RU

“Daha keyfiyyətli, maraqlı və peşəkar verilişlər gözləyirik” - MEDİA EKSPERTİ DANIŞDI

“Televiziya və Radio gününün qeyd olunması ictimai rəyə bir daha xatırladır ki, televiziya və radionun cəmiyyətdə mövqeyi, yeri və rolu əhəmiyyətlidir. Artıq yüz ilə yaxın tarixə malik radiomuz, yetmiş ilə yaxın isə televiziya yayımımız var. Bunlar Azərbaycanın mədəniyyətinin, milli düşüncəsinin formalaşmasında və inkişafında mühüm rol oynayıb”. Bu sözləri SİA-ya açıqlamasında media eksperti Qulu Məhərrəmli deyib.

O bildirib ki, televiziya və radionun cəmiyyətdəki rolu ilə bağlı müzakirələr, bu vasitələrin yarandığı gündən bəri davam edir: “Kimisi bu vasitələri əyləncə, kimisi tədqiqat, kimisi isə maarifləndirici mənbə kimi görür. Bu səbəbdən də mübahisələr hələ də qalır. Çünki televiziya sintetik sənət sahəsidir, çoxfunksiyalıdır: həm məlumatlandırır, həm maarifləndirir, həm də əyləndirir. Əgər bu funksiyalardan biri digərlərindən çox üstünlük təşkil edərsə, balans pozular. Verilişlərin proqramlaşdırılmasında bu üç istiqamət – xəbər, maarif və əyləncə mütləq nəzərə alınmalıdır. Əgər televiziyada, məsələn, maarifçilik olmazsa, yalnız danışıq və ya xəbərlə kifayətlənərsə, bu zaman baxış balansı pozular.

Bu gün tamaşaçıların televiziyadan narazılığı da əsasən bununla bağlıdır: ya əyləncə çox olur, ya da keyfiyyətsiz əyləncə təqdim edilir və ya xəbər proqramları aktual olmur. Halbuki televiziya cəmiyyətin maraqlarına xidmət etməli, maarifləndirməli və bir güzgü kimi onu əks etdirməlidir.

Televiziya vitrindir, cəmiyyətdəki ən yaxşı ənənələr, dəyərlər, nümunələr bu vitrində göstərilməlidir. Xəbərlər vasitəsilə ölkə, dünya və cəmiyyət tamaşaçıya təqdim olunmalıdır. Bugünkü informasiya maraqları o qədər geniş və müxtəlifdir ki, bunları əhatə etmək televiziyanın əsas vəzifələrindən biridir. Lakin nəzərə almaq lazımdır ki, 15-20 il öncəki televiziya ilə bugünkü televiziya eyni statusda deyil. Sosial şəbəkələr, internet mediası artıq televiziya üçün ciddi rəqibə çevrilib və bu, böyük rəqabət mühiti yaradır. Bütün bunlar göstərir ki, televiziya indiki şəraitdə fəaliyyətini asanlıqla davam etdirə bilmir. Ona görə də televiziya tamaşaçıya yalnız keyfiyyətli audiovizual materiallar təqdim etməlidir. Əgər cəmiyyətin maraqları, peşəkarlıq təmin olunarsa, tamaşaçı razı qalır. Əks halda isə narazılıqlar qaçılmazdır. Bu baxımdan, Televiziya və Radio Günündə teleradio əməkdaşları bir növ hesabat verir, proqramlarına, yayım strategiyalarına yenidən baxır və tamaşaçı zövqünü oxşamağa çalışırlar. Sonda isə daim ictimai fikrin mərkəzində olan, bəzən sevilən, bəzən tənqid edilən, bəzən də haqsız narazılıqlara tuş gələn teleradio işçilərini peşə bayramları münasibətilə təbrik edirik. Onlardan daha keyfiyyətli, maraqlı və peşəkar verilişlər gözlədiyimizi bildiririk”.

Müəllif: Səbinə Hüseynli
Избранный
37
1
sia.az

2Источники