RU

“Tort böyüyür, Gürcüstan da pay alacaq” - RƏY

Zəngəzur dəhlizi bölgəni dəyişir, rəqabət yox, sinerji yaranacaq

“Dəhliz açılarsa, Cənubi Qafqaz birləşəcək. Sərhədləri bağlayan yox, açan siyasət qalib gələcək”


Ermənistan, Azərbaycan və Türkiyə arasında yeni marşrutların açılmasından sonra Gürcüstan tranzit yüklərinin 20 faizə qədərini itirmək riski ilə üzləşir. Bunu Nəqliyyat Dəhlizləri Tədqiqatları Mərkəzinin direktoru Paata Tsaqareişvili “Orbeli: Sülhün və çoxtərəfli əməkdaşlığın qurulması” illik beynəlxalq forumunda deyib. QHT rəhbəri bildirib ki, bölgədəki nəqliyyat əlaqələri açılarsa, ilk olaraq avtomobil marşrutları fəaliyyətə başlayacaq. Onun sözlərinə görə, dəmir yolu əlaqəsinin işə salınması isə təxminən beş-altı il çəkəcək, çünki Ermənistan hissəsi hələ də qeyri-müəyyən vəziyyətdədir: 

"Region ölkələri bu vaxtdan logistika marşrutlarını təhlil etmək və yenidən qurmaq üçün istifadə edir. Ermənistan və Azərbaycan arasında yeni marşrutlar qaçılmaz olaraq Gürcüstandan keçən yük axınını azaldacaq - itkilər təxminən 1,5-2 milyon ton təşkil edə bilər. İtkilər Orta dəhlizin tranzit axınının 15-20 faizinə bərabərdir. Gürcüstan ərazisindən hər il təxminən 18-20 milyon ton yük daşınır. Bu miqyaslı itkilər olduqca ciddidir. Gürcüstan bu gün rəqabət qabiliyyətini qorumaq üçün addımlar atmalıdır. Tarif siyasətini yenidən nəzərdən keçirməli, infrastrukturu inkişaf etdirməli və yük daşıyıcıları üçün stimullar təmin etməlidir". 

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Şərq"ə deyib ki, Zəngəzur dəhlizinin açılacağına dair xəbərlər təkcə Azərbaycanda deyil, bütün regionda ciddi maraq və müzakirə doğurub. Lakin ekspertə görə, bu proses bəzən yanlış anlaşılır, xüsusilə də Gürcüstanda müəyyən narahatlıqlara səbəb olur:

 "Gürcüstan ictimai-siyasi dairələrinin bir hissəsində belə fikir formalaşıb ki, dəhliz işə düşdükdən sonra ölkənin tranzit mövqeyi zəifləyəcək, yəni onun üzərindən keçən yüklərin həcmi azalacaq. Əslində, bu yanaşma reallığı tam əks etdirmir. Zəngəzur dəhlizi regional iqtisadi sistemin bir hissəsi kimi, əksinə, Cənubi Qafqazı dünya logistik xəritəsində daha mühüm mərkəzə çevirəcək. Dəhlizin işə düşməsi ilə mövcud nəqliyyat yolları arasında rəqabət deyil, sinerji yaranacaq. İndiyədək Azərbaycan, Orta Asiya və Türkiyə istiqamətli yüklərin əksəriyyəti Gürcüstan üzərindən daşınırdı. Əgər əvvəllər 5 vahid yükün hamısı bu marşrutla keçirdisə, Zəngəzur dəhlizi fəaliyyətə başladıqdan sonra bu nisbət dəyişəcək: 3 vahid yük Zəngəzur dəhlizindən, 2 vahid isə Gürcüstandan keçə bilər. Amma bu, Gürcüstan üçün itki deyil. Yeni dəhliz yeni bazarlar, yeni tranzit axınları və əlavə gəlir imkanları yaradır. Çünki Zəngəzur dəhlizinin açılması ilə regionda ümumi daşınma həcmi artacaq. Qısası, tort böyüyəcək və bu böyüklükdən Gürcüstan da pay alacaq".
S.Əsədli vurğulayıb ki, dəhliz fəaliyyətə başladıqdan sonra Bakı-Tbilisi-Qars xətti və digər mövcud nəqliyyat arteriyaları ilə sinxron iş daha səmərəli olacaq: "Bu isə Gürcüstan üçün iqtisadi əməkdaşlıq imkanlarını genişləndirəcək və ölkənin regional layihələrdəki çəkisini qoruyacaq. Əslində, Gürcüstanı narahat edən məsələ iqtisadi yox, siyasi xarakter daşıyır. Tbilisi rəhbərliyi hələ də Qərb və Rusiya arasında balanslı siyasət yürütməkdə çətinlik çəkir. Rusiya ilə münasibətlərdəki qeyri-müəyyənlik, Qərblə əməkdaşlıqda isə ləngimələr, Gürcüstanın regiondakı rolunu müəyyən qədər zəiflədib. Hazırda bütün əsas infrastruktur və nəqliyyat xətləri hələ də Gürcüstandan keçir. Zəngəzur dəhlizinin açılması isə bu mövqeyi birdən-birə dəyişməyəcək. Əksinə, bu layihə regionda sabitliyin və qarşılıqlı asılılığın dərinləşməsinə xidmət edə bilər".

Analitik qeyd edib ki, Zəngəzur dəhlizi təkcə Azərbaycan və Türkiyəni birləşdirmir:

"Bu, Orta Asiya ölkələri üçün də Avropa bazarlarına daha qısa və təhlükəsiz çıxış imkanı yaradır. Eyni zamanda İran, Rusiya və Çin kimi güclər də bu marşrutda maraqlıdır. Bu baxımdan dəhliz Cənubi Qafqazı beynəlxalq nəqliyyat şəbəkələrinin kəsişmə nöqtəsinə çevirəcək. Uzunmüddətli perspektivdə həm Zəngəzur, həm də Bakı-Tbilisi-Qars marşrutu paralel şəkildə fəaliyyət göstərəcək. Hər iki xəttin işləməsi region ölkələrinin iqtisadi təhlükəsizliyini möhkəmləndirəcək, enerji və ticarət axınlarını şaxələndirəcək. Gürcüstanın narahat olmağa heç bir ciddi səbəbi yoxdur. Əksinə, Zəngəzur dəhlizi həm bu ölkə, həm də bütün region üçün yeni əməkdaşlıq imkanları açır. Əsas məsələ, siyasi iradənin və qarşılıqlı etimadın gücləndirilməsidir. Cənubi Qafqazın gələcəyi məhz belə inteqrasiya layihələrindən, sərhədləri bağlayan deyil, açan siyasətdən asılı olacaq. Zəngəzur dəhlizi də bu istiqamətdə atılmış ən mühüm addımlardan biridir-iqtisadi inkişafın, regional sabitliyin və birgə rifahın simvolu kimi".

İsmayıl Qocayev

Избранный
32
1
sherg.az

2Источники