RU

Yaponlara “Əliyən vəliyulla” dedirtmək planı

 

Dünən axşam internet resurslarında qarşıma “Günaz.TV”-nin bir videosu çıxdı, çox maraqlı və gülməliydi.

Videoda bir kişi farsca danışırdı, izahatdan belə məlum olurdu ki, o, İran siyasətçisidir və adı, siz də məni bağışlayın, Heşmətullah Falahatpişehdir. Məhz bu cür.

Bəs bu adam nədən danışırdı? Videoçıxışın qısa məzmununun tərcüməsi belədir: "Yaponiyada şiəliyi yaymaq üçün büdcədən milyonlarla dollar pul xərclədik. 6 il sonra dedilər, 1 nəfər dinini dəyişib. Sevinib araşdırdıq ki, görəsən, kimdir bu? Üzə çıxdı ki, o heç yapon belə deyilmiş".

Ağayi Falahatpişeh bunu qeyzlə söyləyirdi, güman ki, havaya sovrulan dollarlara görə yanıb-yaxılır, bu israfçılıqda (bildiyiniz kimi, islam dinində israfçılıq etmək günahdır) rolu olanları ittiham edirdi.

Doğrudan da bir dövlət özündən təyyarə ilə 12 saat 25 dəqiqəlik məsafədə olan bir ölkədə şiəlik məzhəbini niyə yaymaq istəsin? Tutaq ki, 1, 5 və ya 10 yapon oruc tutanda, namaz qılanda, nə bilim, dua edəndə hətmən “Əliyən vəliyulla” deyəcək, ya da Əbəlfəz Abbasa and içəcək. Belə olanda nə olacaqdı ki? Təsəvvür edin, Akiro Yasomoto müdiri Sukaru Takebusiyə deyir ki, patron, bu gün cümə günüdür, işləmirəm. O da səbəbini biləndə az qalır, xarakiri eləsin. (Xarakiri - klassik şairlərimizin ifadəsi ilə desək, “xəncər alıb bağırı teyləmək”dir).

Hələ başqa xoşagəlməz variantlar da var. Birdən Səudiyyə Ərəbistanı da milyonlarla pul töküb bir neçə yaponu sələfi məzhəbinə döndərəydi, onda nə olacaqdı? Heç nə. Bir də eşidəcəkdik ki, Tokioda məzhəb davası gedir: Ramazan ayı başladımı, başlamadımı, bayram namazı bu gün, yoxsa sabah qılınmalıdır, Ay görünübmü, görünməyibmi? Düzdür, yaponların çox dəqiq cihazları var, buna istinadla bəzi incəlikləri çözə bilərlər, amma Tehran icazə verməsə, şiə olan kəs Tokioda iftar aça bilməz.

Amma yaponlar da hələm-hələm din dəyişən kafir deyillər. Öz dinləri var – buddizm və sintoizm. Dindarların əksəriyyəti özlərini eyni anda hər iki dinə aid edirlər və dünyanın o başından gətirilmiş dinə elə də maraq göstərmirlər.

Bu baxımdan iranlı din xadimləri gərək yaponları “Əliyən vəliyulla” dedirtmək üçün o qədər xərc çəkməyəydilər.

Görünür, onların ağlı bizə gedib. Pul gücünə məzhəb və din dəyişmək işində, maşallah, bizimkilərə çatan olmaz.

Dədəsi, babası şiə olmuş N qədər adam tanıyıram, hazırda sələfidirlər və yerdə qalan şiə qohumlarını “rafizi” adlandırırlar. Hələ onlara hörmət qoyurlar, dindar olmayanları isə, ümumiyyətlə, kafir hesab edirlər.

Ola bilər, bir çoxu məzhəbini pula görə dəyişməyib, sırf bəsirət gözü açıldığı, gözəgörünməz tərəfindən bir şəkildə hidayət edildiyi üçün dəyişib.

Amma təxminən 20 il əvvəl Gəncədən göndərilmiş bir şəkildə bir şadlıq sarayını Avropa zalını dolduracaq qədər adamın “Yəhova şahidləri” sektasının üzvləri kimi ibadət etdiyi əks olunmuşdu. Şəkili mənə göndərən adam “baxın, din əldən gedir” deyə həyəcan təbili, döyüş şeypuru çalırdı, amma ona dedik ki, narahat olmasın, o sektanı maliyyələşdirənlər pulu kəsən kimi bu şəkildəkilərin hamısı Zazalıdakı İmamzadə türbəsinə sinə vurmağa gedəcək.

Elə də oldu. Bu gün görək Gəncədə 3 nəfər “Yəhova şahidi” varmı. Uzağı bir-iki nəfər olar, onlar da gizli-gizli ibadət edər, ta şadlıq sarayı kirayələməz.

Yeri gəlmişkən, bir ara Bakıda da küçə il getdiyin yerdə qabağını kəsirdilər ki, gəl bizim sektaya qoşul. Onlar o biri dinyayan ölkələrin pullarının hesabına fəaliyyət göstərən adamlar idi. Aralarında hər millətdən adamlar vardı – sarışın, qaraşın, qıyıqgöz, qıvrımsaç. Bizdən də əli aşağı olan, “havayı pula ehtiyac duyan” şakalar, qaqalar gedib o sektaya qoşulur, barınırdılar. Yox, vəd olunan pul verilmirdisə, ya da əvvəl-əvvəl verilir, sonra kəsilirdisə, bizimkilər çox ləngimirdilər, sektanın ofisinin çəçivəsindən içəri gprənlərin var-yoxuna söyüb çıxırdılar və təzə sekta axtarırdılar.

Bir dəfə bir cələkəsən tanışımın vəhhabilərə qoşulduğunu, cümə namazına getdiyini bildim, rastlaşanda soruşdum ki, nə məsələdir. Səmimi şəkildə dedi, əli aşağıdır, ona görə. Ona dedim ki, rəhmətliyin oğlu, bir gün Bağdadinin adamları qapına dayanacaq, deyəcəklər, gəl Suriyaya cihada get, səndə o hünər varmı. Nə qədər gec deyil, dedim, köhnə məzhəbinə qayıt. Qayıtdı. İndi ən azı başı salamatdır. Onun “prizıvnik”ləri isə Suriyada, İraqda həlak olublar.

Görəsən, yaponlar gəlib bu tərəflərdə pul gücünə sintoizmi yaysalar, necə olardı? Tenqriyə and olsun ki, mağıl, N qədər adam üçün dolanışıq yeri açılardı.

Избранный
16
musavat.com

1Источники