RU

"Türkiyə və Azərbaycanın həmrəyliyi regional sabitliyə ən mühüm zəmanətdir" - Yaşar Güler


Vətən müharibəsi günlərində Azərbaycan Silahlı Qüvvələri əsl qəhrəmanlıq nümayiş etdirərək ədalətsizliyə son qoydu. Azərbaycanın tarixi torpaqlarının azad edilməsində göstərilən rəşadət və qətiyyət Türk dünyasının tarixinə qızıl hərflərlə əbədi həkk olunub, 44 günlük mübarizə xalqın tarixi torpaqlarını müdafiə etmək əzminin göstəricisinə çevrilib.

Bu fikirləri Türkiyənin milli müdafiə naziri Yaşar Güler 44 günlük Vətən müharibəsində Şanlı Zəfərin beşinci ildönümü və Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə keçirilən təntənəli qəbulda çıxışında ifadə edib.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Selçuk Bayraktaroğlu və ordunun müxtəlif qollarının komandanlarının da qatıldığı tədbirdə çıxış edən Y. Güler Azərbaycan Silahlı Qüvvələrinin tarixi Qələbəsinə həsr olunmuş mərasimdə iştirak etməkdən qürur və məmnunluq duyduğunu bildirib.

Türkiyə Milli Müdafiə Nazirliyinin rəhbəri Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını tədbir iştirakçılarına çatdırıb, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini ehtiramla yad edib.

Türkiyəli nazir vurğulayıb ki, bu gün üçrəngli Azərbaycan Bayrağının Qarabağda dalğalanması onu səmimi-qəlbdən məmnun edir.

“Türkiyə vətəndaşları Azərbaycandakı qardaşlarımızla birlikdə Qələbənin qürurunu yaşadı. Vətən müharibəsi zamanı Azərbaycan xalqı üçün dua etdik və onu dəstəklədik. Qeyd edim ki, 44 günlük müharibə “Bir millət, iki dövlət” kəlamının əhəmiyyətini bir daha nümayiş etdirdi, çünki Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə Türkiyənin kədəridir”, - deyən Yaşar Güler Ankaranın qardaş Azərbaycanı dəstəkləməyə davam etməyə hazır olduğunu bildirib.

O vurğulayıb ki, Türkiyənin gücü Azərbaycanın qüdrətidir və bunun eynisi Azərbaycanın potensialına da aiddir.

“Prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iradəsi və qətiyyəti sayəsində ikitərəfli münasibətlər ən yüksək səviyyəyə çatıb. Ankara ilə Bakı arasında tərəfdaşlıq müdafiə sahəsi də daxil olmaqla bütün istiqamətlərdə fəal inkişaf edir”, - deyə nazir bildirib. O, həmçinin iki qardaş ölkənin müdafiə sənayesi və birgə hərbi təlimlər üzrə əməkdaşlığını xatırladıb.

“Dünyada artan risklər və qeyri-müəyyənlik fonunda, sülhün dəyərinin xüsusilə yüksək olduğu bir vaxtda Türkiyə ilə Azərbaycan arasındakı həmrəylik regional sabitliyə ən mühüm zəmanətdir”, - deyə Türkiyənin müdafiə naziri bildirib.

Y. Güler, həmçinin Bakı ilə İrəvan arasında davamlı sülhə doğru atılan son addımlardan məmnunluğunu ifadə edib. “Bu gün Cənubi Qafqazda təhlükəsizlik, sabitlik və rifah mühiti yaratmaq üçün ciddi bir fürsət yaranıb”, - deyə o vurğulayıb.

Türkiyəli nazir çıxışını bu sözlərlə yekunlaşdırıb: “Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”

Избранный
9
1
baki-xeber.com

2Источники