RU

Makronu aşağıladılar: "Fransanın tarixdəki ən zəif prezidenti"

Fransa prezidenti Emmanuel Makron “ölkənin son onilliklərdə ən zəif prezidentidir”.

Musavat.com xəbər verir ki, bu fikirləri prezident Nikolya Sarkozinin keçmiş xüsusi müşaviri və iqtisadi strategiya üzrə məsləhətçisi Henri Guaino səsləndirib.

Onun sözlərinə görə, Makronun həm daxili, həm də xarici siyasətdə qarşılaşdığı çətinliklər onun siyasi mövqelərini ciddi şəkildə zəiflədib və ictimai dəstəyini minimuma endirib.

Müşavir vurğulayıb ki, Makronun seçkilərdə qələbəsi cəmiyyətin geniş dəstəyinə deyil, rəqiblərin zəifliyinə əsaslanıb. Bu səbəbdən Fransa daxilində onu çox vaxt “azlıq səsi ilə seçilmiş prezident” kimi qiymətləndirirlər. 2018–2020-cü illərdə baş verən “sarı jiletlilər” etirazları, pensiya islahatlarına qarşı kütləvi narazılıq və qiymət artımı fonunda Makronun sosial dayaqları daha da zəifləyib.

Bundan başqa, 2022-ci ildə keçirilən parlament seçkilərindən sonra prezidentin siyasi komandasının parlamentdə tam çoxluq qazana bilməməsi onun hökumətini koalisiya razılaşmalarına və mütəmadi siyasi kompromislərə məcbur edib. Bu vəziyyət Makronun qərarvermə imkanlarını məhdudlaşdırır.

Xarici siyasət müstəvisində də Makron çətinliklərlə üzləşir. Afrika ölkələrində Fransa nüfuzunun azalması, Niger, Mali və Burkina Fasoda Parisin mövqelərinin zəifləməsi və Rusiya təsirinin artması Fransanın qlobal rolunun enişi kimi qiymətləndirilir. Eyni zamanda, Ukrayna müharibəsində Makronun mövqeyi bir çox vaxt “qərarsız” kimi təqdim olunur: o, həm Rusiya ilə dialoqun vacibliyini vurğulayıb, həm də Moskvanın məğlubiyyətinin əsas məqsəd olduğunu bəyan edib.

Mütəxəssislərin fikrincə, Makronun siyasi mövqelərini bərpa etməsi üçün üç əsas istiqamətdə islahatlar aparması vacibdir:
— orta təbəqə və sosial qruplarla münasibətlərin yenidən qurulması,
— Avropa təhlükəsizlik siyasətində aydın strategiyanın müəyyənləşdirilməsi,
— öz partiyasının təşkilati və ideoloji əsaslarını gücləndirməsi.

Qeyd edək ki, Fransada növbəti prezident seçkiləri 2027-ci ildə keçiriləcək və Konstitusiyaya görə Makron üçüncü dəfə ardıcıl namizəd ola bilməz. Bu səbəbdən ölkədə artıq yeni siyasi güclərin formalaşması və mümkün namizədlərlə bağlı müzakirələr başlayıb.

Musavat.com

Избранный
36
1
musavat.com

2Источники