RU

Səttar Möhbalıyev: Üçrəngli Bayrağımız Müstəqil Azərbaycanın Şərəf və Qürur simvoludur



9 noyabr – Azərbaycan xalqının tarixi yaddaşında, milli mənəviyyatında və dövlətçilik düşüncəsində ən uca rəmzlərdən biri olan Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu gün təkcə bir simvolun doğum tarixi deyil, eyni zamanda müstəqil Azərbaycan dövlətinin ideya köklərini, tarixi davamlılığını və milli özünüdərkini təcəssüm etdirən gündür. Ulu Öndər Heydər Əliyev bu rəmzin mənəvi və siyasi mahiyyətini belə ifadə etmişdi: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir... Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, Azərbaycan Dövlət Bayrağının tarixi Azərbaycan Xalq Cümhuriyyətinin şanlı səhifəsi ilə başlanır. 1918-ci il noyabrın 9-da qəbul edilən üçrəngli bayraq, gənc Cümhuriyyətin istiqlal ideologiyasını, millətinin mənəvi və mədəni dəyərlərini özündə birləşdirən əbədi rəmz oldu. Bu bayrağın rənglərində türklüyümüzün kökü, müasir düşüncəmizin istiqaməti, İslam mədəniyyətinə mənsubiyyətimiz birləşərək bütöv bir milli konsepsiya yaratdı. “Türkçülük, müasirlik, islamçılıq” ideyasının müəllifi Əli bəy Hüseynzadənin təfəkküründən doğan bu simvol, milli istiqlal ideologiyasının həm mənəvi dayağı, həm də dövlətçilik fəlsəfəsinin özəyinə çevrildi. Lakin tarix Azərbaycan xalqına asan yol vəd etmədi. 1920-ci ilin aprelində Cümhuriyyət süqut etdikdən sonra üçrəngli bayrağımız da dövlət atributu kimi qadağan olundu. Amma bu bayraq xalqın yaddaşından, ürəyindən, inancından heç vaxt silinmədi. O, milli ruhun sönməz çırağı kimi yaşadı və nəhayət, 1990-cı ildə yenidən tarix səhnəsinə qayıtdı. Bu Ulu Öndər Heydər Əliyevin Bayraqdar missiyası kimi Naxçıvandan başlanan dirçəliş kimi tarixə yazıldı. Azərbaycan Xalq Cümhuriyyətinin milli bayrağını dövlət atributu kimi ilk qaldıran məhz Ulu Öndər Heydər Əliyev oldu. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında o, üçrəngli bayrağı dövlət rəmzi kimi təsdiq etməklə Azərbaycanın müstəqillik yolunda dönüş nöqtəsini yaratdı: “Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq.” Bu tarixi qərar, sadəcə bir siyasi addım deyildi – o, xalqın milli ruhunun oyanışını, dövlətçilik yaddaşının bərpasını simvolizə etdi. Ulu Öndərin təşəbbüsü ilə “Sovet Sosialist” ifadəsi Naxçıvanın adından çıxarıldı, milli bayraq isə muxtar respublikanın rəsmi simvolu elan olundu. Qısa müddət sonra – 1991-ci ilin fevralında bu bayraq artıq bütün Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edildi.

Millət vəkili onu da deyib ki, Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də qəbul etdiyi “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə öz varisliyini rəsmi şəkildə elan etdi. Bununla da Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bayrağı müstəqil Azərbaycanın da rəsmi bayrağı kimi təsbit olundu. Konstitusiyanın 23-cü maddəsi və 2018-ci ildə qəbul edilən “Dövlət Bayrağının təsviri haqqında” qanunla bayrağımızın forması, rəngləri, nisbəti və simvolikası hüquqi baxımdan tənzimləndi. Mavi – mənsub olduğumuz türk kökünü, Qırmızı – müasir dünyaya inteqrasiya və inkişafı,

Yaşıl – İslam dəyərlərinə sadiqliyimizi ifadə edir. Bu üç rəng birləşərək Azərbaycan xalqının mənəvi bütövlüyünü, tarixi varisliyini və müstəqil dövlətçiliyini əbədiləşdirir. Ulu Öndər Heydər Əliyev Azərbaycan bayrağının mahiyyətini belə ifadə edirdi: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə o, bu bayraq altında birləşməlidir.” Bu fikir “azərbaycançılıq” ideologiyasının əsas sütunlarından biridir. Bayraq milli həmrəyliyin, birlik və vətəndaş məsuliyyətinin rəmzidir. Hər bir vətəndaşın dövlət rəmzinə hörməti Konstitusiya ilə təsbit olunmuş vətəndaşlıq borcudur. 2009-cu ildə cənab Prezident İlham Əliyevin Sərəncamı ilə 9 noyabrın Dövlət Bayrağı Günü kimi qeyd olunması bu rəmzə verilən ali siyasi və mənəvi dəyərin ifadəsidir. Cənab Prezident İlham Əliyevin bayraq fəlsəfəsi bu gün qürur, suverenlik, qələbə ilə nəticələnib. Cənab Prezident İlham Əliyev üçün bayraq yalnız rəmz deyil, həm də xalqın iradəsinin, dövlətin suverenliyinin və qalibiyyətin ifadəsidir. 2010-cu ildə Dövlət Bayrağı Meydanının açılışında cənab Prezident belə demişdi: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. O, Şuşada, Xankəndidə dalğalanacaqdır!” Bu sözlər o zaman gələcəyin böyük Zəfərinin siyasi anonsu idi. 2020-ci ildə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımız işğaldan azad ediləndə, həmin bayraq doğrudan da Şuşada, Xankəndidə, Laçında, Zəngilanda, Füzulidə dalğalandı. Bu mənzərə dövlət rəmzimizin tarixi qisas və milli qürur simvoluna çevrildiyini sübut etdi. Beləliklə Bayrağımız qalibiyyətin, milli kimliyin və sabaha inamın rəmzi nə çevrildi. Bu gün üçrəngli bayraq Azərbaycanın hər qarışında, hər evində, hər ürəkdə ucalır. O, bizim qələbəmizi, birliyimizi, dövlətçiliyimizi, sabaha inamımızı ifadə edir. Ulu Öndərin dediyi kimi; “Gərək hər bir evdə Azərbaycan Dövlətinin Bayrağı olsun. Bu bayraq hər bir ailənin həyatının əziz bir hissəsi olsun.” Bu çağırış bu gün reallığa çevrilib. Bayrağımız işğaldan azad olunmuş şəhərlərdə, dövlət binalarında, beynəlxalq təşkilatların qarşısında, dünya zirvələrində dalğalanır. Dövlət Bayrağı Günü təkcə bayraq sevgisinin deyil, həm də dövlətə, müstəqilliyə, milli kimliyə sədaqətin təntənəsidir.
Üçrəngli Azərbaycan bayrağı təkcə bir parça deyil. Bu, tariximizin qan yaddaşı, milli kimliyimizin ifadəsi, dövlətçiliyimizin dirənişidir. O, Ulu Öndərin ideyalarından doğan, cənab Prezident İlham Əliyevin siyasətində qələbə rəmzinə çevrilən milli müqəddəsliyin simvoludur. Bu bayraq yüksəkliklərdə əbədi dalğalanacaq, çünki bu bayrağı ucaldan xalq qalib xalqdır-deyə Səttar Möhbalıyev fikrini tamamlayıb.



Избранный
56
2
aia.az

3Источники