RU

“Çoxuşaqlı anaların pensiya yaşı azaldılmalıdır” Fazil Mustafa

Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Son günlər ictimai müzakirələrdə gündəmə gətirilən məsələlərdən biri də üç və daha çox övladı olan anaların pensiya yaşının azaldılması təklifidir. Mövzu cəmiyyətdə həm sosial ədalət baxımından, həm də demoqrafik siyasət kontekstində ciddi maraq doğurub. Hazırkı qanunvericiliyə əsasən, qadınlar Azərbaycanda 65 yaşında pensiyaya çıxırlar. Lakin bir çox ekspertlər və ictimai fəallar hesab edirlər ki, çoxuşaqlı anaların bu kateqoriyaya eyni şərtlərlə daxil edilməsi sosial baxımdan düzgün deyil. Çünki belə analar həm fiziki, həm də mənəvi cəhətdən daha ağır həyat şəraiti keçirdikləri üçün dövlət tərəfindən əlavə güzəşt və sosial dəstək mexanizmlərinə ehtiyac duyurlar. Təklifə görə, üç uşağı olan anaların pensiya yaşı 2 il, dörd və daha çox uşağı olanların isə 3-5 il azaldıla bilər. Bu yanaşma bir tərəfdən sosial rifahı artırmaq, digər tərəfdən isə ölkədə doğum səviyyəsini stimullaşdırmaq məqsədi daşıyır.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin komitə sədri Fazil Mustafa bildirdi ki, bu məsələnin nə vaxt baş tutacağını dəqiq demək çətindir:

"Amma məncə, bu addım atılmalıdır. Çünki üç və daha çox uşağı olan analara belə bir güzəştin verilməsi həm sosial baxımdan ədalətli olardı, həm də demoqrafik baxımdan stimullaşdırıcı rol oynaya bilər. Hər halda bu məsələ artıq gündəmə gətirilib və müəyyən səviyyələrdə müzakirə olunur. Hesab edirəm ki, indi dövlətin real maliyyə imkanlarını, büdcə yükünü və sosial prioritetləri nəzərə alaraq bu məsələyə sistemli şəkildə yanaşmaq daha doğru olardı. Əgər iqtisadi şərait imkan verərsə, çoxuşaqlı anaların pensiya yaşının azaldılması həm cəmiyyətin, həm də dövlətin maraqlarına xidmət edəcək".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
33
1
redaktor.az

2Источники