RU

BMT Əfqanıstan hakimiyyətini qızların təhsilinə icazə verməyə çağırır

Birləşmiş Millətlər Təşkilatı (BMT) Əfqanıstan hakimiyyətini qadınların təhsil almasına və əmək fəaliyyətinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa inandırmağa ümid edir.

Editor.az xəbər verir ki, bunu BMT baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsinin müavini və təşkilatın humanitar məsələlər üzrə koordinatoru İndrika Ratvatte açıqlamasında bildirib.

O qeyd edib ki, qadınların təhsil və məşğulluq imkanlarının məhdudlaşdırılması qəbuledilməz siyasətdir, çünki bu, əfqan qadınlarının cəmiyyətdə iştirakına və ölkənin iqtisadi inkişafına töhfə verməsinə ciddi maneələr yaradır.

“Mən ardıcıl şəkildə de-fakto hakimiyyəti bu məhdudiyyətləri aradan qaldırmağa çağırıram”, – deyə Ratvatte vurğulayıb.

Diplomatın sözlərinə görə, Əfqanıstan rəhbərliyinin 2022 və 2023-cü illərdə qəbul etdiyi fərmanlar nəticəsində qadınların vətəndaş cəmiyyəti təşkilatlarında və sonradan BMT agentliklərində işləməsinə qadağalar qoyulub, həmçinin onların orta və ali təhsil alması məhdudlaşdırılıb.

Bununla belə, o əlavə edib ki, hazırda səhiyyə və təhsil sahələrində çalışan qadınlar üçün müəyyən istisnalar tətbiq olunur.

Xatırladaq ki, “Taliban” (bir sıra ölkələrdə terror təşkilatı kimi tanınır) əvvəllər Əfqanıstan universitetlərində qadınların təhsil almasını qadağan etmişdi.

//Gülnarə Abasova, Editor.az

Избранный
37
editor.az

1Источники