RU

Zəfərdən sonra Şuşa – dirçəliş, quruculuq və gələcəyə baxış



Şuşa şəhərinin 28 illik işğaldan azad edilməsi Azərbaycan tarixinin ən möhtəşəm hadisələrindən biridir. 8 Noyabr 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Şuşanı işğaldan azad etdi və bununla Vətən müharibəsində tarixi Zəfərimizin əsas zirvəsini formalaşdırdı. Şuşanın azad edilməsi hərbi strategiya, qəhrəmanlıq, iradə və milli birlik nümunəsi kimi dünya hərb tarixinə düşmüşdür.
Bu qələbə nəticəsində Şuşa yenidən dirçəliş və yüksəliş mərhələsinə qədəm qoydu. Prezident İlham Əliyevin Şuşanı “Azərbaycan mədəniyyətinin incisidir” sözləri, şəhərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən strateji hədəfləri göstərir. Şuşanın bərpası və yenidən qurulması dövlətimizin prioritet vəzifələrindən biri kimi həyata keçirilir. Tarixi abidələr bərpa olunur, məscidlər təmir edilir, Şuşanın əvvəlki mədəni siması geri qaytarılır. Yollar, kommunal infrastruktur, yaşayış kompleksləri tikilir, ictimai-mədəni layihələr ardıcıl şəkildə reallaşdırılır.
2021-ci ilin Azərbaycanda “Şuşa ili” elan edilməsi, “Xarıbülbül” musiqi festivallarının bərpası, beynəlxalq tədbirlərin keçirilməsi şəhərin yenidən mədəniyyət mərkəzinə çevrilməsini təmin etmişdir. Bu gün Şuşa yalnız bərpa olunmur, həm də regionun mədəni, turizm və intellektual mərkəzi kimi inkişaf edir. Şuşanın dirçəlişi – Azərbaycan dövlətinin gücünün, xalqımızın birliyinin və tarixi ədalətin bərpasının simvoludur.
Bu gün Şuşa azərbaycançılığın ən uca rəmzi, qələbənin zirvəsi, gələcək nəsillər üçün örnək bir tarixdir. Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhu qarşısında minnətdarlıqla baş əyir, qazilərimizin igidliyini qürurla xatırlayırıq. Onların fədakarlığı nəticəsində Şuşa bu gün azaddır, Azərbaycan bayrağı Şuşanın səmasında əbədi dalğalanır.

Rövşən Qasımov,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi.




Избранный
56
2
aia.az

3Источники