Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Qarabağ və Şərqi Zəngəzur bölgələrində "Böyük Qayıdış" proqramı uğurla icra olunur. Yeni şəhər və kəndlər salınır, müasir infrastruktur yaradılır, yollar, məktəblər, xəstəxanalar, hava limanları inşa edilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu ərazilərə mütəmadi səfərlər edərək görülən işlərlə yaxından tanış olur, bərpa prosesini şəxsən nəzarətdə saxlayırlar. Bu gün artıq Zəngilan, Laçın, Füzuli, Ağalı kimi yaşayış məntəqələrinə ilk sakinlərin qayıdışı başlayıb. Bu, təkcə azad edilmiş torpaqlara dönüş deyil, həm də xalqın tarixə, köklərinə, milli kimliyinə dönüşüdür. Qarabağda yenidən həyat qaynayır, üçrəngli Azərbaycan bayrağı hər yerdə qürurla dalğalanır.
Eyni zamanda, şəhid ailələri və müharibə iştirakçıları - qazilər dövlətimizin daimi diqqət və qayğısı ilə əhatə olunublar. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu kateqoriyadan olan insanlara xüsusi diqqət və hörmət göstərirlər. Onların sosial rifahının yüksəldilməsi, mənzil və avtomobillərlə təmin olunması, reabilitasiya və sağlamlıq proqramlarının həyata keçirilməsi, eləcə də Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə mənəvi və maddi dəstəyin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu, dövlətimizin şəhidlərimizin ruhuna və qazilərimizin qəhrəmanlığına olan ehtiramının bariz nümunəsidir. 8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının qürur, vətənpərvərlik və milli birliyinin simvoludur. Bu gün biz şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla anır, onların göstərdiyi qəhrəmanlığın əbədiliyinə inanırıq".