RU

Zəfərin 5 ili: “Aztelekom” Böyük Qayıdışa töhfə verməyə davam edir

Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən beş il ötür. 

Modern.az xəbər verir ki, bu illər ərzində azad edilmiş ərazilərdə həyat yenidən canlanır, şəhərlər və kəndlər müasir infrastrukturla bərpa olunur. AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC də bu prosesdə fəal iştirak edərək “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında rabitə və internet infrastrukturunun qurulması istiqamətində ardıcıl işlər görür. 

Hazırda ümumilikdə 9 şəhər, 18 kənd və qəsəbə rabitə xidmətləri ilə təmin olunub. İnfrastrukturdan 6020 abunəçi istifadə edir. Onlardan 1022 nəfər əlavə olaraq telefon, 1316 nəfər isə İPTV xidmətlərindən yararlanır.

Bölgələrdə quraşdırılmış 19 OLT (Optik Xətt Terminalı) avadanlığı vasitəsilə müasir GPON (Giqabit Tutumlu Passiv Optik Şəbəkə) texnologiyası üzərindən sabit və sürətli internet bağlantısı yaradılıb.

Qarabağ regionu üzrə layihənin 2025-ci il üçün nəzərdə tutulan mərhələsində 22 şəhər və rayonlararası magistral xəttin tikintisi planlaşdırılıb. Onlardan 6 magistralda işlər artıq yekunlaşıb, 7 istiqamətdə tamamlanma mərhələsindədir, 8 istiqamətdə tikinti davam edir, 1 magistral üzrə isə işlərin ilin sonunadək başlanması planlaşdırılır. Ümumi uzunluğu 680 kilometr olan fiber-optik magistral şəbəkə bölgənin davamlı və təhlükəsiz rabitə təminatını gücləndirəcək.

Şirkət gələcək illərdə də bu istiqamətdə fəaliyyətini genişləndirərək regionda müasir və dayanıqlı rabitə infrastrukturunun tam formalaşdırılmasına töhfə verəcək.

Избранный
12
7
modern.az

10Источники