Tədqiqat göstərib ki, zədələr orqanizmə uzunmüddətli təsir göstərir və kişilərlə qadınlarda fərqli mexanizmlərlə baş verir...
Poliqon xəbər verir ki, Kanada McGill Universitetinin alimləri sinir zədələnmələrinin immun sistemin fəaliyyətinə uzunmüddətli təsir göstərə bildiyini müəyyən ediblər. “Neurobiology of Pain” jurnalında dərc olunan araşdırmaya görə, bu proses kişilər və qadınlar arasında bioloji fərqlər əsasında fərqli şəkildə baş verir.
Alimlər bildiriblər ki, sinirlərin dartılması, sıxılması və ya kəsilməsi nəticəsində yaranan zədələr çox vaxt xroniki ağrılara səbəb olur. Bu prosesin mexanizmini daha dərindən anlamaq üçün tədqiqatçılar laboratoriya siçanları üzərində eksperiment aparıblar.
Analizlər göstərib ki, sinir zədələnməsindən sonra siçanların qan nümunələrində sistemli iltihab əlamətləri yaranıb. Ən maraqlı məqam odur ki, erkək siçanlarda iltihab göstəriciləri kəskin şəkildə yüksəlib və uzun müddət yüksək qalıb, qadın siçanlarda isə bu göstəricilərdə demək olar ki, dəyişiklik müşahidə edilməyib.
Tədqiqat zamanı zədələnmiş siçanların qanı sağlamlara köçürüldükdə, hər iki cinsdən olan sağlam siçanlarda ağrıya qarşı həssaslıq artıb. Bu, alimlərə əsas verib ki, ağrı reaksiyasını yaradan mexanizm qan vasitəsilə ötürülür, lakin kişilərlə qadınlarda fərqli bioloji yollarla işləyir.
Alimlərin fikrincə, bu dəyişikliklər immun sistemin uzunmüddətli fəaliyyətinə təsir göstərərək narahatlıq, depressiya və digər xroniki xəstəliklərin yaranma riskini artıra bilər.
“Sinir zədələnmələrinə qarşı immun reaksiyada cinsi fərqlərin öyrənilməsi xroniki ağrıların müalicəsində fərdiləşdirilmiş yanaşmanı mümkün edəcək. Əgər immun cavab cinsdən asılıdırsa, terapiya da bu amili nəzərə almalıdır”, deyə tədqiqatın həmmüəllifi, McGill Universitetinin Ağrı Araşdırmaları kafedrasının professoru Ceffri Moqil bildirib.
Poliqon.info