İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, 2026-cı il üçün dövlət büdcəsi layihəsi ölkə iqtisadiyyatında sabitlik, sosial rifah və müdafiə prioritetlərini əsas götürür.
QHT.az xəbər verir ki, onun sözlərinə görə, Maliyyə Nazirliyinin təqdim etdiyi layihə yalnız maliyyə sənədi deyil, həm də iqtisadi modelin çevrilmə mərhələsinə keçid strategiyası kimi dəyərləndirilə bilər. Ekspert qeyd edib ki, büdcə layihəsində dünya iqtisadiyyatında yaşanan qeyri-müəyyənliklər (pandemiya sonrası, ticarət gərginlikləri, neft qiymətlərində dəyişkənlik) nəzərə alınaraq konservativ senari götürülüb:
"Məsələn, neftin “çıxış qiyməti” (benchmark) əvvəlki illərə nisbətən daha aşağı səviyyədə götürülüb.Layihədə qeyri-neft gəlirlərinin payının artırılması önə çəkilib — illər üzrə bu sahədə sürətli artım müşahidə olunur. Məsələn, 2024-cü ildə qeyri-neft gəlirləri 19,2 milyard manata çatıb. Büdcə layihəsində 2026-cı il üçün qeyri-neft gəlirlərinin 13,3 milyard manata yaxın olacağı proqnozlaşdırılır, bu da 2025-lə müqayisədə artımı nəzərdə tutur. Sosial xərclər — pensiyalar, maaşlar, sosial yardım, səhiyyə və təhsil sahələri — büdcədə prioritet kimi saxlanılıb. Məsələn, sosial xərclərin dövlət büdcəsində payının 41.1 % olması planlaşdırılır".
Eyyub Kərimliyə görə, 2026-cı il büdcəsi Azərbaycan üçün sabitlik mərhələsinin qorunması və davamlı iqtisadi transformasiyanın başlanğıcı olacaq:
"Layihədə müdafiə və təhlükəsizlik xərclərinin artımı nəzərdə tutulub — sərhəd mühafizəsi, ordunun maddi-texniki təminatı, minalardan təmizləmə işləri və s. Xüsusilə işğaldan azad edilmiş torpaqların bərpası, orada məskunlaşma şərtlərinin yaradılması və sosial infrastrukturun qurulması büdcədə xüsusi yer tutur. Qeyri-neft gəlirlərinin artımına fokuslanma — iqtisadiyyatın neftdən asılılığının azaldılması baxımından müsbət addımdır. Sosial xərclərin qorunması — sabitlik və sosial risklərin azaldılması üçün vacibdir. Müdafiə və bərpa layihələrinin maliyyələşdirilməsi — daxili və xarici təhlükəsizlik aspektlərinə cavab verir. Regionların öz gəlirləri ilə işləməsinə keçid — 66 rayon və şəhər üçün 2026-cı ildə dövlət büdcəsindən süni subsidiyaların azaldılması planlaşdırılır".
Ardı var...