ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Azərbayanda pandemiya dövründə əhalinin məşğulluğunun təmin olunması məqsədi ilə yaradılan iş yerlərinin əksəriyyəti ixtisar olunub.
“AzPolitika”nın apardığı araşdırmaya görə, bu iş yerləri kommunal sektorda və bir sıra dövlət qurumlarında yaradılmışdı. Bu sırada Bakı və digər iri şəhərlərdə təsərrüfat hesablı qurumlar daha çox işçi qəbul etmişdi. Ümumilikdə 25 min nəfərə yaxın olan bu kateqoriyaya daxil olan vətəndaşların əksəriyyəti minimum əməkhaqqı - 400 manat məbləğində müxtəlif sosial işlərə cəlb olunmuşdular.
2025-ci ilin dövlət büdcəsində maliyyə kəsintilərinə görə onların əhəmiyyətli hissəsi artıq ixtisar edilib. “Azəriqaz” QSC, “Azərsu” ASC, “Azərişıq” ASC, “Təmiz Şəhər” ASC, Dövlət Baytarlıq Xidməti və s. qurumlar yeni əməkdaşlarla vidalaşıb.
“AzPolitika”nın əldə etdiyi məlumata görə, 2026-cı ildə ixtisarların yeni dalğası başlayacaq. Bu, Maliyyə Nazirliyinin hökumət qarşısında qaldırdığı məsələlərdən biridir. Nazirliyin apardığı araşdırmalardan sonra büdcə təşkilatlarında xeyli sayda gərəksiz ştatların dairəsi müyyən edilib və onların ləğv edilməsi tövsiyə olunub. Mənbə bildirir ki, gələn ilki büdcə maliyyələşməsində bu məsələlər nəzərə alınıb və xərclər optimallaşdırılıb. Nazirliyin büdcəyə qənaət, xərclərdə şəffaflığın və nəzarətin təmin olunması məqsədi ilə elan etdiyi “təmizlənmə” büdcə təşkilatlarında çalışanların 20 faizə qədərini əhatə edə bilər. Gözlənilir ki, ilin əvvəlindən başlayaraq dövlət qurumlarında ixtisarlar başlayacaq.
Məlumdur ki, 2026-cı ildən özəl sektorda çalışanların əməkhaqlarından gəlir vergisi tutulacaq. İqtisadiyyat Nazirliyinin tövsiyəsi ilə güzəştlər dayandırılıb və gələn ilin büdcəsinə bu istiqamətdən əlavə 400 milyon manatın daxil olması proqnozlaşdırılır. Hökumətin bu qərarı özəl sektorda yeni büdcə planlaşdırılmasına rəvac verib. Belə ki, şirkətlər artan xərclərini kompensasiya etmək üçün planlar qurur, xərclərin optimallaşdırılması və gələcək sərmayələrin dəyərləndirilməsi proesi aparılır. Tədbirlər sırasında işçilərin ixtisara salınması hesabına maliyyə yükünün azaldılması əsas hədəflərdən biridir.
Beləliklə, həm dövlət, həm də özəl sektorda ixtisarlar qaçılmazdır, ötən il minlərlə vətəndaşın artıq işini itirdiyini nəzərə alsaq, hökumətin qarşısında çox ciddi çağırışlar dayanır. 2026-cı ildə işsizliyin cilovlanması, mövcud iş yerlərinin qorunması prioritetdir. Bu istiqamətdə hansı planlar var, iqtisadiyyata cavdeh qurumların rəhbərləri parlamentdəki büdcə təqdimatlarında ona aydınlıq gətirmədilər.
Onu da qeyd edək ki, xaricdən göndərilən vəsaitlərin kəskin azalması, qiymətlərin durmadan bahalaşması ölkədə əhalinin sosial vəziyyətini çətinləşdirir. İşini itirən vətəndaşların sayının artması isə bu mənzərəni daha da tündləşdirir. Ona görə də hökumət strukturları daxili investisyaları artırmalı, iş yerlərinin yaradılmasını stimullaşdıran layihələr həyata keçirməlidir. Əlbəttə, dövlət sektorunda ənənəvi iş yeri yaratmaq, bir qrup vətəndaşa minimum əməkhaqqı verib, bir ildən sonra onları bayıra atmaq çıxış yolu deyil. Dayanıqlı iş yerləri dövlətin dəstəklədiyi və qorudğu sahibkarlıq subyektlərində formalaşa bilər. Ona görə biznesi müxtəlif dövlət qurumlarının təzyiqindən qorumaq, onların dövlətin maliyyə resurslarına çıxışını sadələşdirmək və əlverişli mühit yaratmaq çox vacibdir.
E. Rüstəmli
“AzPolitika.info”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.