8 Noyabr xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan şanlı gündür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü sərkərdəliyi ilə 30 illik işğala 44 gündə son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu. Azərbaycan qalib ölkəyə, Azərbaycan xalqı qalib xalqa çevrildi. Bu möhtəşəm Qələbə, eyni zamanda, Azərbaycanın hərbi və iqtisadi gücünü dünyaya nümayiş etdirdi.
2020-ci il noyabrın 8-də xalqımızın tarixinə ən parlaq və möhtəşəm qələbələrdən biri yazıldı. Azərbaycan hərbçiləri dağlar qoynunda yerləşən Şuşa şəhərini erməni işğalçılarından azad etdi. Qəhrəman əsgər və zabitlərimiz mürəkkəb dağ relyefi, sıldırım qayaları, sıx meşələri, dərin dərələri, çətin və keçilməz dolayları adlayaraq düşmən hərbçilərini Qarabağın baş tacı hesab olunan Şuşadan qovub çıxardı. Prezident İlham Əliyevin Sərəncamı ilə həmin tarixi hadisənin baş verdiyi gün - noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaltdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsinin və 8 noyabrın tarixi əhəmiyyətini belə səciyyələndirirdi: “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik”.
Bu il xalqımız Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin beşinci ildönümünü qeyd edir. Əlbəttə, İkinci Qarabağ müharibəsinin hər günü bir şanlı tarix, misligörünməmiş qəhrəmanlıq dastanı, Zəfər salnaməsidir. Ancaq birmənalı olaraq deyə bilərik ki, Qarabağ Zəfərinin baş tacı Şuşa qalibiyyətidir. Məhz Şuşa şəhərinin işğaldan azad edilməsinin xüsusi əhəmiyyəti nəzərə alınaraq Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla noyabrın 8-i Zəfər Günü kimi əbədiləşdirilib, şanlı tariximizin ən qürurverici təqviminə çevrilib. Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Ona görə də, rəşadətli ordumuz hər gün, hər saat, hər dəqiqə Şuşaya doğru dayanmadan, inamla irəliləyirdi. Qəhrəman əsgər və zabitlərimiz çətin və mürəkkəb relyefə, ağır hava və yolsuzluq şəraitinə baxmayaraq, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Şuşadan qovaraq çıxardı. Ata vəsiyyətini layiqincə yerinə yetirən Möhtərəm Prezidentin tarixi missiyası uğurla tamamlandı və Zəfər Günümüzə qovuşduq.
Əlbəttə, Zəfərimizin qazanılması 44 günə ərsəyə gəlsə də bu qürurverici tarixi salnamənin, müqəddəs yolun əsası Ulu Öndərimiz tərəfindən qoyulmuşdu. Onun möhkəm təməl üzərində formalaşdırdığı peşəkar və intizamlı ordu quruculuğu cənab İlham Əliyevin unikal məharəti və qətiyyəti sayəsində ən qüdrətli mərhələyə yüksəldi. Dövlət başçısı fəaliyyətinin ilk günündən ölkəmizin bir nömrəli taleyüklü problemi olan torpaqlarımızın erməni işğalından azad edilməsi üçün iqtisadi potensialımızı nümunəvi ordu quruculuğuna və bu ordunun qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə yönəltdi.
“Güclü iqtisadiyyat-güclü dövlət” arxitekturası üzərində “Güclü Ordu” strategiyası Silahlı Qüvvələrimiz tamamilə Qələbə ruhuna hazırladı. Eyni zamanda, respublikamızın iqtisadi-enerji potensiallarının artması, dünya birliyində etibarlı tərəfdaşa çevrilməsi və saysız dost ölkələr qazanması, habelə özünün enerji-tranzit imkanlarından məharətlə istifadə etməsi geosiyasi dividentlər və diplomatik cəbhədə üstünlüklər qazandırdı. Bu mükəmməl siyasi hücum taktikası sayəsində qlobal birlikdə Ermənistanın işğalçı siması tamamilə təsdiqləndi.
Zəfər missiyasını hər bir azərbaycanlı özü üçün müqəddəs amal və borc hesab edərək bu şərəfli yolda Ali rəhbərinə sığındı, etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik, mütəşəkkillik və yetkinlik nümayiş etdirdi. Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər ünvanlaması, Onun ətrafında sıx birləşməsi ümummilli məsələlərdə siyasi mənsubiyyətindən asılı olmayaraq hamının bir cəbhədə və səngərdə olmasını təsdiqlədi. Bu çətin günlərdə və taleyüklü məsələlərdə yenə də milli xainlər, xarici ölkələrə qulluq edən satqınların kimliyi də gizli qalmadı. Çox təəssüf ki, AXCP, Müsavat Partiyası və “Milli Şura” kimi ünsürlər həmrəylik hərəkatına qoşulmamaqla anti-Vətən xislətlərini yenə də biruzə verdilər.
Müharibənin ilk günlərindən Azərbaycanın yanında olan dost və qardaş ölkələrlə qələbəmizə qısqanan, kölgə salmağa çalışan, hətta açıq-aşkar işğalçı Ermənistanı müdafiə edən dövlətləri də bütün çılpaqlığı ilə gördük. Qardaş Türkiyənin sonacan bizimlə bir yerdə olması qürurverici tarixi hadisə kimi hər kəsin yaddaşında silinməz izlər saldı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibə başlayan andan “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” bəyanatı xalqımızın sarsılmaz mənəvi gücünü daha da möhkəmləndirdi. Qardaş ölkə Qələbədən sonra da da dəstəyini əsirgəmədi, Azərbaycana qarşı beynəlxalq arenada yönələn əsassız və haqsız hücumların qarşısının alınmasında fədakarlıq etdi, Ermənistanın havadarlarına öz layiqli yerini göstərdi. Həmin ilin dekabrında Bakıda keçirilən Zəfər paradında iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Müzəffər Ali Baş Komandanımızın yanında olması, paradda Azərbaycan və Türkiyə əsgərlərinin çiyin-çiyinə addımlaması əsl qardaşlıq manifestini nümayiş etdirdi. Cəmi bir il sonra, cənab Ərdoğanın azad edilmiş ərazilərimizə və Şuşaya səfər etməsi, Şuşa Bəyannaməsinin imzalanması Türkiyə və Azərbaycanın sarsılmaz qardaşlığının ən şanlı səhifəsinə çevrildi.
Eləcə də digər qardaş türk dövlətləri, dost Pakistan və digər bəzi ölkələr də Azərbaycanı haqq savaşında tək buraxmadı, sona qədər siyasi dəstək verdilər. Eləcə də, Qoşulamama Hərəkatına daxil olan ölkələrin həmrəyliyi, BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı haqsız bəyanatın qəbuluna veto qoyması strateji tərəfdaşlığın əsil dost sınağını təsdiqlədi. Ancaq həmin günlərdə aşkar şəkildə işğalçı Ermənistanı və separatçı qondarma rejimi dəstəkləyənlərin də şahidi olduq. Sonrakı mərhələdə həmin qüvvələr erməni separtizmini yenə də “dirçəltməyə” çalışırdılar. Böyük lider, uzaqgörən müdrik siyasətçi Prezident İlham Əliyev bu məkrli planların hansı məqsədlərə xidmət etdiyini çox aydın dərk edərək separatist və neorasist erməni zehniyyətinin Qarabağda mövcudluğunun yenidən qanlı toqquşmalara səbəb olacağını, terror yuvasına çevrilmiş Xankəndi və ətraf ərazilərdə heç vaxt dinclik, sabitlik, sülh olmaycağını bilirdi. Həqiqətən də, separatçılar bir sıra təxribatlar törətdilər. Ona görə də Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusu 2023-cü il sentyabrın 19-da birgünlük uğurlu antiterror tədbirləri nəticəsində qanunsuz erməni silahlı birləşmələrinin, separatizmin mövcudluğuna son qoyaraq 86,6 min kv.km ərazisində suverenliyimizi tam bərqərar etdi.
Bu gün isə Azərbaycan dövləti hərb meydanında qazandığı inamlı qələbələri azad əraziləri bərpa etməklə davam etdirir, quruculuq missiyası böyük miqyas almaqla bölgədə əbədi sülh və firavanlıq yaratmaqdadır. Eyni zamanda, regionun geosiyasi landşaftını dəyişən Azərbaycan trans-kontinental tranzit-logistika şəbəkələri qurmaqla Asiya və Avropanı birləşdirən nəhəng əməkdaşlıq körpüləri inşa edir ki, onların ən böyük sütunlarından biri Zəngəzur dəhlizidir. Ölkəmiz geniş əməkdaşlıq, sülh və rifah dəhlizinə çevirdiyi Zəngəzur koridorunu bərqərar etməklə dünyadan təcrid olunmuş, qlobal logistika və tranzitlərə qapısı bağlı olan Ermənistanı da bu həmrəylik ailəsinə qoşmağa çalışır. Rəsmi İrəvan onun üçün açılmış bu tarixi fürsəti dəyərələndirərək Azərbaycanla sülh sazişi imzalamaqla həm bölgədə firavan həyat quruculuğunda yer ala, həm də əbədi təhlükəsiz səadətini qura və inkişaf edə bilər. Cənab Prezidentin də bəyan etdiyi Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik.
Artıq Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində Cənubi Qafqaz dayanıqlı sülh və əməkdaşlıq astanasındadır. Bu tarixi nailiyyəti isə xalqımıza qazandıran, şanlı ordumuzun gücü, şəhidlərimizin qanı-canı hesabına əldə edilən tarixi Zəfər Günüdür!
Samir Vəliyev
Milli Məclisin deputatı