Ukraynanın Moskvanın enerji sektoruna qarşı kampaniyası niyə bu qədər təsirlidir...
Poliqon xəbər verir ki, Kolumbiya Universitetinin Qlobal Enerji Siyasəti Mərkəzinin tədqiqatçısı Tatyana Mitrova və Berlin Karnegi Avrasiya Mərkəzinin baş elmi əməkdaşı Sergey Vakulenko “Foreign Affairs” jurnalında dərc olunan məqalədə Rusiyanın enerji sektorunun dərin tənəzzülünü və Ukraynanın hədəfli dron kampaniyasının bu prosesdəki rolunu təhlil ediblər.
Müəlliflərin fikrincə, Ukraynadakı müharibənin Rusiya iqtisadiyyatına çoxsaylı təsirlərinə baxmayaraq, bu zəncirə yanacaq qıtlığı kimi gözlənilməz nəticə də əlavə olunub. Neftlə zəngin və enerji infrastrukturunu cəbhədən uzaqda saxlayan Rusiya uzun müddət ərzində Ukraynanın energetika sisteminə zərbələr endirirdi. Lakin 2024-cü ilin avqustundan etibarən Ukrayna Rusiyanın neft emalı zavodlarını (NEZ) sistemli şəkildə vurmağa başlayandan sonra ölkədə yanacaq çatışmazlığı gündəmin əsas mövzusuna çevrilib.
Oktyabrın sonuna qədər Ukrayna dronları Rusiyanın 38 iri NEZ-nin azı yarısına ən az bir dəfə zərbə endirib. Nəticədə emal həcmi iyulda sutkada 5,4 milyon bareldən sentyabrda 5 milyona düşüb. Bir çox regionlarda istehsal dayanıb, bəzi yanacaqdoldurma məntəqələrində isə yanacaq paylanması normaya salınıb.
Analitiklər qeyd edirlər ki, Ukraynanın bu uğurları Moskva üçün ciddi təzyiq yaratsa da, qısamüddətli perspektivdə Rusiya hökuməti vəziyyəti müxtəlif inzibati vasitələrlə taraz saxlamağa qadirdir. Lakin bu kampaniya uzunmüddətli planda Rusiya neft sektorunu dərin institusional və texniki aşınmaya məruz qoyur.
Neft var, amma yanacaq yoxdur
Rusiyanın “aşağı mərhələ” enerji infrastrukturu çox mürəkkəb sistemdir. Ölkənin sutkalıq 6,5 milyon barel emal gücü 40-a yaxın NEZ arasında paylanıb, əsas istehsal mərkəzləri Volqaboyu, Ural və Moskva ətrafındadır. Normal şəraitdə sistemdə müəyyən “ehtiyat yastığı” mövcuddur, lakin mövsümi tələbat dövrlərində bu balans pozulur.
Hazırkı yanacaq qıtlığı müharibə başlayandan bəri ən kəskin böhran hesab olunur və təkcə Ukrayna zərbələri ilə deyil, daxili bazardakı struktur problemlərlə də bağlıdır. Yay aylarında kənd təsərrüfatı və nəqliyyat tələbatının artması, NEZ-lərin təmir dayanacaqları və dron hücumları nəticəsində yaranan nəqliyyat ləngimələri bazarı sıx vəziyyətə salıb.
Hökumətin “qiymət amortizatoru” adlanan subsidiyalaşdırma siyasəti də bazar mexanizmlərini pozur. Dövlət qiymət sabitliyi naminə enerji şirkətlərinə təzyiq göstərir, bu da iri neft istehsalçılarının öz yanacaqdoldurma şəbəkələrini təmin edib müstəqil məntəqələrə satışları azaltmasına səbəb olur. Nəticədə ucqar regionlarda yanacaq qıtlığı daha kəskin hiss olunur.
Dronların qorxusu
Əsas dəyişiklik Ukraynanın uzaqmənzilli dron hücumlarını gücləndirməsidir. Əvvəllər Ukrayna yalnız sərhəddən 250 mil məsafədəki hədəfləri vura bilirdisə, indi hücumlar Sibirə qədər, o cümlədən Tümen bölgəsinə (1360 mil) qədər uzanır.
Volqoqrad NEZ kimi iri zavodlar son aylarda bir neçə dəfə zərbə alıb, hər dəfə bərpadan qısa müddət sonra yenidən vurulub. Bu cür təkrar hücumlar zavodları tam məhv etməsə də, onları daimi təmir rejimində saxlayır, eyni zamanda sanksiyalarla məhdudlaşdırılmış ehtiyat hissələri təchizatını daha da çətinləşdirir.
Ukraynanın dron kampaniyasının səmərəliliyi ABŞ kəşfiyyatının dəstəyi ilə xeyli artıb. İndi Ukrayna eyni vaxtda bir neçə NEZ-ə “arıkovanı” prinsipinə əsaslanan kütləvi hücumlar həyata keçirir, bu da Rusiya HHM sistemini doyuraraq onun effektivliyini azaldır.
Min kəsikdən ölüm
Ekspertlər vurğulayırlar ki, bu zərbələr Rusiya neft sektorunu dərhal çökdürməyəcək, lakin uzunmüddətli yıpratma effekti yaradır. NEZ avadanlıqları hər zərbədən sonra bərpa olunsa da, təkrarlanan istilik və soyutma dövrləri onların fiziki aşınmasını sürətləndirir.
Ukraynanın uğuru həm də “rəqəmlərin oyunu” ilə bağlıdır: bir NEZ-i sıradan çıxarmaq üçün minlərlə dron lazımdır. Çoxu vurulur, lakin az bir hissəsinin hədəfə çatması belə istehsalı uzun müddət dayandırmağa kifayətdir.
Rusiyanın HHM sistemi bütün NEZ-ləri eyni anda qoruya bilmir. Buna görə hökumət metal torlar və müvəqqəti qoruyucu konstruksiyalar quraşdırmaqla müdafiəni gücləndirməyə çalışır. Lakin bu, əsas problemi həll etmir.
Enerji dueli
Paradoks ondan ibarətdir ki, Ukraynanın bu kampaniyası Rusiyanın Ukraynanın enerji sisteminə qarşı apardığı kampaniyadan öyrəndiyi dərslər əsasında qurulub.
Kiyev bu hücumlarla Moskvaya eyni iqtisadi və simvolik itkiləri yaşatmaq niyyətindədir. Ukrayna üçün NEZ-lərə zərbələr Rusiya iqtisadiyyatına zərbə vurmaq, onun enerji ixracını çətinləşdirmək və logistika xərclərini artırmaq baxımından daha effektiv vasitə sayılır.
Son aylarda Ukrayna həmçinin neft ixrac infrastrukturuna – nasos stansiyalarına, liman terminallarına və Rusiya ilə işləyən tankerlərə qarşı hücumları artırıb. Tuapsedəki limanda türk tankeri zədələnib, həmçinin Kaspiy Boru Konsorsiumunun Novorossiysk ofisi və digər obyektlər də hədəf alınıb. Məqsəd həm iqtisadi, həm də psixoloji təzyiq yaratmaqdır.
Moskva isə cavab olaraq Ukraynanın qaz hasilat obyektlərini vurmağa başlayıb. Oktyabrda həyata keçirilən hücumlar nəticəsində Ukraynanın daxili qaz hasilatının 60 faizi sıradan çıxıb.
Sabitlik hər nə bahasına olursa-olsun
Sentyabrın sonuna Ukraynanın zərbələri Rusiyanın neft emalını təxminən 10 faiz azaldıb. Lakin hökumət vəziyyəti nəzarət altında saxlamağa çalışır. Dəyişən qiymətlər və defisit əsasən Cənubi Rusiya, Uzaq Şərq və Krım kimi regionlarla məhdudlaşıb.
Kreml daxili bazarı qorumaq üçün benzin ixracını müvəqqəti dayandırıb, daxili ehtiyatlardan istifadə edir və qiymətləri inzibati yolla tənzimləyir. Bununla belə, bu “əl idarəetməsi” sistemi sənayenin effektivliyini azaldır.
Sentyabrda hökumət kənd təsərrüfatı və ictimai nəqliyyat sektorlarına yanacaq prioriteti verən fövqəladə qərarlar paketi qəbul edib. Bu qərarlar qısamüddətli sabitlik yaratsa da, uzunmüddətli perspektivdə bazar mexanizmlərini sıradan çıxarır və şirkətləri investisiyaları təxirə salmağa məcbur edir.
Ekspertlərin fikrincə, bu, artıq sürətli dağılma deyil, səssiz aşınmadır — Rusiyanın enerji sektorunda “idarəetmə ilə saxlanılan sabitlik” mərhələsi başlayıb.
Neft dövlətinin daşlaşması
Müəlliflər hesab edirlər ki, Rusiya neft sənayesinin gələcək taleyini üç amil müəyyən edəcək:
Ukraynanın zərbə tempi — dron istehsalının və hücumların davamlılığı;
Rusiyanın bərpa imkanları — ehtiyat hissələrinin çatışmazlığı və təmir müddətləri;
Neft qiymətləri və OPEC+ siyasəti — qiymətlərin enməsi subsidiyaları və hərbi xərcləri çətinləşdirə bilər.
Əgər emal gücü daha da azalarsa, Rusiya aşağı keyfiyyətli yanacaq istehsalına keçə, Belarusdan idxalı artıra bilər. Lakin bu tədbirlər yalnız böhranı yüngülləşdirəcək, həll etməyəcək.
Müəlliflər yekun olaraq vurğulayırlar: Ukraynanın dron kampaniyası Rusiya neft sənayesini dərhal məhv etməsə də, onu tədricən iqtisadi və institusional iflic vəziyyətinə gətirir. Zavodlar işləyəcək, nasoslar yanacaq vuracaq, ixrac davam edəcək — amma artan xərclər, azalan səmərəlilik və dərinləşən köhnəlmə fonunda.
“Rusiyanın enerji superdövlət imici indi innovasiyalarla deyil, improvisasiyalar və inzibati əmrlərlə saxlanılır. Neft emalı sektorundakı bu səssiz, lakin dönməz tənəzzül Kreml iqtisadiyyatının öz metaforasıdır,” — deyə müəlliflər məqaləni yekunlaşdırır.
Poliqon.info