üzrə Milli Strategiya həmin istiqamətdə uzunmüddətli və ardıcıl siyasətin əsasını qoyub. Son on il ərzində Azərbaycanın əldə etdiyi tarixi Qələbə, ərazi bütövlüyünün və suverenliyin bərpası yalnız hərbi güclə deyil, həm də intellektual hazırlıqla, strateji düşüncə ilə mümkün olmuşdur. Dövlətimizin başçısı qeyd edib ki, bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmamışdır.

Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi “Tükənməz sərvət intellektual potensialdır, amma o halda əgər buna sərmayə qoyularsa” fikri müasir dövlət idarəçiliyinin əsas fəlsəfəsidir. Təbii sərvətlər istənilən vaxt tükənə bilər, lakin insan kapitalı və elmi biliklər inkişaf etdikcə çoxalır, dəyər qazanır. Dövlətin məqsədi həmin potensialı qorumaq, inkişaf etdirmək və onun iqtisadi dəyərə çevrilməsini təmin etməkdir. Elmə, təhsilə və innovasiyaya yönələn investisiyalar əslində gələcək nəsillərin rifahına və milli təhlükəsizliyə qoyulan sərmayədir. Təbii resurslardan əldə olunan gəlirlər bilik iqtisadiyyatına yönəlməli, texnoloji müstəqilliyin təmininə xidmət etməlidir. Bu siyasət nəticəsində Azərbaycan artıq postneft dövrünün reallıqlarına tam hazırdır və gələcək inkişafını bilik, elm və innovasiya üzərində qurur.

Prezident İlham Əliyevin “Bu gün süni intellekt ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir” fikri elmin yeni çağırışlarını dəqiq ifadə edir. Süni intellekt bu gün təkcə texnoloji yenilik deyil, həm də iqtisadiyyatın, idarəetmənin, təhlükəsizliyin və təhsil sisteminin əsas komponentinə çevrilib. Azərbaycan sözügedən istiqamətdə regional liderliyə doğru inamla addımlayır. Rəqəmsallaşma, kibertəhlükəsizlik, robot texnologiyaları və innovativ tədqiqat sahələrində görülən işlər bu siyasətin konkret nəticələridir. Süni intellekt və rəqəmsal texnologiyalar yaxın illərdə ölkənin iqtisadi və sosial inkişafının əsas hərəkətverici qüvvəsinə çevriləcək.

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi bir daha təsdiqləyir ki, elmin inkişafı dövlət siyasətinin mərkəzində dayanır. Prezident İlham Əliyevin çıxışında ifadə olunan əsas ideyalar – intellektual potensialın qorunması, insan kapitalına sərmayə, süni intellektə əsaslanan yeni inkişaf mərhələsi və elmi idarəetmənin müasirləşdirilməsi Azərbaycan dövlətçiliyinin uzunmüddətli sabitliyini və tərəqqisini təmin edən strateji konsepsiyadır.

Elm və intellekt, yaradıcı düşüncə və zəkaya əsaslanan siyasət – bu, müasir Azərbaycan modelinin əsas dayağıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müdrik siyasət nəticəsində Azərbaycan yalnız regionda deyil, qlobal miqyasda da elmə və biliyə söykənən qalib dövlət nümunəsinə çevrilməkdədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
22
1
yeniazerbaycan.com

2Источники