RU

Şuşa fatehlərinin sonuncu şəkli

Xalq qazeti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu fotoda iki qubalı igid, iki dost, iki Şuşa fatehi bir yerdədir. Hər ikisi Vətən Müharibəsi Qəhrəmanıdır – şəhid, baş gizir Mehrab Niftəliyev və qazi, polkovnik-leytenant Ceyhun Camalov. Bu, onların sonuncu şəklidir. Aşağısında qeyd də var – 4 noyabr 2020-ci il, saat 15:44.

Həmin gün son dəfə görüşdülər. Səngər həyatının barıt qoxulu qayğılarından danışdılar, axar-baxarlı Qubanı xatırladılar. Həm də kirvə olduqlarına görə, doğma el-obanı, qohum-əqrəbanı yada saldılar. Həmin an foto ilə əbədiləşdirildi. Halallaşıb ayrıldılar. Mehrab Şuşaya, Ceyhun isə Daşaltıya yollandı. Gedərkən bir-birlərinə söz verdilər: Kim sağ qalarsa, digərinin ailəsinə yardımçı olacaq.

Mehrab Niftəliyev 8 noyabrda Şuşa döyüşlərində qəhrəmancasına şəhadətə ucaldı. O, sözün əsl mənasında, Zəfərin simvoluna çevrildi. Ceyhun Camalov isə qalib kimi evə qayıtdı. Bu gün də Vətən keşiyindədir. Andına sadiq qalıb – dostunun əmanətlərinə tez-tez baş çəkir, qayğıları ilə maraqlanır. Dostların biri şəhidliklə ölümsüz qazanıb, digəri Vətənə xidməti ilə qürur qaynağına çevrilib.

Mehrab Söhrab oğlu Niftəliyev 1985-ci ilin may ayında Qubanın Qam-qam kəndində dünyaya göz açıb. 2002-ci ildə Mübariz Abdullayev adına orta məktəbi bitirib və hərbi xidmətə yollanıb. Qulluq dövründə xüsusi təyinatlıların sıralarına qəbul olunub. 17 illik xidməti dövründə əsl Vətən oğlu olduğunu dəfələrlə sübuta yetirib. Aprel döyüşlərində də bir neçə ağır əməliyyatda iştirak edib, uğurlu döyüşçü kimi təltif olunub.

Bütün söhbətlərində deyirmiş ki, Qarabağın işğal altında olması ona pis təsir edir. Can bahasına da olsa, bu əzəli torpaqlarımızı nankor haylardan azad etməliyik. 2020-ci ilin payızında Mehrab arzusuna çatdı, amma həmin payız onun üçün sonuncu oldu.

Silahdaşlarının dediyinə görə, Füzuli, Cəbrayıl, Hadrut və Şuşada iz qoyan, ad çıxaran Mehrab döyüşlərə silahından əlavə, 60 kiloqrama yaxın çəkisi olan müxtəlif sursatlarla girirmiş. Yaralı olsa belə, yoluna davam edir, düşmənin artilleriyası onu dayandıra bilmirdi. Buna görə döyüş yoldaşları Mehrabı “Terminator” adlandırıblar.

Qarabağ uğrunda “uf” demədən canından keçən Mehrab Niftəliyev dövlətimizin başçısı İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, o cümlədən “Vətən uğrunda”, Şuşanın, Cəbrayılın və Füzulinin azad olunmasına görə medallarla təltif olunub.

...İnişil 8 Mart Beynəlxalq Qadınlar Günündə şəhid qəhrəmanın xanımını, onun itkisindən sonra mərdanə dayanan Vüsalə Niftəliyevanı Sumqayıtın 13-cü mikrorayonundakı evində ziyarət etdik. Çay süfrəsi arxasında həzin-həzin Mehrablı günlərindən danışdı. Onun xatirələri bizi də xeyli kövrəltdi.

Ceyhun Fikrət oğlu Camalov 1983-cü ilin yanvarında Qubanın Yenikəndində doğulub. Orada tam orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Sonra müxtəlif hərbi hissələrdə Vətənin qulluğunda dayanıb. Həmişə zabit şərəfini yüksək tutub. 2016-cı ildə Ceyhun Camalov tarixi Aprel döyüşlərində iştirak edib. Bir-iki gün ərzində özünün vətənpərvərliyini, döyüşçü-zabit keyfiyyətlərini, cəsurluğunu nümayiş etdirə bilib. “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı, “Qüsursuz xidmətə görə” hər 3 dərəcəli medallarla də təltif olunub.

Qubanın igid oğlu 5 il əvvəl – sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində hər zaman öndə gedən komandirlərdən olub. Cəbrayıl, Füzuli, Hadrut və Şuşanın işğaldan azad edilməsi döyüşlərində qorxmaz xüsusi təyinatlı kimi fərqlənib. 2023-cü ilin 19–20 sentyabr antiterror əməliyyatı və bir sıra mühüm döyüş əməliyyatlarında da yaxından iştirak edib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidlik və mərdlik nümunəsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə Ceyhun Camalova “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilib. Onun yaxasında həmçinin 3-cü dərəcəli “Rəşadət” ordeni, Cəbrayılın və Şuşanın azad olunmasına görə medallar bərq vurur.

Bu şəkil adi bir xatirə deyil, bütöv bir dastandır! Ruhun şad olsun, Qəhrəman Mehrab! Xidmətin uğurlu keçsin, Qəhrəman Ceyhun!

Ə.DOSTƏLİXQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
12
1
xalqqazeti.az

2Источники