RU

Liderlər arasında “söz oyunu”: ABŞ və Rusiya arasında etimad tam bərpa olunmayıb

Ukraynanın artıq regional deyil, qlobal geosiyasi qarşıdurmanın rıçaq nöqtəsinə çevrilib


ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya Prezidenti Vladimir Putin ondan Ukrayna münaqişəsinin həllinə yardım göstərməyi xahiş edib.
Ağ Ev rəhbəri bunu ABŞ Biznes Forumunda açıqlayıb.
“İki həftə əvvəl Putinlə danışdım və o mənə dedi ki, sitat gətirirəm: "Biz bu müharibəni on ildir bitirməyə çalışırıq, amma bacarmadıq. İndi isə bunu sən həll etməlisən”, - Tramp qeyd edib.
Qeyd edək ki, əgər Putin həqiqətən də Trampdan vasitəçilik istəyibsə, bu, Moskvanın müharibə gedişatında müəyyən strateji çətinliklərlə üzləşdiyini göstərə bilər. Son aylarda Ukrayna cəbhəsində vəziyyətin sabitləşməməsi, Qərb ölkələrinin isə Kiyevə hərbi və maliyyə dəstəyini davam etdirməsi Rusiya üçün təzyiqləri artırıb. Bəzi ekspertlər bunu həm də Kreml tərəfindən diplomatik manevr kimi dəyərləndirirlər. Digər tərəfdən, Trampın bu kimi açıqlamaları onun xarici siyasətdə özünü yenidən “münaqişələri bitirən lider” kimi təqdim etmək istəyi ilə izah olunur.

Politoloq Tural İsmayılov Sherg.az-a bildirib ki, Donald Trampın açıqlaması əslində iki mühüm məqamı göstərir:

"Birincisi, Rusiya Prezidenti Vladimir Putinin Donald Trampa etimad mesajı verməsi, ikincisi isə ABŞ-ın qlobal liderlik roluna yenidən qayıtmaq cəhdidir. Tramp açıq şəkildə nümayiş etdirir ki, o, Bayden administrasiyasından fərqli olaraq, diplomatik dialoqa üstünlük verir. Bu, həm də onun “qarşılıqlı maraqlar üzərindən sabitlik” konsepsiyasına sadiqliyini ortaya qoyur. Putinlə belə bir dialoqun mövcudluğu Qərb üçün sürpriz deyil, amma mesaj çox aydındır: Rusiya ABŞ-lə qarşıdurmanı yox, qarşılıqlı anlaşmanı istisna etmir. Tramp isə bu fürsətdən istifadə edərək həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə özünün sülh yaradan obrazını təqdim edir. Liderlər arasında “söz oyunları”nın davam etməsi fonunda real sülhün olmamasının əsas səbəbi güc balansının hələ formalaşmamasıdır. ABŞ və Rusiya arasında etimad tam bərpa olunmayıb, Avropa isə təhlükəsizlik arxitekturasını yenidən qurmaqla məşğuldur. Ukraynanın özü də artıq regional deyil, qlobal geosiyasi qarşıdurmanın rıçaq nöqtəsinə çevrilib. Tramp diplomatiyanı təklif edir, amma bu təklifin reallaşması üçün tərəflərin maraqları kəsişməlidir".

Analitikin sözlərinə görə, hazırda nə Moskva, nə də Kiyev geri addım atmaq niyyətində deyil:
"Rusiya öz "təhlükəsizlik qarantiyalarını" tələb edir, Qərb isə geri çəkilməyi zəiflik kimi görür. Bu şəraitdə Trampın vasitəçilik təşəbbüsü sülhün başlanğıcı ola bilər, lakin icrası çox çətin olacaq. O, sanki “reallığı danışmaqdan qorxmur” imicini bir daha möhkəmləndirir. Ukrayna münaqişəsinin həlli yalnız siyasi iradə və qarşılıqlı kompromis tələb edir. Trampın cəhdləri göstərir ki, bu istiqamətdə ən azından dialoq qapısı açıq qalır. Siyasi fon nə qədər gərgin olsa da, diplomatiya hələ tam məhv olmayıb".

Aynur Babazadə
Избранный
40
1
sherg.az

2Источники